Alimlər müəyyən ediblər ki, qazlı su qəbul etmək gündəlik qəbul edilən kalorinin azalmasına və arıqlama prosesinin dəstəklənməsinə kömək edə bilər. Lakin ən yaxşı nəticəni əldə etmək üçün müəyyən tövsiyələrə əməl etmək vacibdir.
 




Moderator.az xəbər verir ki, bu barədə “BMJ Nutrition, Prevention and Health” jurnalında məlumat verilib.
 
Qazlı içkilərin orqanizmə təsirini araşdıran mütəxəssislər müəyyən ediblər ki, karbon qazının qabarcıqları toxluq hissini stimullaşdırır və mədənin hərəkətliliyini aktivləşdirərək qidanın həzm sistemindən keçməsini sürətləndirir. Bu amillər aclıq hissinin azalmasına kömək edə bilər.
 
Həmçinin məlum olub ki, karbon qazı orqanizmdə bikarbonata (HCO₃) çevrilərək maddələr mübadiləsində iştirak edir və enerji istehsalını artıra bilər. Lakin bu təsir o qədər cüzidir ki, yalnız qazlı su içməklə nəzərəçarpacaq dərəcədə çəki itirməkdən söhbət gedə bilməz.
 
Araşdırmanın müəllifləri vurğulayırlar ki, qazlı su arıqlamaq üçün müstəqil vasitə deyil. Onu balanslaşdırılmış qidalanma və fiziki aktivliyi özündə birləşdirən sağlam həyat tərzinin bir hissəsi kimi qəbul etmək olar.
 
Yaponiyada neyrocərrahiyyə klinikasının baş həkimi Akira Takahaşi qeyd edib ki, araşdırmanın nəticələri qazlı içkilərin toxluq hissinə və qəbul edilən qidanın miqdarının azalmasına necə təsir göstərə biləcəyini nümayiş etdirir. Bu isə potensial olaraq qəbul edilən kalorinin azalmasına səbəb ola bilər. Lakin CO₂-nin orqanizm tərəfindən mənimsənilməsi özlüyündə əhəmiyyətli miqdarda kalori yandıra bilmir.
 
Məsələn, qanın xüsusi aparat vasitəsilə təmizləndiyi prosedur zamanı orqanizm bir neçə saat ərzində karbon qazı ilə davamlı şəkildə təmasda olsa da, cəmi təxminən 9,5 qram qlükoza sərf edilir. Buna görə də yalnız qazlı suyun əhəmiyyətli arıqlama effekti yaradacağını gözləmək düzgün deyil.
 
Qazlı suyun orqanizmə təsiri
 
Alimlər qeyd edirlər ki, karbon qazının həzm proseslərinə və iştahanın tənzimlənməsinə təsir mexanizmlərini daha yaxşı anlamaq üçün əlavə araşdırmalara ehtiyac var. İlkin məlumatlar göstərir ki, CO₂ qabarcıqları mədənin divarlarını genişləndirərək beyinə toxluq siqnalı göndərən sinir reseptorlarını aktivləşdirir.
 
Lakin effektiv arıqlamaq üçün kompleks yanaşma vacibdir. Qazlı su sağlam həyat tərzini tamamlayan vasitə ola bilər, əsas rolu isə qidalanmaya nəzarət, həddindən artıq emal olunmuş məhsulların istehlakının azaldılması və müntəzəm fiziki aktivlik oynayır.
 
Qazlı suyun mənfi təsirləri də ola bilər
 
Potensial faydalarına baxmayaraq, qazlı sudan həddindən artıq istifadə xoşagəlməz nəticələrə səbəb ola bilər. Sürətli toxluq hissi bəzi insanlarda iştahanın azalmasına və qida qəbulunun ötürülməsinə gətirib çıxara bilər. Bundan əlavə, artıq miqdarda karbon qazı qarında köp yarada və mədə turşusunun qida borusuna geri qayıtması probleminin əlamətlərini gücləndirə bilər.
 
Xüsusilə mədə və bağırsaqla bağlı xroniki xəstəlikləri, həddindən artıq qaz yaranması və ya həzm problemləri olan insanlar qazlı içkilərdən istifadə edərkən ehtiyatlı olmalıdırlar.
 
Qeyd etmək vacibdir ki, araşdırma yalnız əlavəsiz qazlı mineral suya aid olub. Şəkər əlavə edilmiş qazlı içkilər bu nəticələrə daxil deyil. Çünki onların istifadəsi şəkərli diabet, ürək-damar xəstəlikləri və piylənmə riskinin artması ilə əlaqələndirilir.