“Azərbaycanda qızlardan ibarət Xalq Çalğı alətləri ansamblını mən yaratmışam. Bundan da böyük bu incəsənət üçün nə etməliyəm?! Müəllim kimi müəllim olmuşam, rəhbər kimi rəhbər. Azərbaycan incəsənətinə Rəşad Haşımov kimi musiqiçi bəxş etmişəm. Azərbaycanda yeganə Xalq artisti qadın tarzənəm. Heç qadın Əməkdar artist də yoxdur. Mən də istərdim ki, sağlığımda qiymətimi alım. Amma hələ də tam arzularıma çatmamışam”.
 




Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ceyran Haşımova deyib.

O daha sonra aparıcı Elgiz Əkbərə cavab verib:
 
“Pambıqçılar, kalxoz və sovxozda çalışan zəhmətkeşlər üçün hər zaman konsert proqramları ilə çıxış etmişik. Elgiz Ruhəngizə deyir ki, vacib idi pambıqçılara konsert verirsən?! Bəs qızmar günəş altında tarlada işləyən pambıqçıların əhval-ruhiyyəsini dəyişmək lazım idi ya yox?! Elə şey olar?! Onlar bəyəm adam deyillər?! Biz konsert verəndə heç olmasa 40 dəqiqə işə fasilə edib, dayanıb bizə tamaşa edirdilər. 1959-cu ildə təşfiqat qatarı var idi. Azərbaycandan 90 nəfər ziyalı-yazıçı, şair, aktyor, müğənnilər bölgələrə səfər edirdik. Hər yerdə konsertlər verirdik. O vaxt bu həm vacib, həm də məcburi idi. Nə ixtiyarımız var idi ki, getməyək?! “Lalə Qızlar” ansamblı televiziya ilə, filarmoniya ilə fəaliyyətə başlayıb, özfəaliyyət ilə yox. O qədər Xalq artistləri var ki, özfəaliyyətdən çıxıblar. Amma bizim təməl daşımız dövlətlə qoyulub”.

Qeyd edək ki, “Şadlıq olsun” verilişində Əməkdar artist Ruhəngiz Allahverdiyeva 52 illik sənət fəaliyyətində rayonlarda çoxsaylı çıxışlar etdiyini bildirib. Aparıcı Elgiz Əkbər isə sənətçinin rayonlardakı çıxışları ilə bağlı ona iradını bildirib: “Pambıqçıya lazım idi sən oxuyasan?! İstidə camaata lazımdır. Camaat pambıq yığırdı, sən də ora gedib oxuyursansa, ona mane olmusan”.