Yaxın Şərqdə kəşfiyyat və hərbi qarşıdurma ilə yanaşı, informasiya cəbhəsində də psixoloji müharibə pik həddə çatıb. Bu günlərdə sosial şəbəkələrin regional seqmentində İsrailin Baş naziri Binyamin Netanyahunun sağlamlıq vəziyyəti ilə bağlı yayılan növbəti sensasiyalı iddia böyük müzakirələrə yol açıb. İranlı həkim Əmir Foruği öz şəxsi hesabında Netanyahunun foto-şəkilini paylaşaraq, "təcrübəsinə əsaslandığını" və İsrail rəhbərinin ağır xərçəng xəstəliyindən əziyyət çəkdiyini, tezliklə vəfat edəcəyini iddia edib. Lakin beynəlxalq ekspertlər və tibb ictimaiyyəti bu iddianı sərt tənqid edib. Klinik müayinə, MRT və laboratoriya analizləri olmadan, sadəcə fotoşəkilə baxaraq xərçəng diaqnozu qoymağın elmi baxımdan qeyri-mümkün olduğu bildirilir.
Moderator.az beynəlxalq mənbələrin mövzuya baxışını təqdim edir:
İsrail: "Faktlar gizlədilmir, amma İranın psixoloji diversiyasına imkan verilməyəcək..."
"The Times of Israel" və "Jerusalem Post" nəşrlərinin məlumatına görə, 76 yaşlı Binyamin Netanyahu ötən dövrlərdə erkən mərhələdə prostat xərçəngi diaqnozu ilə "Hadassah" Tibb Mərkəzində şüa terapiyası alıb. İsrail həkimlərinin rəsmi hesabatlarına əsasən bu müalicə tam uğurla başa çatıb, bədxassəli şiş tamamilə yox olub və bədəndə heç bir metastaz izi qalmayıb
Müxalifətin "diaqnoz niyə gizlədilirdi?" tənqidlərinə cavab verən Netanyahu rəsmən bildirib ki, müalicə hesabatının gecikdirilməsi hərbi-strateji məqsəd daşıyıb. O, İran rejiminin müharibə gedişində bu məlumatdan yalan təbliğat və psixoloji diversiya aləti kimi istifadə etməsinin qarşısını almaq üçün hesabatı qəsdən gec açıqladığını etiraf edib.
İran və Rusiya: İnformasiya cəbhəsində manipulyasiya...
İranın "İRNA" və "Tasnim" agentliklərinin məlumatlarından bəlli olur ki, Tehran mütəmadi olaraq İsrail rəhbərliyinin "çöküşü" barədə xəbərlər tirajlayır.
"Al Jazeera"-nın təhlillərində qeyd olunur ki, iranlı həkimin son iddiası da İsrail cəmiyyətində qeyri-müəyyənlik və panika yaratmaq məqsədi daşıyan genişmiqyaslı psixoloji müharibənin tərkib hissəsidir.
"TASS" və "RİA Novosti" kimi Rusiya mənbələrinin şərhinə görə isə, tibbi savadı olan bir şəxsin klinik sübutlar olmadan yalnız vizual görünüşə əsasən ölüm hökmü çıxarması tibb elmindən daha çox "siyasi sifariş" təsiri bağışlayır və tərəflər bir-birini zəif göstərmək üçün bu cür metodlardan tez-tez istifadə edirlər.
Qərb və müstəqil fakt-yoxlayıcılar...
"Reuters" və "Associated Press" (AP) agentliklərinin məlumatına görə, regional müharibə dövründə Netanyahunun səhhəti və "ölümü" ilə bağlı yayılan onlarla bənzər iddia feyk (saxta) çıxıb. "BBC" və "CNN"-in tibb ekspertlərinə istinadla verdiyi şərhdə vurğulanır ki, müasir onkoloji protokollarda "uzaqdan foto ilə diaqnoz" anlayışı yoxdur və bu, həkim etikasının ciddi şəkildə pozulmasıdır. Qərb kəşfiyyat qaynaqları da Netanyahunun vəziyyətinin kritik olması barədə hər hansı ciddi sübutun olmadığını bildirir.
Nəticə:
Mənbələrin təhlili göstərir ki, iranlı həkim Əmir Foruğinin iddiası tibbi reallıqlardan uzaq, tamamilə siyasi yönümlü təbliğat xarakteri daşıyır. Netanyahu keçmişdə xərçəng müalicəsi alsa da, hazırda xəstəliyin nəzarət altında olduğu və onun fəaliyyətini normal şəkildə davam etdirdiyi beynəlxalq hesabatlarda təsdiqini tapıb.
S.Laçın