“Noyabr seçkilərinə olduqca az vaxt qaldığından çabalayan Tramp Zelenskiyə təzyiq göstərir...”
15 Sep 2026, 13:04 26 baxış 7 dəq oxuma
“Amerika prezidentinin Ukraynaya belə konkret məhdudiyyət qoyması onun vasitəçi kimi tam neytral olmadığını göstərir...”
“ “The Kyiv Independent” nəşrinə görə, Trampın sentyabrın 13-də səsləndirdiyi fikir sadəcə Zelenski ilə məhdudlaşmadı. Sentyabrın 14-də Tramp artıq Rusiya və Ukraynanın enerji obyektlərinə zərbələri dayandırmaq barədə razılaşdığını iddia etdi. Zelenski isə bunun yalnız Rusiyanın qarşılıqlı öhdəliyinə dair etibarlı təminat olduqda mümkün olduğunu bildirdi. Moskva da Trampın çağırışını müsbət qarşıladı. Məncə, burada bir neçə amili bir-birindən ayırmaq lazımdır...
Artıq yaxşı bilinir ki, Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri son aylarda Rusiyanın yanacaq istehsalına ciddi təsir göstərib və ölkə daxilində yanacaq çatışmazlığı yaradıb. Bundan başqa, hazırda qlobal dizel bazarında da olduqca ciddi gərginlik var”.
Bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında ABŞ-da yaşayıb fəaliyyət göstərən konfliktoloq professor Əli Əskərli “Trampın Zelenski qarşısında Rusiyanın dizel yanacağı istehsal edən müəssisələrinə zərbələri durdurmaq tələbini necə şərh edərdiniz?” sualını cavablandırarkən dilə gətirib.
“ABŞ Prezidenti Donald Tramp dünyada dizel qiymətlərinin artmasının əsl səbəbinin İran deyil, böyük ölçüdə Rusiya-Ukrayna müharibəsi olduğunu iddia etdi. Lakin bunu yalnız Ukraynanın Rusiyanın enerji sektoruna zərbələri ilə izah etmək düzgün olmaz. İran müharibəsi və Hörmüz boğazında yaranmış problemlər qlobal yanacaq böhranının ən əsas səbəblərindəndir. Tramp bu amilin üzərini örtməyə çalışır, çünki Hörmüz boğazındakı böhranın əsas səbəbkarlarından biri onun özüdür. Lakin o, nə edirsə etsin, bu reallığı gizlədə bilməz”, - deyə davamında Əli Əskərli diqqətə çatdırıb.
Konfliktoloq hesab edir ki, son günlər Bab əl-Məndəb boğazında təhlükəsizliyin pozulması da neft və dizel qiymətlərinə təsir göstərir:
“Qeyd edək ki, Bab əl-Məndəb böhranı da birbaşa Hörmüz boğazındakı böhranla əlaqəlidir. Bab əl-Məndəb böhranı həm təchizat, həm də nəqliyyat baxımından ciddi problemlər yaradır. Xüsusilə dizel yanacağının daşınması ilə bağlı risklər artmaqdadır. Gəmilərin marşrutlarını dəyişərək Afrikanın ətrafından daha uzun yolla hərəkət etməsi yanacaq, sığorta və daşınma xərclərini artırır, təchizat zəncirində sıxıntılar yaradır və nəticədə dizel qiymətlərinin yüksəlməsinə ciddi təzyiq göstərir. Bununla belə, xüsusilə ABŞ-da dizel qiymətlərinin artımını yalnız Bab əl-Məndəb böhranı ilə izah etmək düzgün olmaz. Hörmüz boğazındakı vəziyyət, Yaxın Şərqdən qlobal neft təchizatına dair risklər və neft emalı imkanları da qiymətlərin formalaşmasında mühüm rol oynayır...”
“Burada daha bir diqqətəlayiq məsələ var. Trampın Ukraynaya belə konkret məhdudiyyət qoyması onun vasitəçi kimi tam neytral olmadığını göstərir. O, Zelenskiyə təzyiq göstərərək Ukraynanın Rusiyaya qarşı mühüm iqtisadi rıçaqlarından birini məhdudlaşdırmağa çalışır. Bunun müqabilində əsas məsələ Rusiyanın buna necə reaksiya verəcəyidir. Moskva Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırmasa, bu, Ukraynanın özünümüdafiə imkanlarının birtərəfli şəkildə zəifləməsi demək olar. Bununla belə, ən azı qısa müddətdə hər iki tərəfin bu vəziyyətdən öz maraqları doğrultusunda istifadə etməyə çalışacağı gözləniləndir.
Burada Trampın ABŞ-ın daxili iqtisadi maraqlarını da nəzərə aldığı aşkardır. ABŞ-da dizelin qiyməti rekord səviyyəyə qalxıb və bu, nəqliyyat və inflyasiya baxımından sadəcə iqtisadi problem deyil, həm də birbaşa siyasi problemdir. Noyabr seçkilərinə olduqca az vaxt qalıb və Tramp bu böhrandan çıxmaq üçün çabalayır. Buna görə Trampın mövqeyini yalnız “Putinlə münasibət” kontekstində izah etmək düzgün olmaz”, - siyasi şərhçi qeyd edib.
“Bəs ABŞ prezidentinin bəhs edilən mövqeyi Putinlə danışıqların perspektivinə necə təsir edə bilər?” sualına isə siyasi təhlilçi belə cavab verib:
“Zənnimcə, bütün bunlar qısamüddətli perspektivdə danışıqlar üçün müəyyən imkanlar yaradır, amma sülh perspektivini avtomatik olaraq yaxşılaşdırmır. Enerji obyektlərinə qarşılıqlı hücumların dayandırılması daha geniş atəşkəs üçün olduqca kiçik, amma praktik bir sınaq ola bilər. Tərəflər belə məhdud bir razılaşmaya əməl edə bilsələr, bu, daha geniş razılaşmalar üçün kiçik də olsa, müəyyən etimad yarada bilər.
Lakin əsas problem yerində qalır: Putinin əsas məqsədləri ilə Zelenskinin əsas məqsədləri hələ də bir-birindən çox uzaqdır. Enerji obyektlərinə zərbələrin dayandırılması ərazi, təhlükəsizlik təminatları, işğal olunmuş ərazilər və müharibənin siyasi nəticələri kimi fundamental məsələləri həll etmir. Ona görə mən bunu sülhə doğru atılmış ciddi bir addım kimi qiymətləndirmirəm...”
“Qeyd edək ki, Tramp yalnız Ukraynaya təzyiq göstərsə, bu, Putini güzəştə məcbur etmək əvəzinə, Ukraynanın danışıqlardakı mövqeyini zəiflədə bilər. Ancaq eyni təzyiq Moskvaya da tətbiq olunarsa və qarşılıqlılıq təmin edilərsə, onda bu, müəyyən bir diplomatik təşəbbüsə çevrilə bilər. Hazırda Zelenskinin mövqeyi də məhz bu nöqtəyə fokuslanır: Kiyev zərbələri dayandırmağa prinsipcə hazır olduğunu deyir, amma bunun qarşılıqlı və etibarlı olması şərti ilə. Trampın təşəbbüsü danışıqlar üçün yeni imkan yarada bilər, amma bunun nəticə verməsi üçün əsas məsələ yalnız Ukraynanın Rusiyanın enerji obyektlərinə zərbələri dayandırması deyil. Əsas məsələ Moskvanın da eyni öhdəliyi qəbul edib-etməyəcəyi və bunun necə təmin olunacağıdır”, -deyə konfliktoloq vurğulayıb.