“Bu mövsüm ərzində teatrı olmayan bölgələrdə “açıq qapı” günləri keçirəcəyik” - Bakı Uşaq və Gənclər Teatrından möhtəşəm LAYİHƏ+ÖZƏL
15 Sep 2026, 09:30 26 baxış 4 dəq oxuma
“Bizim teatrda mövsüm açılışı və bağlanışı iki tamaşa ilə olur. Uşaqlar üçün ayrı, gənclər, böyüklər üçün tamam ayrı tamaşa nümayiş olunur. Sentyabr ayının 4-də Bilik günü ilə əlaqədar olaraq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Bakı Şəhər Komitəsinin təşkilatçılığı ilə balaca tamaşaçılar üçün “Gözlə məni, məktəb” tamaşası ilə çıxış etdik. Deyilənə görə çox gözəl tədbir oldu. Sonra ittifaq bu il 1-ci sinfə gedəcək uşaqlar üçün çox gözəl hədiyyə buketini onlara təqdim etdi. Böyüklər üçün isə planlaşdırmışıq ki, sentyabr ayının 26-da Xankəndində “Vətən” tamaşasını nümayiş etdirək. Biz hər il sentyabr ayının 26-da Türk dili münasibəti ilə açılışımızı edirdik. Qələbə qazanandan sonra isə şəhidlərimizin anım gününü qeyd etdiyimiz üçün bu tarixdə mövsümə start verirdik. Çox istəyirik ki, bu dəfə “Vətən” tamaşası Xankəndində nümayiş olunsun. Hazırda Qarabağ Universitetinin rəhbərliyi ilə danışıqlar gedir. Düşünürəm ki, tamaşamızın Xankəndində nümayişi onların tədbirlər planı ilə üst-üstə düşüb-düşməməyindən asılı olacaq. “Vətən” bayrağımıza, himnimizə aid olan çox möhtəşəm bir tamaşadır. Əgər sentyabr ayının 26-da üzrlü səbəbdən bu baş tutmazsa, yəqin ki, yaxın ərəfədə o tədbiri, tamaşanın nümayişini reallaşdıracağıq. Çünki sentyabr ayının 27-dən noyabr ayının 8-nə qədər hər günümüz Qarabağ şəhidlərinin, qəhrəmanlarının ruhları qarşısında baş əydiyimiz günlərdir. Bu bizim borcumuzdur. 44 gün müddətində bu tədbiri etməyimiz əlbəttə ki, yerinə düşərdi”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan deyib.
O daha sonra bu mövsüm üçün planlaşdırılan bəzi layihələrlə oxucuları xəbərdar edib:
“Bu mövsüm də yeni tamaşalar üzərində işləyəcəyik. Amma yeni hazırlanacaq tamaşalardan əlavə əsas yaddaqalacaq bir layihədən danışmaq istəyirəm. Bu layihəni də təbii ki, biz öz gücümüzə etməyi planlaşdırırıq. Ötən mövsümdə bilirsiniz ki, “Addım-addım Vətəndə” layihəsi etmişdik. Bu layihə ilə biz hər ay bir bölgə teatrında qonaq olurduq və onlarla eyni səhnəni bölüşürdük. Bu il isə teatr olmayan bölgələrdə “açıq qapı” günləri keçirək. Məsələn, Kürdəmirdə və o ətrafda heç bir rayonda teatr yoxdur. Mingəçevir teatrında direktor işləyəndə bir müəllim yaxınlaşıb mənə dedi ki, orada sonuncu dəfə tamaşaya bilet 30 il əvvəl satılıb. Ağsaqqal bir müəllim idi. O da sirk idi, teatr tamaşası deyildi. Təsəvvür edirsiz, elə bölgələr var ki, aylarla, illərlə teatr tamaşalarına həsrət qalırlar.. Teatr mənim üçün mədəniyyətin birinci pilləsində olan bir təşkilatdır, mədəni ocaqdır. Ona görə də teatr olmayan rayonlarda “açıq qapı” günləri keçirməyi planlaşdırırıq. Bizim maliyyəmiz hara qədər imkan versə bir o qədər bunu həyata keçirməyə çalışacağıq. Maksimum nə qədər mümkündürsə biz o bölgələri, rayonları əhatə edəcəyik və çalışacağıq ki, orada teatrın təbliğatı ilə məşğul olaq. Deyirlər ki, “sən saydığını say, gör fələk nə sayır”.. Bu sözə əsaslanıb görək rəhbərliyimiz bu layihəyə necə münasibət bildirəcək?! Sağ olsunlar, indiyə qədər mənim heç bir işimə mane olmayıblar. Bilirlər ki, mənim işimdə mənfi bir nüans yoxdur. Heç vaxt da olmayacaq”.