Putinin milyarder desantı Samvel Karapetyanın “Güclü Ermənistan” fraksiyasının revanşist xislətli rusiyapərəst deputatları avtobusla Naxçıvanın Sədərək rayonunun 36 ildir ki, “Tiqranaşen” adlandırılmış işğal altındakı Kərki kəndinə yollanıblar.
 
Moderator.az erməni mediasına istinadla xəbər verir.




Partiyanın “Facebook” səhifəsində avtobusdan yayımlanan videoda deputatlar səfərdə məqsədlərinin kənd sakinlərinin problemlərini dinləmək və onların qaldırdığı məsələləri öyrənmək olduğunu bildiriblər. Onlar "Tiqranaşen"in sadəcə ərazi olmadığını, Ermənistanın cənubu ilə şimalını birləşdirən strateji əhəmiyyətli yaşayış məntəqəsi olduğunu qeyd ediblər. Deputatlar sülhün mümkün olduğunu, lakin bunun birtərəfli güzəştlər hesabına baş verməməli olduğunu vurğulayıblar. Onların sözlərinə görə, "Tiqranaşen"in təhvil verilməsinin qarşısını almaq və yaşayış məntəqəsinin inkişafı üçün proqram hazırlamaq niyyətindədirlər. 



Onlar Kərkinin Azərbaycana verilməsinə imkan verməyəcəklərini söyləyiblər. Erməni siyasətçilər Kərkinin inkişafı, o cümlədən qastro-turizm potensialından istifadə olunması barədə də fikirlər səsləndiriblər. Bununla yanaşı, onlar sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Kərki ərazisində Azərbaycanın nəzarətinin yaranmasına yol verilməməsini tələb ediblər. Beləliklə, erməni siyasi dairələrinin açıqlamalarından da görünür ki, hüquqi cəhətdən Azərbaycanın Naxçıvan ərazisində yerləşən Kərki kəndi Ermənistanın siyasi gündəliyində hələ də mübahisə predmeti olaraq qalır. 



Zəruri arayış:
 
Kərki kəndi 19 yanvar 1990-cı ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan sonra kəndin azərbaycanlı əhalisi doğma yurdlarından didərgin salınıb, yaşayış məntəqəsi Ermənistanın faktiki nəzarətinə keçib. Kəndin işğalı nəticəsində burada mövcud olan yaşayış evləri, məktəb, kitabxana, klub və digər sosial obyektlər də ciddi dağıntılara məruz qalıb. Bu gün erməni mediasında “Tiqranaşen” adı ilə təqdim edilən Kərki Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun kəndidir. Erməni deputatların hazırkı səfəri isə 36 ildən artıqdır işğal altında qalan Kərkinin məsələsinin Ermənistan daxilində yenidən siyasi müzakirə predmetinə çevrildiyini göstərir.


 



S.Laçın