Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasının ölkədən çıxarılması ilə bağlı İrəvandan hər hansı müraciət almayıb.
 




Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Moskva Gümrüdəki Rusiya hərbi bazasını Ermənistanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin mühüm elementi hesab edir.
 
Qaluzin qeyd edib ki, hazırda Rusiyanın Ermənistandakı hərbi mövcudluğu məsələsi ölkənin ictimai-siyasi gündəmində fəal müzakirə olunur. Bununla belə, onun fikrincə, Rusiya hərbi mövcudluğuna real alternativ hələ görünmür.
 
“Çoxları haqlı olaraq sual verir: bəs alternativ nədir? Bizim fikrimizcə, hazırda belə bir alternativ görünmür. Açığını desəm, bu rolda, məsələn, Fransa əsgərlərini təsəvvür etmək çətindir. Hətta yalnız Fransanın Ermənistandan coğrafi baxımdan uzaqda yerləşməsi səbəbindən belə”, – Qaluzin bildirib.
 
Rusiya rəsmisi əlavə edib ki, Moskva Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi məsələsini müzakirə etməyə hazırdır.
 
Onun sözlərinə görə, bu, Ermənistanın baş naziri Nikol Paşinyanın təklif etdiyi ikitərəfli münasibətlərin “inventarlaşdırılması” çərçivəsində də həyata keçirilə bilər.
 
S.Laçın