“Ömrünü keçəyə bağlamışdı, arzuları çox idi”-koronavirusdan dünyasını dəyişən Rauf İsmayılovun doğum günüdür-FOTO+ÖZƏL
28 Jun 2026, 17:20 32 baxış 5 dəq oxuma
“Azərbaycanda keçə sənəti Rauf İsmayılovun adı ilə bağlıdır. Rauf müəllim yaşasaydı onun 69 yaşını qeyd edəcəkdik. Əfsuslar olsun ki, koronavirus bir çox sənət insanlarını doğmalarından ayırdığı kimi, Rauf İsmayılovu da bizdən ayırdı. Onun fəaliyyət göstərdiyi dövrdə bu sahədə digər bir sənətkar yox idi. 80-ci illərdən son 6-7 ilə qədər bu belə idi. Amma indi böyük miqyaslı, mükəmməl şəkildə olmasa da bu sənətlə məşğul olanlar var. Onlar da ara-sıra dekorativ tətbiqi sənətlə bağlı sərgilər olanda işlərini nümayiş etdirirlər. Bu işlə məşğul olanlar əsasən xanımlardır. Mən sənətşünas deyiləm, amma deyə bilərəm ki, uğurlu işləri də var. Rauf müəllim hər zaman qeyd edirdi ki, rəssam öz əsərini hazırlayıb başa çatdıranda ona xüsusi məhəbbət verməlidir. Məhəbbət və sənət eşqi olmadan heç bir əsər yaratmaq mümkün olmayacaq. Həqiqətən də belə idi. lə gün olurdu ki, Rauf müəllim səhəri gözü ilə açırdı. Keçəçilik Rauf müəllimin həyatı idi. O uzun illər özünü rəssamlığın müxtəlif sahələrində axtardı və nəhayət ki, keçəçilik sənətində dayandı. O bilirdi ki, bu sənətə diqqət və qayğı daha çox olmalıdır. Bir gün emalatxanaya getməyəndə o qədər darıxırdı ki”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın ilk keçəçi rəssamı Rauf İsmayılovun ömür-gün yoldaşı Xanım İsmayılova deyib.
O daha sonra əlavə edib:
“İllər, əsrlər keçsə də onun keçə üzərində bədii nümunələri həmişə qalacaq və hər kəs onu bu sənətin yaradıcısı kimi xatırlayacaq. Rauf müəllim hər zaman axtarışda idi. Keçə sənətini təkbaşına öyrənmişdi. Amerikadan tutmuş Danimarka, Türkiyə, İsveçrə, Şimali Kipr və bir çox xarici ölkələrdə sərgilərdə iştirak etmişdi. O özü də bilirdi ki, bu sahədə yeganə və sonuncu rəssamdır. Amma yenə də təvazökarlıq göstərirdi.. Rauf İsmayılov Qərb universitetinin, Mədəniyyət və İncəsənət universitetinin baş müəllimi idi. Tələbələrinə qarşı çox diqqətli idi. Bütün biliyini, təcrübələrini onlara öyrədirdi. Onlardan tələb edirdi ki, bu sənətin incəliklərini tələbələr ondan soruşsunlar. Rauf İsmayılov öz dahilik yolunu özü cızmışdı. Onun yaratdığı nadir sənət nümunələri hər kəsi heyran qoyurdu. Bir neçə il əvvəl Əməkdar Mədəniyyət işçisi, “Şöhrət” ordenli, Xalça muzeyinin keçmiş direktoru Röya Tağıyevanın rəhbərliyi ilə “Sənəti yaşadan unudulmaz” adlı sərgi təşkil olundu və Rauf İsmayılovun bir çox əsərləri orada nümayiş etdirildi. Deyirlər sənətkar dünyasını dəyişəndən sonra yaşayır. Həqiqətən də Rauf İsmayılov adı, irsi bu gün yaşadılır və gələcək nəsillərə bir örnək kimi ötürülür. Milli mədəni irsimizə sənət inciləri ilə töhfə vermiş sənətkar Rauf İsmayılov ərsəyə gətirdiyi hər bir işinin detalında yaşayır. Rauf müəllim bu sahəyə maraq göstərən gəncləri çətinlikdən qorxmamağa çağırırdı. Onun əsərləri dünyanın müxtəlif ölkələrindəki muzeylərdə və şəxsi ekspozisiyalarda saxlanılır” deyə rəssamın həyat yoldaşı bildirib.
Qeyd edək ki, R.İsmayılov 1957-ci ildə Mingəçevir şəhərində anadan olub. 1974–1976-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1980–1986-cı illərdə Muxina adına Sankt-Peterburq Rəssamlıq İnstitutunun hazırlıq şöbəsində, 1986–1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin xalçaçı-rəssam fakültəsində təhsil alıb. Azərbaycanda Xalça sənətinin əsasını qoyan Lətif Kərimovdan bu sənətin sirlərini öyrənib. Keçədən hazırlanan yüzlərlə əsərin müəllifi olan R.İsmayılov "Ana məhəbbəti", "Hünər meydanı", "Fəryad", "Gəl rəqs edək", "Gecə görüntüləri", "Qurtuluş", "Məhəbbət sorağında", "Tənha ağac" və s. əsərlərin müəllifidir. 2002-ci ildə "Humay" milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi Soltan Məhəmməd adına xüsusi mükafata, 2005–2006-cı illərdə İran İslam Respublikasının, 2006-cı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb. 2006-cı ildə Bakı şəhərində "Həyatın bir anı", 2009-cu ildə "Ulu sənət", 2010-cu ildə "Ulu xalq – ulu sənət" adlı fərdi sərgiləri təşkil olunub.