Bakı, 15 avqust 2026-cı il - “GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əlilliyi olan şəxslərin baxıcıları üçün təlimlərin təşkili” layihəsi çərçivəsində dördüncü təlimini uğurla keçirib.


Moderator.az xəbər verir ki, təlim İNSUN Yaşam Mərkəzində təşkil olunub və tədbirdə 12 nəfər iştirak edib.






Təlimin əsas məqsədi əlilliyi olan şəxslərin baxıcılarının bilik və bacarıqlarının artırılması, onların müxtəlif insanlarla daha düzgün və effektiv ünsiyyət qurmasına, fərdi xüsusiyyətləri nəzərə alaraq uyğun yanaşma nümayiş etdirməsinə dəstək olmaqdır.


Təlim Rəqəmsal Psixoloq Ayşən xanımın təqdimatında keçirilib. Təlim zamanı iştirakçılara rəqəmlər vasitəsilə insanları qismən tanımaq, onların fərdi xüsusiyyətlərini və davranışlarını daha yaxşı anlamaq, eləcə də insanlarla ünsiyyət və münasibət zamanı düzgün yanaşma üsulları barədə məlumat verilib.


İnteraktiv formatda təşkil olunan təlim iştirakçıların fəal iştirakı və qarşılıqlı müzakirələri ilə yadda qalıb. İştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayıb, real həyat nümunələri üzərindən fikir mübadiləsi aparıblar. Bu yanaşma təlimin daha maraqlı və faydalı keçməsinə imkan yaradıb.


Layihə çərçivəsində keçirilən təlimlər əlilliyi olan şəxslərin gündəlik qayğısında iştirak edən baxıcıların peşəkar və sosial bacarıqlarının inkişaf etdirilməsinə, onların qarşılaşdıqları situasiyalara daha düzgün yanaşmasına və qayğı prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.


“Əlilliyi olan şəxslərin baxıcıları üçün təlimlərin təşkili” layihəsi çərçivəsində növbəti təlimlərin də keçirilməsi nəzərdə tutulur.


Layihə İNSUN Yaşam Mərkəzinin könüllü dəstəyi ilə həyata keçirilir.