“Bunlar mənim üçün pulla ölçülməyəcək mənəvi sərvətlərdir. Çünki insanın öz dövlətinin müstəqilliyini, öz bayrağının dalğalanmasını, öz ordusunun torpaqlarını azad etməsini görməsi, doğma yurdunun havasını udması hər hansı maddi qazancdan qat-qat qiymətlidir...”
...35 il öncə Azərbaycan xalqının böyük əksəriyyətinin, xüsusən də gənclərin, tələbələrin ürəyi bir amal uğrunda döyünürdü: müstəqillik, azadlıq, suverenlik, Qarabağ- ərazi bütövlüyü!..
Nəhayət, 18 oktyabr 1991-ci ildə o vaxt hələ rəsmən Azərbaycan SSR Ali Soveti adlanan parlamentimiz Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul etdi. Əlbəttə, Ali Sovetdə müstəqilliyin əleyhinə səs verənlər olduğu kimi, cəmiyyətdə də ona qarşı çıxış edənlər oldu. Əslində, SSRİ kimi nəhəng bir imperiyadan hüquqi cəhətdən yenicə qurtulmaqda olan ölkədə 15–20 deputatın müstəqil dövlətçilik əleyhinə səs verməsi, yaxud 100–200 min vətəndaşın hələ də Moskvanın nökəri kimi yaşamağa üstünlük verməsi təbii hal idi. Ən qəribəsi və təəssüf doğuranı isə budur ki, o zaman parlamentdə müstəqilliyin lehinə səs verənlərin, cəmiyyətdə, müxtəlif siyasi təşkilat və partiyalarda ona dəstək verənlərin də bir qismi cəmi 2–3 il sonra müstəqilliyə qarşı çıxanlarla eyni cəbhədə yer aldı. Dildə azadlıqdan, müstəqillikdən, demokratiyadan dəm vursalar da, mahiyyət etibarilə bunların əleyhinə oldular...
Birincilər üçün müstəqilliyin əleyhinə səs vermək və ya açıq şəkildə ona qarşı çıxmaq, əsasən, sovet ideologiyasına əqidəvi bağlılıqdan deyil, hələ öz yerində olan Mərkəzdən — Kremldən qorxudan, yaxud birbaşa SSRİ Dövlət Təhlükəsizlik Komitəsi — DTK (“KQB”) ilə bağlılıqdan qaynaqlanırdısa, sonradan əsl simaları ifşa olunan ikincilərin müstəqilliyin lehinə səs verməsi, söhbətlərində, çıxışlarında və yazılarında ona dəstək ifadə etməsi, deməli, karyerist “uzaqgörənlik”lərindən irəli gəlirmiş...
Əslində, hər iki təbəqənin nümayəndələrini “Azərbaycan xalqı, Azərbaycan vətəndaşı üçün dövlət müstəqilliyinin bərpası nəyə lazımdır, yaxud niyə lazım deyil?” sualı deyil, “Müstəqilliyin bərpasından və ya bərpa edilməməsindən şəxsən mən(uzaqbaşı ailəm, tayfam) nə qazana bilərəm?” sualı düşündürürmüş...
Onlar bu gün də — müstəqilliyimizin bərpasının 35-ci ildönümündə — elə həmin suallar üzərində düşünürlər. Birincilər vaxtilə tutduqları mövqeyə görə peşmandırlar: “Demə, müstəqilliyin bərpası elə mənm də xeyrimə imiş! Gör, bu günədək nələr qazanmışam!..” İkincilər isə hələ də “Görəsən, bu müstəqillikdən bundan sonra nələr qazana bilərəm?” deyə düşünürlər...
Bəs 1988-ci ildən bəri gecə-gündüz meydanlarda “Azadlıq, müstəqillik!”, “Qarabağ!” deyə hayqıran, 1988-1994, 2016 və 2020-2023-cü illərdə Qarabağ, ərazi bütövlüyümüz uğrunda qan tökən sadə vətəndaşlara nə qazandırdı bu müstəqillik?..
Məsələn, elə bu sətirlərin müəllifinə müstəqillik nə qazandırdı?..
Mənim üçün ən böyük mənəvi qazanc dövlətimizin hüquqi baxımdan müstəqilliyini bərpa etməsi, dövlət binalarımızın üzərində istiqlalçı qurucu babalarımızın yaratdığı ilk müstəqil, demokratik Azərbaycan dövlətinin — Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli bayrağımızın dalğalanması, gerbimizin bərq vurması, dövlət qurumlarında Azərbaycan türkcəsinin rəsmən hakim dilə çevrilməsi, Milli Ordumuzun formalaşması və, nəhayət, həmin ordunun şəhid və qazilərinin canı-qanı, dövlətimizin siyasəti, həmçinin qardaş Türkiyənin böyük siyasi-mənəvi və hərbi-texnoloji dəsətəyi sayəsində torpaqlarımızın xarici düşmən işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası oldu. Həmçinin portal vasitəsilə icazə alaraq da olsa, təxminən 30 ilə yaxın həsrətində olduğum doğma dədə-baba yurduma bir neçə dəfə getmək, ulu baba-nənəmin məzarlarını və evimizin xarabalıqlarını ziyarət etmək imkanı qazandım...
Bunlar mənim üçün pulla ölçülməyəcək mənəvi sərvətlərdir. Çünki insanın öz dövlətinin müstəqilliyini, öz bayrağının dalğalanmasını, öz ordusunun torpaqlarını azad etməsini görməsi, doğma yurdunun havasını udması hər hansı maddi qazancdan qat-qat qiymətlidir...
Hə... Bir mənəvi qazancım da ondan ibarət oldu ki, 70 ildə ata-babalarıma zülm etmiş, baba-nənələrimin halal var-dövlətlərini, torpaqalrımı əlindən almış, yüz minlərlə soydaşımı repressiyaya məruz qoymuş, bu gün də müstəqilliyimizə barmaqrası baxmaqda davam edən, Azərbaycanı yenə də rəsmən öz quberniyasına çevirməyə çalışan Rusiya imperiyasına qarşı öz qələmimlə sərt yazılar yazmaq imkanı qazandım...
Maddi cəhətdən isə, demək olar ki, gündəlik, aylıq çörəkpulundan savayı heç nə qazanmadım... O səbəbdən ki, müstəqilliyimizin bərpa olunduğu günlərdə tələbə kimi Dərnəgüldəki tələbə yataqxanasında qalırdım, indi də, 35 il sonra — artıq ata və baba yaşında — Yasamaldakı Dövlət İdarəçilik Akademiyasının yataqxanasında yaşayıram... Əgər vaxtilə “Mən Azərbaycanın müstəqilliyinin bərpasından nə qazandım?” deyə düşünən partokratların və «demokrat»ların məntiqi ilə yanaşsaq, onda bütün bunlar öz günahımdır: sadəcə pul, var-dövlət, ev, maşın, vəzifə, mandat qazanmaq üçün fərasətim olmadı!..
Bundan sonrası da ya qismət!..
Gözləyirəm görək, müvafiq hökumət qurumları nə vaxt işğaldan azad edilmiş, Laçın şəhərindən hava xətti ilə cəmi 1–2 kilometr məsafədə yerləşən Ağanus kəndini bərpa edəcəklər. Heç olmasa, pensiya yaşımı doğma ata yurdumda qarşılayım, ömrümün qalan illərini öz elimdə, öz obamda yaşayım. İllərdir həsrətində olduğum o torpaqda yaşamaq da, bəlkə, müstəqilliyin mənə verəcəyi ən böyük maddi-mənəvi qazanc olacaq...
Çünki müstəqillik təkcə bayraq, gerb, himn, sərhəd və dövlət atributları deyil. Müstəqillik həm də öz doğma yurdunda yaşamaq, öz dilində danışmaq, öz dövlətinin vətəndaşı kimi ləyaqətlə ömür sürmək imkanıdır. Bu imkanın hər bir vətəndaş üçün gerçəkliyə çevrilməsi isə hələ qarşıda duran mühüm vəzifələrdəndir...
İslam ənənəsində ötən yazılarımdan birində də xatırlatdığım ağıl, iman və həya arasında əlaqəni ifadə edən məşhur bir rəvayət də var. Bu məzmunda nəql olunan hədislərdən birində həya ilə imanın bir-birinə bağlılığı vurğulanır. Həqiqətən də, insanın ağlı haqqı dərk etməsinə, imanı doğru yola yönəlməsinə, həya isə özünü və vicdanını qorumasına kömək edir. Dövlətçilikdə də, şəxsi həyatda da bu keyfiyyətlərdən məhrum olmaq insanı mənəvi iflasa aparır. Çünki vəzifə, sərvət, mandat qazanmaq olar, amma itirilmiş vicdanı və ləyaqəti geri qaytarmaq hər zaman mümkün deyil...
Allah müstəqil(!) dövlətçiliyimizi, dövlətimizi qorusun!..
Sultan Laçın