Ukrayna Silahlı Qüvvələri oktyabrın 18-nə keçən gecə Rusiyanın Leninqrad vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum həyata keçirib. Bütün gecə ərzində regionda ardıcıl partlayış səsləri eşidilib.


Moderator.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko məlumat verib.






Onun sözlərinə görə, region üzərində artıq 100-dən çox PUA məhv edilib.


Ukrayna ordusunun hədəflərindən biri VK şirkətinin data-mərkəzi olub. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu hadisə xidmətlərin fəaliyyətinə təsir göstərməyib.


Lakin hücum nəticəsində "Sankt-Peterburq Neft Terminalı" da zərbəyə məruz qalıb. Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov müəssisə ərazisində yanğın başladığını açıqlayıb. O, həmçinin Neva, Krasnoselsk, Krasnoqvardeysk və Moskva rayonlarında mülki infrastruktur obyektlərində də yanğınların qeydə alındığını əlavə edib.


Hücum fonunda "Pulkovo" hava limanı təyyarələrin qəbulu və uçuşunu məhdudlaşdırıb. Aeroportun xidmətləri sərnişinləri və əməkdaşları təhlükəsiz yerlərə təxliyə ediblər. Məlumata görə, vurulan PUA-ların qalıqları elektrik xətlərini qırdığı üçün işıqların sönməsi və ya şəbəkədə gərginliyin düşməsi müşahidə olunur.


(oxu.az)