“Kiyevin ən böyük strateji yanlışlıqlarından biri Rusiyaya qarşı göstərdiyi müqavimətin digər siyasi və tarixi problemləri avtomatik olaraq arxa plana keçirəcəyini düşünməsi olub...”
 




“Hesab etmirəm ki, Avropa ölkələri ciddi şəkildə Ukraynanın gələcəkdə Polşaya və ya digər qonşularına qarşı ərazi iddiaları irəli sürəcəyindən qorxurlar. Hazırda belə bir ssenari nə siyasi, nə hüquqi, nə də hərbi baxımdan real görünür. Ümumiyyətlə, Avropa Birliyi daxilində klassik mənada ərazi iddiaları əsas siyasi problem hesab edilmir...”
 
“Avropa Birliyi Ukraynanın birliyə qoşulmasından sonra hərbi baxımdan güclü, əhali baxımından böyük və siyasi çəkisi artan bir dövlətlə üz-üzə qalacağını da nəzərə alır. Bu isə təbii olaraq bəzi üzv dövlətlərdə ehtiyatlılıq yaradır...”
 
Rusiya təcavüzünün hələ davam etdiyi, ölkə ərazisinin 20 faizindən çoxunun işğal altda qaldığı bir şəraitdə Polşa və bəzi digər Şərqi Avropa ölkələri ilə ziddiyyətlərin dərinləşməsi ucbatından Ukraynanın Avropa Birliyinə üzvlük prosesi də hazırda daha mürəkkəb və uzunmüddətli xarakter daşıyır...
 
Polşa-Ukrayna münasibətlərində uzun illərdir ki, mövcud olan tarixi yaddaş problemi yenidən ön plana çıxmağa başlayıb. Bildiyiniz kimi, bu yaxınlarda Polşa prezidenti K.Navrotski Zelenskini respublikanın ali mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etdi. Buna cavab olaraq Ukraynanın bir neçə eks-prezidenti də həmin ordendən imtina etdi... Polşa lideri bu addımı Ukrayna Silahlı Qüvvələrinin briqadalarından birinə Volın qırğınını törətmiş nasist əlaltılarının adının verilməsi səbəbindən atıb. Onu da deyək ki, bundan sonra Polşanın sabiq baş naziri Mateuş Moravetski Ukraynanın 2022-ci ildə ona verilmiş "Müdrik Knyaz Yaroslav" ordenini Xelm şəhərindəki “Volın qırğını” qurbanlarının xatirə muzeyinə təhvil verdiyini bəyan edib...
 
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıq şəkildə bəyan edib ki, rəsmi Kiyev Stepan “Bandera”, “OUN”(Ukrayna Milliyyətçiləri Təşkilatı) və “UPA”(Ukrayna Üsyançı Ordusu)  ilə bağlı dövlət siyasətini dəyişməzsə, onun ölkəsi Ukraynanın Avropa Birliyinə üzv qəbul olunmasını dəstəkləməyəcək. Polşalı nazirin fikrincə, bu quruma üzvlük niyyətində olan hər bir ölkə ümumi Avropa dəyərlərinə, o cümlədən də, tarixi yaddaş məsələlərində qonşuların həssaslıqlarına mütləq hörmət etməlidir.
 
Necə hesab edirsiz? Belə çıxmırmı ki, bəzi Avropa ölkələri ehtiyat edir ki, əgər Ukrayna Rusiya ilə müharibədən tam qalib şəkildə çıxsa, sabah güclənib özünə gəldikdən sonra onlara qarşı ərazi iddiaları ilə çıxış edə bilər?..
 
Bu sualla müraciət etdiyimiz ABŞ-da yaşayıb fəaliyyət göstərən həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli Moderator.az-a açıqlamasında aşağıdakı fikirləri ifadə edib:
 
Hazırkı şəraitdə Ukrayna hökuməti qonşu dövlətlərlə lazımsız və mənasız münaqişələrdən çəkinərsə, bu, ilk növbədə onun öz maraqlarına xidmət edər. Ukrayna ona zərər verə biləcək hər bir addımdan uzaq durmalıdır... Ukraynanın Avropa Birliyinə inteqrasiyasını çətinləşdirən əsas amil təkcə Rusiya işğalı deyil. Bunu yalnız müharibə ilə izah etmək reallığı tam əks etdirmir. Avropa Birliyi hər şeydən əvvəl siyasi birlikdir və bu birliyə qəbul üçün namizəd ölkənin qonşuları ilə həll olunmamış tarixi və siyasi mübahisələrinin minimuma endirilməsi gözləntilər sırasındadır.
 
Bu gün Ukrayna Rusiya ilə olduqca ciddi və hələ də davam edən münaqişə içərisindədir. Bu münaqişə öz həllini tapmadan Ukraynanın Avropa Birliyinə tamhüquqlu üzv qəbul olunması real görünmür. Həmin münaqişənin Ukraynanın xeyrinə həll olunması üçün isə Kiyevin hər kəsə, o cümlədən Polşaya ehtiyacı var.”
 
“Polşa–Ukrayna münasibətlərində Volın qətliamı, Stepan Bandera, Ukrayna Milliyyətçiləri Təşkilatı (“OUN”) və Ukrayna Üsyançı Ordusu (“UPA”) məsələləri yeni problem deyil. Sadəcə, Rusiya ilə müharibənin ilk illərində Varşava geo-siyasi zərurət naminə bu mövzuları ikinci plana keçirmişdi. İndi isə müharibənin uzanması fonunda Polşa öz milli maraqlarını yenidən ön plana çıxarmağa başlayıb. Bu, emosional deyil, tamamilə realist dövlət davranışıdır. Ukraynanın isə bu məsələlərin yeni gərginlik mənbəyinə çevrilməsinə imkan verməməsi, əslində, ilk növbədə öz milli maraqlarının tələbidir”, -deyə davamında alim diqqətə çatdırıb.
 
Siyasi təhlilçi hesab edir ki, Kiyevin ən böyük strateji yanlışlıqlarından biri Rusiyaya qarşı göstərdiyi müqavimətin digər siyasi və tarixi problemləri avtomatik olaraq arxa plana keçirəcəyini düşünməsi olub: 
 
“Halbuki beynəlxalq siyasətdə “əbədi minnətdarlıq” deyilən anlayış yoxdur. Dövlətlər dostluq yox, milli maraqlar əsasında hərəkət edirlər. Dünən Ukraynaya silah verən dövlət sabah ondan tarixi yaddaş məsələsində güzəşt tələb edə bilər. Bu, beynəlxalq münasibətlərin acı, lakin dəyişməyən qanunudur. Ukrayna da öz prioritetlərini düzgün müəyyənləşdirməlidir.
 
Yenə də hesab etmirəm ki, Avropa ölkələri ciddi şəkildə Ukraynanın gələcəkdə Polşaya və ya digər qonşularına qarşı ərazi iddiaları irəli sürəcəyindən qorxurlar. Hazırda belə bir ssenari nə siyasi, nə hüquqi, nə də hərbi baxımdan real görünür. Ümumiyyətlə, Avropa Birliyi daxilində klassik mənada ərazi iddiaları əsas siyasi problem hesab edilmir.
 
Ancaq burada başqa bir məsələ var. Əgər Ukraynada Bandera və “UPA” kimi fiqurlar dövlət səviyyəsində qəhrəmanlaşdırılmağa davam edərsə, bu, xüsusilə Polşa üçün təkcə tarixi yaddaş problemi deyil, həm də təhlükəli siyasi siqnaldır. Çünki Polşa bunu radikal millətçiliyin legitimləşdirilməsi kimi qəbul edir. Varşavanı narahat edən əsas məsələ də məhz budur...”
 
“Digər tərəfdən, Avropa Birliyi Ukraynanın birliyə qoşulmasından sonra hərbi baxımdan güclü, əhali baxımından böyük və siyasi çəkisi artan bir dövlətlə üz-üzə qalacağını da nəzərə alır. Bu isə təbii olaraq bəzi üzv dövlətlərdə ehtiyatlılıq yaradır. Lakin həmin ehtiyatlılığın əsas səbəbi ərazi iddiaları deyil. Əsas narahatlıqlar gələcəkdə qərar qəbuletmə prosesində Ukraynanın siyasi çəkisinin artması, böyük maliyyə transferlərinə ehtiyac yaranması, kənd təsərrüfatı bazarında rəqabətin güclənməsi, miqrasiya və təhlükəsizlik məsələləri ilə bağlıdır”,- Əli Əskərli belə düşünür.
 
“Başqa sözlə, “Avropa Ukraynanın sabah Polşadan torpaq istəyəcəyindən qorxur” tezisi məncə kifayət qədər əsaslandırılmış deyil. Daha real izah ondan ibarətdir ki, Avropa Ukraynanı qəbul etməyin uzunmüddətli siyasi və iqtisadi nəticələrini hesablayır, Polşa isə bu prosesi öz tarixi yaddaşı və milli maraqları baxımından əlavə təzyiq vasitəsinə çevirir...
 
Nəticə etibarilə, beynəlxalq siyasətdə nə minnətdarlıq, nə də romantik həmrəylik həlledici rol oynayır. Ukrayna da bunu artıq hiss etməyə başlayıb: müharibənin ilk dövrlərində qazandığı mənəvi və siyasi kapital zaman keçdikcə azalır, onun yerini isə yenidən dövlətlərin sərt milli maraqları tutur. Bu, təkcə Ukrayna üçün deyil, bütün dövlətlər üçün keçərli olan geo-siyasi reallıqdır”- deyə sonda konfloktoloq vurğulayıb.
 
Sultan Laçın