Hərbi peyk görüntüləri və xəbərlər ABŞ-nin İordaniyadakı hərbi gücünü yenidən qruplaşdırdığını birmənalı olaraq sübut edir...


ABŞ ordusu İordaniyadakı strateji "Müvəffəq Salti" aviabazasından "Black Hawk" hərbi helikopterlərini quru yolu ilə, ağır yük maşınlarında başqa ərazilərə daşımağa başlayıb. Sosial şəbəkələrdə yayılmış video görüntülərdə köçürülən hərbi texnikalar arasında zərbələr nəticəsində ciddi zədələnmiş helikopterlərin də olduğu müşahidə edilib.






Moderator.az  İran, həmçinin Qərb və bir sıra hərbi mənbələrə istinadla xəbər verir ki, bu qeyri-adi yerdəyişmə regionda ABŞ və İran arasında hərbi qarşıdurmanın kəskinləşməsi fonunda baş verir.


Uçmaq əvəzinə quru yolu: Səbəb nədir?..


Hərbi ekspertlər normal şəraitdə havaya qalxa bilən "Black Hawk" helikopterlərinin niyə yük maşınları ilə daşınmasını iki əsas səbəblə izah edirlər:


1. ABŞ Mərkəzi Komandanlığı İrandan gələn intensiv raket və dron təhlükələri fonunda qiymətli hərbi aktivlərini bir mərkəzdə cəmləməmək, fərqli nöqtələrə paylamaq və bazanın hədəf yükünü azaltmaq qərarına gəlib...


2. İordaniyadakı aviabazalara edilən son raket zərbələri zamanı bəzi helikopterlərin uçuş imkanını itirəcək dərəcədə zədələndiyi ehtimal olunur. Onların təmir üçün quru yolu ilə digər logistik mərkəzlərə təxliyə edildiyi bildirilir...


Mənbələr nə deyir?..


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi bəyanat yayaraq, ABŞ-nin Hörmüz boğazındakı Lark adasında İran raket qurğularını vurmasına cavab olaraq İordaniyadakı "Müvəffəq Salti" və "Kral Hüseyn" aviabazalarını ballistik raketlərlə hədəf aldıqlarını təsdiqləyib. İran tərəfi hücum zamanı ABŞ-nin texniki və hərbi infrastrukturuna ciddi ziyan vurduğunu iddia edir.


Qərb mətbuatının hərbi dairələrdən əldə etdiyi məlumata görə isə, son gecə zərbələrində "Müvəffəq Salti" bazasında yerləşən bir neçə Amerika təyyarəsi və texnikası, o cümlədən bir hücum təyyarəsi və 8 ədəd qırıcı yüngül zədələnib. Digər hərbi hesabatlarda isə İran raketlərinin İordaniyadakı aerodromda "Black Hawk" helikopterlərinə də ziyan vurduğu vurğulanır.


Pentaqon və İordaniya Müdafiə Nazirliyi hələlik helikopterlərin daşınması prosesinin logistik detalları barədə rəsmi açıqlama verməsələr də, hərbi peyk görüntüləri və xəbərlər ABŞ-nin İordaniyadakı hərbi gücünü yenidən qruplaşdırdığını birmənalı olaraq sübut edir...







S.Laçın