"Sabahdan hər səhər oyananda öncə “Kimin mənə ehtiyacı var?” sualını verək... –Artıq dəyişmək zamanıdır...”
14 Sep 2026, 10:10 30 baxış 6 dəq oxuma
“İnanın ki, yoxsulların yoxsulu olsaq da, bunları edəndən sonra özümüzü elə məmnun, taraz, hüzur içində və xoşbəxt hiss edəcəyik ki...”
“Bir cəmiyyət özünü dəyişməyincə Allah da onu dəyişməz...” - Qurani-Kərim
-DÜŞÜNCƏ BOXÇASI...-
Dünyanın və məmləkətin əksər sakinlərinin özünün, ailəsinin ehtiyaclarını halal yollarla ödəməkdə böyük çətinliklər çəkdiyi bu ağır zamanda çoxları sübh vaxtı yerindən qalxıb həyatının növbəti gününə başlayanda öncə bu sualı verir: “Özümün, ailəmin, oğlumun, qızımın, ata-anamın, nəvələrimin nəyə ehtiyacı var? Onları necə ödəyim?..”
Və qəlbimizi didib-dağıdan bu suallarla gün boyu çalışır, əlləşir, yalnız əvvəlkindən bir az çox gəlir əldə edəndə, yaxud yeni, daha qazanclı bir iş yeri tapanda azda olsa, sevinirik... Beləcə şair demiş “ömür keçir bu adətlə...”; hər gün eyni şeylər, eyni işlər, eyni qayğılar, eyni şikayətlər, eyni naşükürlüklər, qanqaraçılıqlar, evdə də, işdə də, çöldə-bayırda da biri-birini acılamalar...
Gəlin sabahdan bu vərdişimizi dəyişək və oyanıb yeni günə başlayanda öncə başqa bir sual verək:
“Kimin, kimlərin mənə ehtiyacı var? Yalnız öz ailəmin, oğul-qızımın, ata-anamın, bacı-qardaşımın, ən yaxın dostumun deyil, qonşuların, bir az uzaq qohumların, iş yoldaşlarımın, sadəcə küçədə qarşıma çıxacaq bir Allah bəndəsinin, bəlkə planetin hansısa guşəsində zülm altında inləyən, güllələrə, raketlərə, dronlara hədəf gələn uşaqlar, qadınlar, qocalar, xəstələrin?..
Çoxları öz-özünə deyəcək ki, rəhmətliyin uşağı, mən özümü, ailəmi zorla dolandırıram- başqasına nə yardım edə, nədə kömək edə bilərəm?..
Əvvəla, Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın təbirincə desək, bir xurma da sədəqədir... Küçədə qarşına çıxan kimsəsiz uşağa bircə şəkər, bircə konfet, bircə alma verib onun üzünü azca güldürmək də insanlığa bir yardım, bir köməkdir...
Səhər tezdən evdən ruzi dalınca çıxanda kimsəsiz, xəstə qonşunun(lap sağlam olsun, varlı olsun) qapısının ağzında axşamdan qalmış bir torba zibili əlimizə götürüb bayırdakı zibil qutusuna ataq...
Qarşımıza çıxan o biri qonşularımıza ürəkdən “Salaməleykum! Sabahınız xeyirli olsun!” deyib üzlərinə gülümsəyək...
Bizim də üzümüzə gülənlərə, salam verənlərə görə də sevinək...
Salam verib üzünə gülümsəyəndən sonra heç kəsin ardınca nəinki yanımızdakıyla birgə qeybət etməyək, hətta onun haqqında pis, neqativ düşünməyək belə...
Gün ərzində ata-anamız, doğmalarımızla yanaşı, digər qohumlara, dostlara, xüsusən, xəstə və ya ehtiyaclı olanlara bir telefon açaq, hallarını xəbər alaq, ən azı mənən bir ürək-dirək verək... Onları gedib üzbəüz ziyarət edə bilməsək də, heç olmasa bir zəng edək...
Bəlkə dünən-sırağagün kiminsə xətrinə dəymişik, qəlbini qırmışıq, zəng edək, hətta evinə gedək, üzr diləyək, peşmançılığımızı ifadə edək, könlünü alaq...
Həyətdəki, parkdakı quşlara, sərçələrə, göyərçinlərə, kimsəsiz heyvanlara, itlərə, pişiklərə də üərk açıqlığıyla baxaq və gülümsəyək. Onlara heç olmasa, əlimizə keçən bir neçə dəni, çörək parçasını, sür-sümüyü ataq...
Ətrafımızdakı, otlara, çiçəklərə, güllərə, kollara, ağaclara, yollara, cığırlara, Günəşə, Aya, dənizə, gölə, çaya, buludlara, yağan yağışa, qara, küləyə də gülümsəyək, günə, havaya qətiyyən “pis” deməyək və Allaha bolluca şükür edək... Ən azı ona görə ki, bizi heç nədən, xəbərimiz olmadan bu gözəl dünyaya gətirib...
Bir də ki... İnsanlara sədəqə, kömək yalnız maddi nemətlərlə, hansısa davranışlarla olmur axı...
Namaz qılsaq da, qılmasaq da, səhərlər, yaxud günboyu və ya gecə yatanda ətrafımızda, uzaqlardakı bütün çətinlikdə, darda olanlar, müharibələrdən zülm çəkənlər, yoxsullar, xəstələr üçün və s. üçün Allaha dualar edək...
Gəlin, hansımız bu deyilənləri etmiriksə bu gündən, sabahdan, etməyə başlayaq...
İnanın ki, yoxsulların yoxsulu olsaq da, bunları edəndən, yəni kimlərəsə az da olsa, maddi və ya mənəvi dəstək olandan sonra özümüzü elə məmnun, taraz, hüzur içində və xoşbəxt hiss edəcəyik ki...
Axı insan sözü “ünsiyyət” sözününü kökü olan “üns” kəlməsindən yaranıb... Ətrafındakı insanlarla daim xoş ünsiyyətdə olub, onlara əlindən, könlündən gələn dəstəyi verib Yaradanına şükür edənlər heç vaxt yalnız, yalqız, köməksiz qalmaz... İnanın...
Bu minvalla dəyişək, öncə özümüzü dəyişək...
Artıq dəyişmək zamanı gəlib... Hələ çox gecikməmişikmi?..
Özümüzü yaxşılığa dəyişək ki, ətrafımız da dəyişsin, cəmiyyətimiz də, ölkəmiz də, dünyamız da... Rahatlığa, gözəlliyə doğru...
Axı Yaradanımız aydın şəkildə buyurur:
“Bir cəmiyyət özünü dəyişməyincə Allah da onu dəyişməz...”( Qurani-Kərim, “Rədd” surəsi, 11-ci ayə)
Beləcə hüzur içində Haqqa- Rəbbimizə üz tutaq, Ona tapınaq, Onun yoluyla gedək... Və qəti bilək ki, Haqqa üz tutmayınca, ona tapınmayınca, haqqımız tapdanacaq və onu tələb belə, edə bilməyəcəyik...