Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Victoria Romero Kabalyeron APA-ya müsahibəsində iki dövlət arasındakı əlaqələrin gələcəyi ilə bağlı maraqlı fikirlər səsləndirib. Səfirin açıqlamasında ən çox diqqət çəkən məqam isə Azərbaycanla Meksikanın yaxın gələcəkdə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa başlayacağı ilə bağlıdır:


“...bu il ölkələrimiz arasında iki mühüm sənəd imzalanıb. Onlardan biri diaspor məsələlərinə, digəri isə müdafiə və təhlükəsizlik sahəsinə aiddir. Azərbaycan və Meksika müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək. Bu, çox vacibdir, çünki münasibətlərimiz üçün yeni istiqamətlər müəyyənləşir.






Artıq bildiyiniz kimi, Meksika Azərbaycana ilk hərbi attaşesini təyin edib və bununla əlaqələrimiz daha da gücləndirilir. Meksikanın hərbi attaşesi müdafiə sahəsində əməkdaşlığın həyata keçirilməsinə və müvafiq hərbi qurumlarla əlaqələrin qurulmasına öz töhfəsini verəcək”.


Azərbaycanın uzaq Amerika qitəsində yerləşən Meksika ilə müdafiə sahəsində əməkdaşlıq etməsi dövlətimizin təhlükəsizlik məsələlərində yeni tərəfdaşlar tapmaq, məlum müstəvidəki əlaqə və imkanlarını genişləndirmək istəyindən xəbər verir. Kabalyeron açıqlaması onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, müdafiə və təhlükəsizlik məsələsi bundan sorna da ölkəmiz üçün prioritet məsələ olaraq qalacaq və ölkəmiz bu istiqamətdə öz imkanlarını inkişaf etdirməkdə davam edəcək.


Azərbaycanla Meksika arasında müdafiə sahəsindəki əməkdaşlıq, həm də qlobal miqyasda artan təhlükəsizlik problemləri ilə bağlıdır. Məhz dünyamızda təhlükəsizliklə bağlı artan təhdidlər bu təhlükələrə qarşı beynəlxalq əməkdaşlığı zəruri edir, dövlətləri yeni tərəfdaşlar və imkanlar axtarmağa sövq edir.


Azərbaycan və Meksikanın təhlükəsizlik sahəsindəki əməkdaşlığı dünyanın ən güclüləri sırasında yer alan dövlətimizin artan nüfuzundan xəbər verir. Meksika-Azərbaycan əlaqələrinin müdafiə sahəsini də əhatə etməsi onu göstərir ki, ölkəmizin hərbi qüdrəti onun sərhədlərindən min kilometrlərlə uzaqda yerləşən dövlətləri belə Azərbaycanla əməkdaşlığa həsəvləndirir, onlarda belə bir əməkdaşlığa maraq yaradır.


Əminliklə demək olar ki, Azərbaycan-Meksika hərbi əməkdaşlığı dünyada sülh və təhlükəsizliyin güclənməsinə töhfə verəcək, bu əməkdaşlıq forma və mahiyyət etibarilə qlobal sabitliyin keşiyində dayanacaq.


Seymur ƏLİYEV