“Rusiya-Avropa müharibəsi Amerikanın da hərbi-iqtisadi marağındadır...”
 




“Belə bir  şəraitdə Rusiya  Təhlükəsizlik Şurasının sədr müavininin  bəyanatının arxasında Litvanın silahlanmasının qarşısını almaq məqsədi durur...”  
 
Siyasi analitik Tahir Cəfərli Moderator.az əməkdaşının “Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə Litva "dünya xəritəsindən silinə bilər"” bəyanatına necə yanaşırsız? Sualını belə cavablandırıb:

“Çox ciddi... Çünki Avropa İttifaqının silahlanması və eynən Litvanın da bu mövqeni tutması Rusiya üçün sözünhəqiqi mənasında hərbi təhlükə yaradır.  Ukrayna müharibəsi fonunda son  hadisələrə diqqət edin... Rusiya  dron və raketlərinin arealı  Polşa və Pribaltika sərhədlərinə çatır. Bu onu göstərir ki, Rusiya bu ölkələri də vura bilər.
 
Aİ-də hərbi sənaye komplekslərinin işə salınması və ABŞ kimi bir nəhəngin iqtisadiyyatının bu sahədən gəlir  götürməsi, bu ölkələri gücləndirir və silah satışından gəlirlərini artırır. Belə bir  şəraitdə Rusiya  Təhlükəsizlik Şurasının sədr müavininin  bəyanatının arxasında Litvanın silahlanmasının qarşısını almaq məqsədi durur...  Əlbəttə ki, belə getsə, Ukraynadan əlavə Rusiya başqa ölkələrə də təcavüz edə bilər...
 
Biz anlamalıyıq ki, Aİ hərbi sənaye komplekslərinin işə düşməsi Ukrayna  müharibəsinin sülhlə bitməsinə imkan verməyəcək və ABŞ-ın sülh proqramlarına  faktiki olaraq son qoyacaq. Əgər  fikirləşirsinizsə ki, ABŞ və Aİ bu məsələdə birdir, yanılırsınız. Faktiki olaraq bu saat NATO ABŞ-la deyil və o deyənləri etmir.
 
Aİ  hərbi sənayeni inkişaf etdirməsi və ya  gücləndirməsi yeni silahlarla Rusiyanı əhatə edən ölkələri silahlandırması, Rusiyanın qarşısında bu ölkələrə qarşı ciddi hərəkətə keçmək zərurəti yaradır. Bu saat Aİ dildə demokratdır, əslində yeni müharibə təhlükəsi yaradan ölkələr ittifaqına çevrilib.

Almaniya və Polşanın Pribaltika ölkələrində aktiv hərbi hərəkətləri Rusiya rəhbərliyini bu ölkələrə qarşı ciddi addımlar atmağa vadar edir.  Əgər Rusiya Ukrayna kimi Litvaya qarşı hərəkətə keçsə, doğrudan da, bu ölkə dünyanın siyasi xəritəsindən silinər və Aİ ilə Rusiya arasında müharibəyə səbəb olar. Əfsuslar olsun ki, Aİ-nin tutduğu mövqe prosesləri buna doğru sürükləyir.
 
 
Və onu da əlavə edim ki, bu muharibə də Rusiya ilə yanaşı Amerikanın da geo-siyasi və hərbi-iqtisadi marağındadır...”