Mədəniyyət evində bağçanın fəaliyyətinin hüquqi əsaslarına aydınlıq gətirilməlidir- Vəkil
28 Jun 2026, 19:46 29 baxış 6 dəq oxuma
Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində uşaq bağçasının fəaliyyət göstərməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bir sıra ziyalılar və ictimai xadimlər mədəniyyət ocaqlarının əsas funksiyasından uzaqlaşdırılmasının yolverilməz olduğunu bildirirlər.
Mövzu ilə bağlı Moderator.az-a vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İlhamə Həsənova açıqlama verib.
Vəkil bildirib ki, hesab edirəm ki, bu məsələyə emosional deyil, ilk növbədə hüquqi müstəvidə yanaşmaq lazımdır:
"Son günlər Qızıldaş Mədəniyyət Mərkəzində uşaq bağçasının fəaliyyət göstərməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Burada əsas sual bağçanın fəaliyyət göstərib-göstərməməsi deyil, həmin fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilib-edilməməsidir.
Mədəniyyət evləri və mədəniyyət mərkəzləri təsadüfi məqsədlər üçün yaradılmır. Onların əsas funksiyası vətəndaşların mədəni həyatının təşkili, yaradıcılığın inkişafı, müxtəlif dərnəklərin, studiyaların, konsertlərin, sərgilərin və digər mədəni tədbirlərin keçirilməsidir. Bu müəssisələr dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsində mühüm rol oynayır və onların təyinatı qanunvericiliklə müəyyən olunmuş məqsədlərə xidmət etməlidir.
Əlbəttə, praktikada dövlət və ya bələdiyyə mülkiyyətində olan binaların müəyyən hissələrinin icarəyə verilməsi halları mövcuddur. Lakin bu o demək deyil ki, həmin obyektlər öz əsas təyinatını itirməli və tamamilə başqa fəaliyyət sahəsinə çevrilməlidir. Əgər mədəniyyət evi faktiki olaraq uşaq bağçası, mağaza, mebel salonu və ya digər kommersiya obyektinə çevrilirsə, bu artıq həmin əmlakdan təyinatına uyğun istifadə edilib-edilməməsi məsələsini gündəmə gətirir".
İlhamə Həsənova vurğulayıb ki, beynəlxalq təcrübəyə baxdıqda görürük ki, mədəniyyət müəssisələrinin müəyyən hissələrinin əlavə xidmətlər üçün istifadəsinə rast gəlinir:
"Lakin bütün inkişaf etmiş hüquq sistemlərində əsas prinsip dəyişmir: mədəniyyət müəssisəsi öz əsas funksiyasını itirməməlidir. Əgər mədəniyyət evi faktiki olaraq bağçaya, mağazaya və ya başqa kommersiya obyektinə çevrilirsə, bu artıq həmin obyektin ictimai təyinatına uyğun istifadəsi ilə bağlı ciddi hüquqi suallar yaradır. Hesab edirəm ki, Azərbaycanda da bu məsələyə məhz bu prizmadan yanaşılmalı, hər bir konkret hal qanunvericiliyin tələbləri və dövlət əmlakının təyinatı baxımından ayrıca qiymətləndirilməlidir
Bu səbəbdən hesab edirəm ki, ilk növbədə aidiyyəti dövlət qurumları bir neçə vacib məsələyə aydınlıq gətirməlidirlər.
Həmin binada uşaq bağçasının fəaliyyət göstərməsi üçün hüquqi əsas varmı? Obyekt qanuni qaydada icarəyə verilibmi? Binanın təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunubmu? Bağçanın fəaliyyət göstərməsi üçün təhsil, sanitariya-epidemioloji, yanğın təhlükəsizliyi və digər məcburi tələblər tam şəkildə təmin edilibmi? Bu suallar cavablandırılmadan hər hansı qəti nəticəyə gəlmək düzgün olmaz. Digər mühüm məqam ondan ibarətdir ki, məktəbəqədər təhsil fəaliyyəti xüsusi hüquqi tənzimlənən sahədir. Belə müəssisələrin fəaliyyəti müvafiq dövlət nəzarəti altında həyata keçirilməli, uşaqların təhlükəsizliyi, sağlamlığı və təhsil hüququ tam təmin olunmalıdır".
Vəkil onu da qeyd edib ki, bu baxımdan yalnız fəaliyyət göstərmək kifayət etmir, həmin fəaliyyət qanunun müəyyən etdiyi bütün tələblərə cavab verməlidir:
"Şübhəsiz ki, burada söhbət təkcə bir bağçadan getmir. Əgər mədəniyyət müəssisələri zaman keçdikcə öz əsas funksiyasını itirərək müxtəlif kommersiya fəaliyyətləri üçün istifadə olunursa, bu artıq dövlətin mədəniyyət siyasəti baxımından da narahatlıq doğuran məsələdir. Çünki mədəniyyət evləri gələcək nəsillərin yaradıcılıq mühitinin formalaşdığı, gənclərin incəsənətə və milli-mədəni dəyərlərə cəlb olunduğu ictimai məkanlardır. Onların bu funksiyasının zəifləməsi uzunmüddətli perspektivdə cəmiyyət üçün arzuolunan nəticələr vəd etmir.
Bu məsələnin obyektiv araşdırılması həm cəmiyyətin, həm də həmin müəssisənin maraqlarına uyğundur. Əgər fəaliyyət tam qanunidirsə, bu, müvafiq sənədlərlə ictimaiyyətə açıqlanmalıdır. Əgər qanunvericiliyin tələblərindən kənara çıxan hallar mövcuddursa, aidiyyəti dövlət orqanları tərəfindən hüquqi qiymət verilməli və qanunun tələblərinə uyğun tədbirlər görülməlidir.
Qanunun aliliyi prinsipi tələb edir ki, dövlət əmlakından istifadə də, təhsil fəaliyyəti də, mədəniyyət müəssisələrinin idarə olunması da yalnız qanun çərçivəsində həyata keçirilsin. Məhz bu yanaşma həm hüquqi dövlət prinsiplərinə, həm də ictimai maraqlara xidmət edir.