"Deməli, söhbət təkcə İranın və ya Fələstinin mövqeyindən getmir. İsrail cəmiyyətinin içindən də Qəzzada baş verən soyqırımı barədə sual verən səslər yüksəlir..."
 




"Venesiyanın qırmızı xalısından Kazanın kino salonlarına qədər eyni sual səslənir: müharibənin statistik rəqəmlərinin arxasında neçə uşağın həyatı, neçə ailənin faciəsi, neçə insanın taleyi var?.."
 
Qəzza artıq yalnız siyasətçilərin tribunadan danışdığı mövzu deyil. O, dünyanın kino ekranlarına da çıxıb. Özü də olduqca paradoksal şəkildə: İsraildə çəkilən film İsrail ordusunun Qəzzadakı müharibəsini ifşa edir, İranda çəkilən film isə Qəzza uşaqlarının faciəsini dünyaya çatdırır. Hər iki film beynəlxalq festivallarda yüksək qiymət alır.
 
Moderator.az bu haqda "Əl-Cəzirə" və "İslamnews" nəşrlərinə istinadla yazır.
 
İsrailli yəhudi rejissorlar Yuval Abraham və Reyçel Szorun “NAZA” sənədli filmi Venesiya Film Festivalında nümayiş etdirildikdən sonra tamaşaçılar tərəfindən 25 dəqiqəlik ayaqüstü alqışla qarşılanıb.
 
Filmin özü də adi sənədli ekran əsəri deyil. “NAZA” İsrail ordusunun Qəzzada hədəfləri müəyyənləşdirmək üçün süni intellektdən istifadə etməsi, bu texnologiyanın müharibənin gedişinə və mülki əhalinin taleyinə təsiri barədə araşdırmadır.
 
Rejissorlar filmi hazırlamaq üçün 3 ilə yaxın araşdırma aparıb, İsrail hərbçiləri və kəşfiyyat əməkdaşları ilə anonim müsahibələr keçiriblər. Ekran əsərində “Lavender” adlı süni intellekt sisteminin Qəzzada potensial hədəflərin müəyyənləşdirilməsində oynadığı rol da araşdırılır.
 
Burada diqqətçəkən məqam isə budur: Qəzzadakı müharibəni tənqid edən bu film İsraildən, yəhudi rejissorların əlindən çıxıb.
 
Üstəlik, filmin rejissorları Yuval Abraham və Reyçel Szor artıq dünya kino ictimaiyyətinə tanışdırlar. Onlar Fələstinli həmkarları Basel Adra və Hamdan Ballalla birlikdə çəkdikləri “No Other Land”("Başqa torpaq yoxdur") sənədli filmi ilə 2025-ci ildə “Ən yaxşı sənədli film” nominasiyasında Oskar qazanıblar.
 
Qəzza haqqında digər diqqətçəkən film isə İran kinematoqrafiyasının məhsuludur.

İranlı rejissor Babak Hacəpaşanın “Mələklər torpağı” filmi Rusiyanın Kazan şəhərində keçirilən “Qızıl Minbər” Beynəlxalq Kino Festivalında Qran-priyə layiq görülüb.
 
Film Qəzza uşaqlarının müharibə şəraitində yaşadığı faciədən bəhs edir. Rejissor Qran-prini qəbul edərkən filmini Qəzza uşaqlarına və İranın Minab şəhərinə həsr etdiyini bildirib. Hacəpaşanın sözlərində sənətin missiyası ilə bağlı olduqca sərt mesaj var: o, bir gün Allahın qarşısında “Nə etdin?” sualı ilə üzləşəndə cavab olaraq bu filmi göstərə bilmək istədiyini deyib.
 
“Mələklər torpağı” festivalda bununla da kifayətlənməyib. Filmin operatoru Əlirza Bərəzadə ən yaxşı tammetrajlı bədii film operatoru, baş rolu oynayan Sulaf Fəvaxerci isə ən yaxşı aktrisa seçilib.
 
Beləliklə, Qəzza mövzulu İran filmi Rusiyada festivalın əsas mükafatını, Qəzza haqqında İsrail filmi isə Venesiyada 25 dəqiqəlik ayaqüstü alqışı qazanıb. Bu mənzərənin özü kifayət qədər düşündürücüdür:
 
Bir tərəfdə İran – İsrailin əsas regional rəqiblərindən biri – Qəzza uşaqlarının faciəsini filmə çevirir. Digər tərəfdə isə İsrailin özündən çıxan, özü də yəhudi rejissorlar ölkələrinin ordusunun Qəzzadakı müharibə, soyqırımı üsullarını araşdırır...
 
Deməli, söhbət təkcə İranın və ya Fələstinin mövqeyindən getmir. İsrail cəmiyyətinin içindən də Qəzzadakı soyqırımı barədə sual verən səslər yüksəlir...
 
Kino burada sadəcə sənət deyil, yaddaşdır. Siyasi bəyanatlar dəyişə, hökumətlər mövqelərini yeniləyə, gündəmin başqa mövzuları Qəzzanı kölgədə qoya bilər. Amma kamera gördüyünü yadda saxlayır. Və bu gün həmin kameralar dünyanın müxtəlif ölkələrində eyni yerə – Qəzzaya tuşlanıb...
 
Venesiyanın qırmızı xalısından Kazanın kino salonlarına qədər eyni sual səslənir: müharibənin statistik rəqəmlərinin arxasında neçə uşağın həyatı, neçə ailənin faciəsi, neçə insanın taleyi var?..
 
Bəlkə də illər sonra Qəzza müharibəsinin tarixini yalnız siyasi liderlərin çıxışları və hərbi əməliyyatların xronikası deyil, məhz bu filmlər danışacaq... Çünki bəzən tarix kitabları susanda, kino danışır...
 
Sultan Laçın