Teatrın geyim sexi səhnə əsərlərindəki obrazların xarakterini və dövrün ruhunu vurğulayan, eskizlər əsasında geyimləri hazırlayan və saxlayan əsas yaradıcı-istehsalat bölməsidir. Bu bölmə tamaşanın vizual uğurunda mühüm rol oynayır. Əbəs yerə deməyiblər ki, “Teatr asılqandan başlayır”. Müsahibimiz Tehranə İbrahimova artıq 10 ildir ki, Bakı Uşaq və Gənclər Teatrında kostyum otağının müdiri vəzifəsində çalışır.
Moderator.az-a açıqlamasında Tehranə xanım deyir ki, uşaqlıqdan sevərək izlədiyi tamaşalara görə illər sonra o öz yolunu teatrdan salıb:
“Bakı Uşaq və Gənclər Teatrı mənim çalışdığım ilk sənət ocağıdır. Amma teatrla tanışlığım ilk deyil. Uşaqlıqdan istər canlı olaraq teatr səhnəsindən, istərsə də televiziyadan tamaşalar izləmişəm, həm sevərəkdən, həm də heyranlıqla. Hətta teatrımızın rəhbəri İntiqam Soltan cənablarını da mən məktəb illərimdə televiziyada bir zamanlar baxdığım, adını səhv xatırlamıramsa "Al papaq, çal papaq, gül papaq " tamaşasından qiyabi olaraq tanıyırdım. Artıq 10 ildir ki, bu teatrda fəaliyyət göstərirəm. Çətin deyil, amma məsuliyyətli, bununla yanaşı həm qürurverici, həm əyləncəli, həm də daha çox uşaq tamaşaları olduğundan sevərəkdən can yandırdığım işdir” deyə o bildirib.
O daha sonra teatrdakı iş prosesindən danışıb:
“Geyimləri mən seçmirəm, çünki hər bir tamaşa üçün geyimlər teatrın rəssamı tərəfindən eskiz verilərək tikilir, tamaşanın rejissoru tərəfindən təsdiqlənir. Sonra da onların saxlanması, təmizliyi, səliqə-səhmanı və tamaşa zamanı aktyorlara təqdim olunması işi mənə təhvil verilir. Geyim otağında hər tamaşaya məxsusi geyimlər, baş örtüləri, aksesuarlar, qrim ləvazimatları, pariklər, bığ-saqqal, tamaşa ayaqqabıları saxlanılır. Rekvizit anbarında isə hər tamaşaya məxsusi səhnə pərdələləri, yer örtüləri, müxtəlif əşyalar, səhnə dekorları olur” deyə o bildirib.
Kostyum otağının müdiri deyir ki, bəzi hallarda tamaşa vaxtı yararsız hala düşən geyim anındaca bərpa olunur:
“Əlbəttə ki, geyim sıradan çıxıbsa əvvəlcədən bərpa olunur. Çox nadir hallarda geyimdə kiçik bir nə isə ola bilir. Tamaşa zamanı ya geyimdə sökük, ya rekvizitlərdə qopma olur. Onu da çalışırıq imkan dərəcəsində yerindəcə həll edək. Bilirsiniz ki, bizim teatrın əsas tamaşaçıları uşaqlardır. Ümumiyyətlə uşaqlar demək olar ki, onlar üçün təqdim olunan tamaşaları səbrsizliklə gözləyir və maraqla baxırlar. Hətta tamaşa zamanı personajlarla ünsiyyət qurmağa çalışırlar, sanki tamaşadakı həmin hadisələrin içinə daxil olurlar. Obrazların sonra nə edəcəkləri onlara çox maraqlı gəlir. Misal üçün: "Zamanda səyahət" adlı tamaşanın geyimləri uşaqların marağına səbəb olur, hansı ki, orada Osmanlı sərkərdəsi, Şah İsmayıl, yadplanetli, robot obrazları var. Sonra "Dovşanın evi" tamaşasında kiçik bir səhnəcik var ki, orda tamaşaya baxan uşaqlardan 1-2-si seçilir və cücə geyimləri geyinərək həmin səhnəcikdə iştirak edirlər. Uşaqlar bu məqamı daha çox səbirsizliklə gözləyirlər” deyə Tehranə İbrahimova deyib.