Bu qərar dünya geopolitikasında bir qırılma nöqtəsidir və tarixə sionizmin sonunun başlanğıcı kimi düşəcək..."
09 Sep 2026, 16:56 32 baxış 9 dəq oxuma
"Qərb bu problemi indidən həll etməsə, Yaxın Şərqdə onsuz da get-gedə öləziyən təsir imkanlarını da itirəcək və estafeti rəqib güc mərkəzlərinə ötürmək məcburiyyətində qalacaq...”
"2023-cü ildə son Fələstin qətliamları başlayanda İsrailin keçmiş Baş naziri Ehud Barak maraqlı bir kəhanətdə bulunmuşdu. Demişdi ki, tarix boyu mövcud olmuş heç bir İsrail dövləti 80 ildən çox yaşmayıb. İsrailin də 5 ildən sonra 80 yaşı tamam olacaq. Qorxuram ki, İsrail 2028-ci ilə qədər..."
"İsraillə ticarəti əngəlləyən ölkələrin sayını 14-lə məhdudlaşdırmaq doğru deyil..."
"İsrailin Yaxın Şərqdə yayılma siyasətinə qarşı 14 Qərb ölkəsinin bu qərarı dünya geopolitikasında bir qırılma nöqtəsidir və tarixə sionizmin sonunun başlanğıcı kimi düşəcək. Xüsusilə də Böyük Britaniya və Kanadanın bu qərarın alınmasında mühüm rol oynaması simvolik anlam daşıyır. Çünki bu ölkələr Böyük Britaniya Krallığının iki mühüm parçasıdır və İsrailin qurulması qərarı 1917-ci ildə krallığın Xarici İşlər naziri Artur Balfurun yəhudi əslli İngiltərə sərmayədarı Rotşildə yazdığı məşhur məktubla verilmişdi. Tarixə Balfur deklarasiyası kimi düşən məktubda “xalqı olmayan bir ərazidə (halbuki, həmin ərazilərin fələstinlilər adlı xalqı vardı – Heydər Oğuz) vətəni olmayan bir xalqa vətən yaratmaq” vəd olunurdu. I Dünya müharibəsində Kənan və Fələstin diyarını Osmanlıların əlindən alan Böyük Britaniya Rotşildin maliyyə yardımı ilə indiki İsrail ərazilərinə dünyanın müxtəlif ölkələrində yaşayan yəhudiləri köçürdü və 1948-ci ildə İsrail dövləti təsis olundu. O gündən indiyədək Fələstində və Kənan torpaqlarında qan su yerinə axır, sionizmin yerli xalqa qarşı zülmü dayanmaq bilmir. Xüsusilə də 2023-cü il 7 oktyabr təxribatından sonra fələstinliləri planlı şəkildə öz yurd-yuvalarından köçürməyə çalışırlar. Bu isə təkcə Yaxın Şərqdə deyil, dünya geopolitikasında bütün daşları yerindən oynadır. Nəticədə Yaxın Şərq ölkələri Qərbin təsir dairəsindən çıxıb Çinin qucağına düşür. Qərb bu problemi indidən həll etməsə, Yaxın Şərqdə onsuz da get-gedə öləziyən təsir imkanlarını da itirəcək və estafeti rəqib güc mərkəzlərinə ötürmək məcburiyyətində qalacaq”.
Bu fikir və mülahizələri Moderator.az əməkdaşının "Böyük Britaniya və Kanada başda olmaqla 14 ölkənin İsraillə ticarəti məhdudlaşdırmaq qərarına necə baxırsınız? Belə ölkələrin sayı arta bilərmi?" suallarını cavablandırarkən siyasi şərhçi Heydər Oğuz ifadə edib.
Həmsöhbətimiz hesab edir ki, İsraillə ticarəti əngəlləyən ölkələrin sayını 14-lə məhdudlaşdırmaq doğru deyil.
“Onların içərisində elə dövlətlər var ki, bir neçə olkəni, qitəni özündə birləşdirən böyük ittifaqdır. Məsələn, Böyük Britaniya Krallığı. Hazırda Böyük Britaniyanın kralı olan III Çarlz eyni zamanda 15 ölkənin başçısı sayılır. Dolayısıyla Londonda imzalanan hər hansı sənəd onları da maraqlandırır. Yaxud İspaniya. Dünyada ingiliscədən sonra ikinci ən çox yayılmış dil olaraq qəbul olunan ispanca və ispan mədəniyyəti Cənubi Amerikanın əksər ölkələrini də bir-birinə bağlayır. Bütün bunları hesaba qatanda İsrailə sanksiya tətbiq olunan ölkələrin siyahısı daha da artır”.
Heydər Oğuz bu qənaətdədir ki, Qərb ölkələri ilə İsrail arasında ziddiyyətin bir başqa səbəbi ABŞ-la Böyük Btitaniya rəqbətidir:
“Son zamanlar bu iki müttəfiq arasındakı gizli rəqabət açıq şəkildə özünü büruzə verir və İsrail ABŞ-ın yanında yer alır. Bu da istər-istəməz Təl-əvivi açıq hədəfə çevirir”.
Siyasi şərhçinin fikrincə, Qərb dövlətlərinin İsraillə ticarəti məhdudlaşdırmaq qərarı da bu rəqabətin təzahürlərindən biridir: “Bununla belə, əslində bu qərar bütün İsrail ərazilərini əhatə etmir. Qərarda bildirilir ki, İsrailin Qərbi Qüdsdə zorla ələ keçirdiyi ərazilərdə istehsal olunan mallara embarqo qoyulsun. Bununla da İsraili öz işğalçılıq siyasətindən vaz keçirməyə və Fələstin-İsrail ərazilərində iki dövlət qurulmasını planlaşdırırlar. İsrail isə bu tələblərlə razılaşmır və Qərb ölkələrini müxtəlif təzyiq vasitələri ilə hədələyir”.
Həmsöhbətimiz onu vurğulayır ki, son zamanlar Qərb dövlətlərinin təzyiqləri artdıqca, İsrailin daxilində ciddi qırılmalar yaşanır və onun bir dövlət kimi mövcudluğu təhlükə altına düşür:
“2023-cü ildə son Fələstin qətliamları başlayanda İsrailin keçmiş Baş naziri Ehud Barak maraqlı bir kəhanətdə bulunmuşdu. Demişdi ki, tarix boyu mövcud olmuş heç bir İsrail dövləti 80 ildən çox yaşmayıb. İsrailin də 5 ildən sonra 80 yaşı tamam olacaq. Qorxuram ki, İsrail 2028-ci ilə qədər yox ola. Ehud Barakın bu fikirləri indiyədək İsrail ictimaiyyətində ciddi şəkildə müzakirə olunur. Maraqlıdır ki, bu barədə fikir bildirən yəhudi düşünürlərinin böyük əksəriyyəti şərti olaraq “80-ci il sindromu” adlandırdıqları təhlükənin real olduğuna inanırlar. Məsələn, Yəhudi Xalq Siyasəti İnstitutunun (JPPI) baş elmi işçisi Şalom Salomon Vald “Jerusalempost” qəzetinin 1 may 2023-cü il tarixli sayında dərc olunan “75 - İsrail üçün təhlükəli yaşdır” sərlövhəli məqaləsində bu kəhanətdən bəhs edərək yazırdı ki, SSRİ - əhalisinin 40%-nin qeyri-rus olduğunu görən kimi özünü buraxdı. Əks halda hakimiyyət tamamilə ruslara keçirdi. Bu gün İsrail də bənzər problemləri yaşayır: “20 ildən bir az çox müddət ərzində hərədimlər (hərbi xədmətdən imtina edən ortodoks yəhudilər) İsrail əhalisinin 30%-dən, ərəblər isə 20%-dən çoxunu təşkil edəcək - birlikdə SSRİ-ni məhv edən qeyri-rusların 40%-dən çoxdurlar. Anti-sionist hərədimləri anti-sovet ukraynalılar, litvalılar və digər millətçilərlə müqayisə etmək çox ağlasığmaz görünə bilər. Amma onların bənzər tərəfi yaşadıqları və ya yaşamağa məhkum olduqları millət-dövlət dəyərlərindən uzaqlaşmalarıdır”.
2023-cü ildə İsrailin qurulmasının 75-ci il dönümü münasibətilə çıxış edən ölkə prezidenti İsaaq Hersoq da 80-ci il sindromundan narahat olduğunu gizlətməmiş, İsrail hazırda milli təfəkkürdə müxtəlif hissələrə ayrıldığını etiraf etmişdi. Bir sözlə onsuz da 80 yaş sindromu ilə ciddi narahatlıq keçirən İsrail toplumu bir də Qərb dövlətlərinin onlardan üz döndərməsi ilə daha ağır depressiyalara düşə və nəticədə ölkənin təməlləri sarsıla bilər. Və mənim fikrimcə, Avropa ölkələrinin əsas hədəfi də elə budur – öz təsir dairəsindən çıxmış İsrail xalqını döyə-döyə “haqq yoluna” qaytarmaq”.
Heydər Oğuzun fikirlərinə görə, hazırda sionizmin arxasında yeganə qüvvə dayanır – ABŞ:
“Amma məsələ burasındadır ki, bu təməl də sağlam deyil. Amerika xalqı İsrailin Fələstində törətdiyi qətliamları, etnik təmizləmə siyasətini görür və sionizmi açıq şəkildə dəstəkləyən Tramp hakimiyyətini qınayır, ondan üz döndərir. Xalqın dəstəyini itirmək isə seçicilərin səsini ala bilməmək deməkdir. Özəlliklə də Konqresə aralıq seçkilərin yaxınlaşdığı indiki ərəfədə bu sürprizlərlə qarşılaşmaq istəməyən Respublikaçılar partiyası tamamilə başqa mövqe sərgiləməlidir. Əks halda, təkcə bir dəfəlik deyil, həmişəlik xalq dəstəyini itirə bilər”.
Bütün bunlara baxmayaraq, siyasi şərhçinin qənaətincə, İsrail siyasilərinin, o cümlədən Binmayin Netanyuhunun Qərbdən gələn təzyiqlər qarşısında geri çəkilmək şansı da yoxdur:
“Əksinə, təzyiqlər gücləndikcə, problem də böyüyür, 80-ci il kəhanətinin reallaşmaq imkanları artır. Bu da Təl-əvivi daha çox amansızlaşdırır. Üstəlik, region ölkələri də ortaq təhlükə mənbəyinə çevrilmiş sionizmə qarşı birləşirlər. Son zamanlar Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yaratdığı Məkkə ittifaqı da bunun ən bariz nümunəsidir. Mənə elə gəlir ki, bir müddətdən sonra digər regional dövlətlərin də bu ittifaq ətrafında birləşdıyini görəcəyik...”