Bu gün 18 oktyabr – Müstəqilliyin Bərpası Günüdür. 1991-ci ilin məhz bu günündə Azərbaycan xalqı 70 illik fasiələdən sonra yenidən öz müstəqilliyini elan edib, apardığı azadlıq mübarizəsini məntiqi sonluğuna çatdırıb.


18 oktyabr həm də Xudafərinin erməni işğalından azadlığı günü kimi qeyd olunur. 2020-ci ilin 18 oktyabr tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları hücum əməliyyatlarını uğurla davam etdirərək Cəbrayıl rayonu ərazisindəki Xudafərin qəsəbəsini erməni işğalından azad etdi. Xudafərin körpüsü 27 illik ayrılıqdan sonra yenidən Azərbaycanın nəzarətinə qaytarıldı. Bu, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi ən böyük hərbi və mənəvi uğurlardan biri idi.






Xudafərinin azad edilməsi hərbi nailiyyət olmaqla yanaşı, həm də böyük mənəvi əhəmiyyət kəsb edirdi. Çünki Xudafərin hər zaman Azərbaycan xalqının tarixi kimlik, milli birlik və həmrəylik simvollarından biri olub və bu gün də belədir. Onun azad edilməsi xalqımızın tarixi kimliyinin növbəti təsdiqi, milli birlik və həmrəylik əzminin təntənəsi oldu. Elə bu səbəbdən də Xudafərin sərhədçilər tərəfindən azad edilməsi İrandakı soydaşlarımız tərəfindən də böyük sevinclə qarşılandı. Həm ölkəmizin daxilində, həm də onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı bir daha əmin oldu ki, İlham Əliyevin liderlik etdiyi Azərbaycan məğlubedilməzdir və onu dayandırmaq, ona mane olmaq mümkün deyil.


Uzun əsrlərdir ki, zamana meydan oxuyan Xudafərin bu gün də Azərbaycan-İran sərhəddində əzəmətlə ucalmaqda, dövlətimizin və xalqımızın yenilməzlik simvolu kimi öz mövcudluğunu davam etdirməkdədir. Əminliklə demək olar ki, 44 günlük Vətən müharibəsindən sonra xalqımız üçün mənəvi önəmini daha da artıran Xudafərinin azadlığını sərhədçilərimizin xalqımıza, müstəqilliyimizə və suvereliyimizə əbədi töhfəsidir. Bundan sonra Xudafərin körpüsü hər yada salınanda və ya hər ziyarət olunanda sərhədçilərimizin Vətən müharibəsində Cəbrayıl rayonu və bu körpü uğrunda apardığı ölüm-dirim savaşı, göstərdiyi qəhrəmanlıqlar da yada düşəcək, hərbçilərimizin şücaəti hər kəs tərəfindən sonsuz minnətdarlıq hissi ilə xatırlanacaq. Çünki artıq Xudafərinin soyuq daş divarlarına hərbçilərimizin saf nəfəsi, isti təri, pak qanı hopub və bu, onu daha da müqəddəs edir.


Seymur ƏLİYEV