Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsinin Məkkə Müdafiə İttifaqı çərçivəsində müttəfiqlərinə qarşı təcavüz halında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini açıqlayıb. Bu bəyanat Yəməndə husilərin Səudiyyə Ərəbistanına qarşı mümkün yeni hücumları fonunda ittifaqın kollektiv müdafiə mexanizminin hansı şərtlərlə işə düşə biləcəyi məsələsini yenidən gündəmə gətirir.


Digər tərəfdən, Türkiyənin də husilərə xəbərdarlıq etməsi prosesə Ankara və İslamabadın mövqeləri prizmasından baxmağı zəruri edir. Eyni zamanda, husilərə siyasi və hərbi dəstək verən İranın bu prosesdəki mövqeyi Məkkə Müdafiə İttifaqının gələcək fəaliyyətinə təsir göstərə biləcək əsas amillərdən biri kimi qiymətləndirilir.






Bu açıqlamalar fonunda Məkkə Müdafiə İttifaqının praktiki olaraq hansı mərhələdə və hansı şərtlər daxilində kollektiv hərbi mexanizmi işə sala bilər? 


Səudiyyə Ərəbistanına qarşı hücumların davam etməsi Pakistanı birbaşa hərbi müdaxiləyə sövq edə bilərmi, yoxsa İslamabad və Ankaranın əsas məqsədi İrana və husilərə qarşı hərbi qarşıdurmaya getmədən çəkindirmə mexanizmi yaratmaqdır? 


Digər tərəfdən, İranın bu prosesdəki mövqeyi ittifaqın fəaliyyət imkanlarını məhdudlaşdırırsa, bu, Məkkə Müdafiə İttifaqının regional təhlükəsizlik arxitekturasında real hərbi güc mərkəzinə çevrilməsi perspektivinə necə təsir göstərə bilər?


Mövzu ilə bağlı Moderator.az -a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz açıqlama verib. 



Yücel Karauz bildirib ki, Məkkə Müdafiə İttifaqı indiki mərhələdə “avtomatik müharibə mexanizmi” deyil, Səudiyyə Ərəbistanı ətrafında çoxqatlı çəkindirmə mexanizmidir:


"Anlaşmanın əsas məntiqi bir üzvə qarşı silahlı hücumun bütün üzvlərə edilmiş hücum kimi qəbul olunmasıdır. Lakin Pakistan son Husi hücumlarından sonra hazırda hərbi cavab məsələsinin müzakirə edilmədiyini, “vaxtı gələndə anlaşma çərçivəsində hərəkət ediləcəyini” açıqlayıb.


İttifaqın İşə Düşmə Həddi


İttifaqın kollektiv hərbi mexanizmi böyük ehtimalla bu şərtlər altında mərhələli şəkildə işə düşər:


1. Səudiyyə şəhərlərinə, hava bazalarına, neft obyektlərinə və limanlarına hücumların davamlı xarakter alması.

2. Hücumların yalnız Husi fəaliyyəti deyil, İran mənbəli və ya İran tərəfindən yönləndirilən “xarici hücum” kimi siyasi baxımdan müəyyənləşdirilməsi.

3. Səudiyyə Ərəbistanının rəsmi şəkildə yardım tələb etməsi.

4. Enerji infrastrukturu, Bab əl-Məndəb, Qırmızı dəniz və neft ixrac xətlərində qlobal təchizatı təhdid edən fasilələrin yaranması.

5. Mülki itkilərin və hərbi zərərin Riyad rəhbərliyini simvolik deyil, real cavab verməyə məcbur etməsi.


Bu hədlər aşılmadan Pakistanın birbaşa Yəməndə və ya İrana qarşı genişmiqyaslı hərbi müdaxiləyə getməsi aşağı ehtimaldır.


Pakistanın Ehtimal Olunan Mövqeyi


Pakistanın əsas məqsədi birbaşa müharibəyə girmək deyil; Səudiyyə ərazisinin müdafiəsi, hava hücumundan müdafiə, təlim, kəşfiyyat, sərhəd təhlükəsizliyi, dəniz mühafizəsi və böhran diplomatiyası vasitəsilə çəkindirməni artırmaqdır. Çünki İslamabad eyni anda üç təzyiq altındadır: Hindistan cəbhəsi, İranla sərhəd və enerji təhlükəsizliyi".


General vurğulayıb ki, bu səbəbdən Pakistanın ilk addımı böyük ehtimalla döyüş təyyarələri ilə hücum əməliyyatı deyil, hava müdafiəsi dəstəyi, texniki heyət, erkən xəbərdarlıq, baza mühafizəsi, dəniz müşayiəti və ortaq əməliyyat mərkəzi olacaq:


"Birbaşa müdaxilə isə yalnız Səudiyyə ərazisində ağır insan itkisi, böyük enerji infrastrukturu dağıntısı və ya Riyadın açıq rəsmi tələbi ilə gündəmə gələ bilər.


Türkiyə və Ankaranın Hesabı


Ankara baxımından da əsas hədəf İran və Husilərlə birbaşa müharibəyə girmək deyil, regional güc balansında Türkiyənin hərbi-diplomatik çəkisini artırmaqdır. Türkiyə bu formatda daha çox PUA/SİHA, hava müdafiəsi, elektron müharibə, kəşfiyyat paylaşımı, dəniz təhlükəsizliyi və müdafiə sənayesi inteqrasiyası üzərindən rol oynaya bilər.


Ankara ittifaqın “məzhəbi blok” kimi görünməsini istəməz. Çünki İranla Suriya, İraq, enerji və Cənubi Qafqaz məsələlərində idarə edilməli çoxsaylı dosyelər var.


İran Faktoru


İranın mövqeyi ittifaqın hərəkət sahəsini məhdudlaşdırır. Çünki Tehran hücumları birbaşa üzərinə götürmədikcə və Husiləri müstəqil aktor kimi göstərdikcə, ittifaqın İrana qarşı açıq hərbi cavab verməsi çətinləşir. Bu boz zona Məkkə İttifaqını klassik NATO tipli hərbi blokdan daha çox “vəkil qüvvələrə qarşı çəkindirmə və müdafiə koordinasiyası” strukturuna çevirir.


Nəticə


Məkkə Müdafiə İttifaqının qısa müddətdə real funksiyası müharibə başlatmaq deyil, Səudiyyə Ərəbistanına qarşı hücumların maliyyətini artırmaqdır. Pakistan və Türkiyənin əsas məqsədi İranla cəbhə müharibəsi deyil; Riyadın hava, raket, dəniz və kritik infrastruktur müdafiəsini gücləndirən çəkindirmə çətiri yaratmaqdır.


Lakin hücumlar Səudiyyə suverenliyini ciddi şəkildə zədələsə, enerji axınını kəssə və Riyad rəsmi kollektiv dəstək tələb etsə, ittifaq məhdud müdafiə əməliyyatına keçə bilər. Bu halda belə ilk seçim İranı vurmaq deyil; Husi raket və PUA imkanlarını zəiflətmək, sərhəd təhlükəsizliyini artırmaq və Qırmızı dəniz-Bab əl-Məndəb xəttini qorumaq olacaq".


Pərvin Şakirqızı