Azərbaycanda maliyyə sektorunda nəzarət mexanizmlərinin daha geniş çərçivədə tətbiqi nəzərdə tutulur. Qanunvericiliyə təklif olunan dəyişikliklər maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması istiqamətində nəzarətə cəlb edilməsini nəzərdə tutur.


Eyni zamanda, maliyyə institutlarının və qruplarının risk profillərinin dövri qiymətləndirilməsi planlaşdırılır.






Maraqlıdır, Maliyyə institutları və maliyyə qrupları üzərində nəzarətin genişləndirilməsi hansı konkret risklərin qarşısının alınmasına xidmət edir və bu dəyişiklik adi vətəndaşın bank hesabları və maliyyə əməliyyatları baxımından hansı praktiki nəticələr yarada bilər?


Mövzu ilə bağlı Moderator.az-a iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib. 


İqtisadçı qeyd edib ki, ilk növbədə onu qeyd edim ki, burada maliyyə sistemində riskləri ayrı-ayrılıqda, yəni yalnız banklar və digər maliyyə qurumları üzrə deyil, bütövlükdə, bir-biri ilə əlaqəli şəkildə müşahidə etmək, müəyyənləşdirmək və qiymətləndirmək lazımdır:


"Çünki sistem risklərinin qarşısının alınması üçün ayrı-ayrı maliyyə institutlarında yaranan problemlərin digər banklara və bütövlükdə maliyyə sisteminə yayılması ehtimalını əvvəlcədən müəyyən etmək vacibdir.


Məhz Mərkəzi Bankın hazırkı yanaşması da risk əsaslı nəzarətin və stress-testlərin gücləndirilməsinə yönəlib. Çünki maliyyə qurumları daxilində mövcud risklərin gizlədilməsinin qarşısı alınmadığı təqdirdə, həmin risklər digər maliyyə institutlarına da yayıla və nəticədə bank sektorunun, bütövlükdə isə maliyyə sektorunun probleminə çevrilə bilər.


Buna görə də əsas məqsəd maliyyə institutlarının mümkün şoklar zamanı öz öhdəliklərini yerinə yetirə bilməsi və əmanətçilərin vəsaitlərinin qorunmasının təmin olunmasıdır. Hesab edirəm ki, Mərkəzi Bankın bu istiqamətdə istər kapital, istər likvidlik, istərsə də digər stress-test tələblərini gücləndirməsinin əsas məqsədi də məhz bundan ibarətdir.


İstər ayrı-ayrı təsərrüfat subyektləri, istərsə də xüsusilə vətəndaş üçün bunun əsas nəticəsi nədir? Təhlükəsiz maliyyə sisteminin formalaşdırılması. Bank hesablarından gündəlik istifadə edilməsi və bu sahədə prinsipial dəyişikliklərin həyata keçirilməsi baxımından vətəndaşın pul saxladığı və ya maliyyə əməliyyatları apardığı banklarda risklərin idarə olunmasına nəzarətin güclü olması vacibdir.


Hesab edirəm ki, bununla bağlı böyük risk yoxdur, ciddi risk müşahidə edilmir və Mərkəzi Bank müxtəlif alətlər vasitəsilə bu prosesləri, düşünürəm ki, yetərincə nəzarətdə saxlaya bilir".


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor