Türkiyədə Böyük Birlik Partiyasının (BBP) sabiq sədri Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində 36 şübhəli həbs edilib.
 




Moderator.az xəbər verir ki, Ankara Prokurorluğunun məlumatına görə, Yazıcıoğlu və onu müşayiət edən şəxslərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar çərçivəsində şübhəlilər barəsində həbs qərarı çıxarılıb.
 
Onların FETÖ fəaliyyəti çərçivəsində “qəsdən və əvvəlcədən planlaşdırılaraq adam öldürmə” cinayətində iştirak etdikləri və həqiqətin üzə çıxarılmasına mane olmaq məqsədilə müxtəlif cinayətlər törətdikləri bildirilir.
 
İstintaq çərçivəsində Ankara daxil olmaqla 16 vilayətdə 45 ünvanda axtarış aparılıb. Əvvəlcə 33, daha sonra isə daha 5 nəfər olmaqla ümumilikdə 38 şübhəli saxlanılıb.
 
Saxlanılan 38 nəfərdən 36-sı həbs, 2-si isə məhkəmə nəzarəti tədbirinin tətbiqi tələbi ilə hakim qarşısına çıxarılıb. Məhkəmə 36 şübhəlinin hamısının həbsinə, digər iki nəfər barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiqinə qərar verib.
 
Prokurorluq istintaqın çoxşaxəli və hərtərəfli şəkildə davam etdirildiyini bildirib.
 

Xatırladaq ki, 2009-cu ilin martında göyərtəsində Muhsin Yazıcıoğlunun da olduğu helikopter Kahramanmaraş vilayətində qəzaya uğrayıb. BBP sədrinin və hadisə zamanı həlak olan digər beş nəfərin cəsədi faciədən 48 saat sonra tapılıb.