Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik və ya psixotrop maddələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb.
 




Moderator.az "Haber Global" telekanalına istinadən xəbər verir ki, ittiham aktında onun azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur.
 
İstanbulda Bakırköy Prokurorluğunun hazırladığı ittiham aktına əsasən, tanınmış şəxslərin narkotik vasitələrdən istifadə etməsi və onları bir-birinə təqdim etməsi barədə məlumatlar əldə olunub. Bundan sonra Yalçıntaş barəsində araşdırma başlanıb.
 
Müğənninin ünvanında aparılan axtarış zamanı marixuana üyütmək üçün iki aparat, həssas tərəzi və içərisində bitki qalıqları olduğu ehtimal edilən banka aşkarlanıb. İttiham aktında onun mobil telefonunda "Aytaç Kartt" və "Mami Rodi" adı ilə qeydə alınmış şəxslərlə səsli və yazılı yazışmalarının narkotik vasitələrin alqı-satqısı məqsədi daşıdığı ehtimalı da qeyd edilib.
 
Yalçıntaş ifadəsində narkotik istifadə etmədiyini bildirib. O, bankadakı maddənin anasının göndərdiyi kəklikotu olduğunu, üyütmə aparatlarını Buğra Ateş adlı dostunun hədiyyə etdiyini, həssas tərəzidən isə idmanla məşğul olduğu üçün qidalanmasına nəzarət məqsədilə istifadə etdiyini deyib.
 
İttiham aktında müğənninin qan və saç nümunələrinin analizində marixuananın təsiredici maddəsi olan THC-nin metabolitinin və kokainin aşkarlandığı bildirilib.