Azərbaycan və ABŞ nümayəndələrinin Bakıda keçirdiyi son müzakirələrdə TRIPP marşrutunun həyata keçirilməsi, marşrut boyunca infrastrukturun qurulması və onun idarə olunması üçün şirkətin yaradılması məsələlərinin gündəmə gətirilməsi layihə ilə bağlı prosesin praktiki mərhələyə keçdiyini göstərir.
Görüşdə, eyni zamanda, Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsi, regional təhlükəsizliyin təmin olunması və Vaşinqtonda əldə edilmiş razılaşmaların icrası məsələləri müzakirə edilib. Bu baxımdan TRIPP-in reallaşdırılması ilə bağlı Bakı və Vaşinqton arasında təmasların intensivləşməsi həm nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı, həm də regionda yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından diqqət çəkir.
Maraqlıdır, TRIPP marşrutu üzrə idarəetmə şirkətinin yaradılması ilə bağlı artıq konkret mexanizmlərin müəyyənləşdirilməsi layihənin praktiki icra mərhələsinə keçdiyini deməyə əsas verir?
Bu prosesin Azərbaycanın regiondakı nəqliyyat və geosiyasi mövqeyinə hansı təsirləri ola bilər?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev açıqlama verib.
Deputat qeyd edib ki, TRIPP marşrutu ətrafında son zamanlar ABŞ və Ermənistan arasında danışıqlar intensivləşib:
"Bildiyiniz kimi, Zəngəzur TRIPP marşrutunun idarə edilməsi üzrə ABŞ-ın müvafiq şirkəti müəyyənləşdirilib. Həmin şirkətlə həm logistika məsələləri, həm marşrutun konkret detalları, həm də texniki məsələlər və digər mühüm istiqamətlər üzrə bütün detallar müzakirə olunur. Çox böyük ehtimalla, bu məsələdə irəliləyişin əldə olunması gözlənilir.
Hətta bildiyiniz kimi, Ermənistan Zəngəzur dəhlizi TRIPP marşrutunda 26 faiz səhmə malik olan tərəfdir, 74 faiz isə, bildiyiniz kimi, Amerikaya məxsusdur. Ermənistan özünün malik olduğu 26 faizlik paydan 5 faizini Qazaxıstana, 5 faizini isə Qırğızıstana təklif edib və onları da Zəngəzur dəhlizi TRIPP marşrutunun idarə heyətinə, belə demək mümkündürsə, müvafiq şəkildə dəvət edib.
İndi bu barədə Qazaxıstan və Qırğızıstanın hansı açıqlamaları verəcəklərini, hansı mövqedən çıxış edəcəklərini zaman göstərəcək. Ancaq onu qeyd etmək lazımdır ki, Azərbaycanın da bu məsələdə, xüsusilə Türkiyə ilə birlikdə birbaşa maraqları nəzərə alınmaqla, bu işlər görülməlidir və görülür də".
Deputat vurğulayıb ki, əminəm ki, Ermənistan və Azərbaycan arasında TRIPP marşrutu ilə bağlı müvafiq məsələlər zaman-zaman müzakirə olunur, detallar razılaşdırılır. İndi bildiyiniz kimi, TRIPP marşrutu Orta Dəhlizin ayrılmaz tərkib hissəsidir. Hazırda TRIPP marşrutu məhz Uzaq Şərqdən, Çindən Avropaya gedən əsas yollardan biridir:
"Hazırda Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə istiqamətində fəaliyyət göstərən önəmli marşrutun digər, şaxələndirilmiş yolu isə Çin, Qırğızıstan, Türkmənistan, Türkmənistanın Xəzər dənizi limanları və Azərbaycan istiqamətindən keçir.
İnşallah, beləliklə də TRIPP marşrutu açıldıqdan sonra bu dəfə Azərbaycan üzərindən həm Gürcüstan və Türkiyə istiqamətində, həm də Azərbaycan üzərindən Zəngəzur dəhlizindən keçməklə Ermənistan-Türkiyə marşrutunun da qüvvəyə minməsi nəzərdə tutulur.
Ümumiyyətlə, bu, qlobal geosiyasi və geoiqtisadi baxımdan çox önəmli bir layihədir. Hazırda dünyanın əsas iqtisadi, kommunikasiya və nəqliyyat arteriyalarından biri hesab olunur. Bildiyiniz kimi, şimalda Rusiya-Ukrayna müharibəsi, cənubda isə Yaxın Şərqdə, İran ətrafında baş verən hadisələr digər marşrutları iflic edib. Bu səbəbdən həmin marşrutlar fəaliyyət göstərə bilmir.
Ona görə də Orta Dəhliz marşrutunun, xüsusilə də onun Zəngəzur komponentinin funksional olması hamının, bütün güclərin marağında olmalıdır".
Pərvin Şakirqızı