İdman zalına gedən və mütəmadi olaraq protein əlavələrindən istifadə edən kişilər saçlarında yaranan dəyişikliklərə diqqət yetirməlidirlər. Yeni araşdırmada protein əlavələri ilə saç tökülməsi arasında mümkün əlaqə araşdırılıb.
Moderator.az xəbər verir ki, bu barədə “Mirror” yazıb.
JAAD Reviews jurnalında dərc olunan araşdırmaya görə, protein əlavələrinin birbaşa alopesiyaya səbəb olduğu sübut edilməyib. Lakin alimlər bu əlavələrin genetik olaraq androgenetik alopesiyaya meyilli kişilərdə saçların seyrəlməsinə təsir göstərə biləcəyini ehtimal edirlər.
Tədqiqatçılar protein əlavələrinin hormonlara, insulinəbənzər böyümə faktoru-1-ə (IGF-1) və androgenlərlə əlaqəli proseslərə mümkün təsirlərini araşdırıblar.
Bununla belə, protein əlavələri ilə saç tökülməsi arasında birbaşa əlaqəni təsdiqləyən kifayət qədər klinik sübut yoxdur. Mütəxəssislər buna görə insanların panikaya düşərək protein qəbulunu dayandırmasını tövsiyə etmirlər.
Əgər şəxsdə saç tökülməsinə genetik meyl varsa və qidalanma, idman rejimi və ya əlavələrdə dəyişiklikdən sonra saçlarda nəzərəçarpan seyrəlmə yaranırsa, bütün bu amillər birlikdə qiymətləndirilməlidir.
Hazırkı məlumatlara əsasən, protein əlavələrinin keçəlliyə səbəb olduğunu söyləmək düzgün deyil. Bu əlaqənin dəqiq müəyyənləşdirilməsi üçün daha geniş araşdırmalara ehtiyac var.