Əli Tofiq oğlu Qədimovun 2026-cı ildə işıq üzü görmüş 912 səhifəlik "Hüquq nəzəriyyəsi (Tam kurs)" əsəri Azərbaycan hüquq elmi və təhsilinin müasir inkişaf mərhələsində müstəsna yer tutan fundamental tədqiqat əsəridir. Hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev və Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi Yunis Xəlilovun elmi redaktorluğu, habelə tanınmış hüquqşünas alimlər Vəfaddin İbayev, professor Fərhad Mehdiyev və hakim Orxan İsmayılovun elmi rəyləri ilə ərsəyə gələn bu dərslik, hüququn mahiyyətini, daxili strukturunu, prinsiplərini və təməl institutlarını vahid metodoloji müstəvidə təhlil edir.
Əsərin konseptual quruluşu onun keçdiyi elmi-nəzəri təkamül yolunun bariz təzahürüdür. Müəllifin ilkin niyyəti hüququn sabit nəzəri əsaslarını, anlayışlar aparatını və normativ strukturunu əhatə edən "Hüququn statikası" ilə hüquq münasibətlərini, hüququn tətbiqi və təfsiri proseslərini əhatə edən “Hüququn dinamikası”nı iki fərqli cilddə nəşr etmək idi. Lakin akademik mühitdən gələn təkliflər nəzərə alınaraq hüququn statikası ilə dinamikası bir-birini tamamlayan vahid bir kitabda toplanmışdır. Beləliklə, əsər Nomostatics (statika) və Nomodynamics (dinamika) bölmələrini özündə ehtiva edən bütöv, sistemli və ahəngdar tədris vəsaitinə çevrilmişdir. Digər tərəfdən, əsərdə hüququn statikası və dinamikası anlayışlarının milli hüquq elminə inteqrasiyası hüquq nəzəriyyəsi ilə hüquq praktikası arasında möhkəm körpü salmağa xidmət edir. Bu konseptual çərçivə, növbəti mərhələdə digər sahəvi hüquq elmlərinin fundamental bazasının formalaşması üçün etibarlı zəmin yaradır.
Dərslik formalaşdırılarkən milli hüquq təhsili irsinə xüsusi sədaqət nümayiş etdirilmiş, əsərin nəzəri dayağı AMEA-nın müxbir üzvü, professor Məsumə xanım Məlikovanın "Hüquq nəzəriyyəsi" fundamental əsərinə və bakalavr tədris proqramlarına söykənir. Müəllif bu klassik irsi öz elmi axtarışlarının mənəvi və nəzəri təməli hesab etməklə yanaşı, əsərdə beynəlxalq hüquq təfəkkürünün aparıcı simalarının (H.L.A. Hart, H. Kelsen, R. Dworkin, L. Fuller, J. Raz, T. Hobbes, J. Bentham, F.C. von Savigny, E. Ehrlich, R. Pound, J. Rawls və s.) konsepsiya və görüşlərini də müasir hüquq nəzəriyyəsi prizmasından təhlil edərək sintez etməyi bacarmışdır.
Məzmun baxımından dərslik hüququn anlayışı, funksiyaları, mənbələri, hüquq münasibətləri, hüquq məsuliyyəti, hüquqi dövlət və hüquq mədəniyyəti kimi klassik məsələləri ətraflı izah etməklə kifayətlənmir. Əsərin əsas elmi yeniliyi ənənəvi doktrinaları müasir dövrün çağırışları – rəqəmsallaşma, süni intellekt və qloballaşma şəraitində hüququn təkamül istiqamətləri ilə inteqrasiya etməsindədir. Bu mürəkkəb elmi vəzifə beş təməl metodoloji yanaşma – analitik, tarixi, sosioloji, normativ-fəlsəfi və müqayisəli-hüquqi təhlil vasitəsilə uğurla reallaşdırılmışdır.
Bu kitab nəzəri dərinliyi, analitik çevikliyi və tədrisə tam uyğunluğu ilə yalnız hüquq fakültələrinin bakalavr, magistr və doktorantları üçün dəyərli dərs vəsaiti olmaqla kifayətlənmir, həm də hakimlər, prokurorlar, vəkillər və hüquqşünas alimlər üçün müasir hüquq düşüncəsinin formalaşmasına xidmət edən mühüm masaüstü elmi mənbədir.