“Televiziyalar məni verilişlərə dəvət etmir. Sanki unudublar, mən yoxam. Səbəbini bilmirəm. Heç kimə yamanlığım dəyməyib, heç kimi acılamamışam, heç kimə qarşı pis söz işlətməmişəm. Necə əvvəl idim, indi də eləyəm. Həmin adamam. İnsan dəyişməz. Nəinki məni, bir çox sənətkarı dəvət etmirlər”.
 




Bunu Moderator.az-a açıqlamasında tanınmış qarmon ifaçısı, Əməkdar artist Zakir Mirzəyev deyib.

O daha sonra əlavə edib:
 
“Mən qarmon musiqi aləti ilə bağlı çox işlərə imza atmışam. Elmlər namizədi olmuşam, bu aləti müdafiə etmişəm. Qarmon qalmışdı rusların əlində. Deyirdilər ki, rusdan gəlib, almandan gəlib. Bunun mənşəyi var. 3 dəfə Hindistan səfərində oldum. Allah Niyaziyə rəhmət etsin, o məni göndərdi. Orada mən qarmon haqda məlumatlar topladım. 5 il oturub bu kitabı yazdım. Niyə mən bu kitabı ərsəyə gətirdim? Heç kim bundan sonra deməsin ki, qarmon ruslarındır.. yaxud da almanların. Saysız-hesabsız musiqilər bəstələmişəm. Bunları mənə Allah göndərib. Heç vaxt müəllimim olmayıb. Allah özü müəllimim olub. 7 yaşım olanda qarmonu götürüb ifa etmişəm”.

Zakir Mirzəyev səhhətindən də danışıb:
 
“Yaşlı adamam, bəzən görürsən ki, əhvalım yaxşı olmur. Əhvalımın yaxşı olub-olmamağı yaşa baxmır ki.. Bir də görürsən ki, cavan adamdır, ağrımayan yeri yoxdur. Məndə şükür indi hər şey düzəlib”.