“BMT ilə yanaşı, digər beynəlxalq qurumların da icra mexanizminə sahib olması vacibdir”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, icra mexanizminin olmaması əksər hallarda beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını mümkünsüz edir:
“İcra mexanizminin yoxluğu, beynəlxalq təşkilatların müxtəlif məsələlərlə bağlı qəbul etdiyi qərarların icrasını ləngidən, bəzi hallarda isə bunu mümkünsüz edən ən ciddi amildir. Belə bir mexanizmin yoxluğu bir çox hallarda həmin təşkilatlar tərəfindən qəbul edilən qərarların əhəmiyyətini də azaldır, onların uzun illər ərzində kağız üzərində qalmasına səbəb olur. Buna görə də, yalnız BMT-nin deyil, Avropada sülh və təhlükəsizliyin təmininə cavabdeh olan digər beynəlxalq təşkilatların da konkret icra mexanizminə malik olması vacibdir.
İcra mexanizminin mövcudluğu qəbul edilən qərarların qısa zamanda həyata keçirilməsini təmin edə bilər ki, bu da mövcud problemin operativ şəkildə ortadan qaldırlması, beynəlxalq hüquq və ədalətin təmin edilməsi deməkdir”.
Seymur ƏLİYEV