ABŞ ordusu İranla sərhəd zonasından qoşunlarını çıxarır – İsrail nədən ehtiyat edir?..-TƏHLİL
30 Sep 2026, 13:51 24 baxış 5 dəq oxuma
Çərşənbə günü ABŞ, ölkədəki iyirmi ildən artıq davam edən hərbi mövcudluğundan sonra bütün hərbi qulluqçularının İraqdan çıxarılmasını başa çatdıracaq. 2003-cü ildə İraqa müdaxilə ilə başlayan hərbi əməliyyatın bu mərhələsində ölkə boyu doqquz Amerika bazası və obyekti bağlanacaq. Bu obyektlərin bəzilərində ABŞ hərbçilərinin İranla qarşıdurma zamanı istifadə etdiyi hava hücumundan müdafiə (HHM) sistemləri yerləşirdi.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin “Mako” nəşri məlumat yayıb.
Amerika qüvvələrinin tərk etdiyi əsas obyektlərdən biri Bağdadın beynəlxalq hava limanının yaxınlığındakı “Viktoru” bazası olub. Uzun illər ərzində bura regionda ABŞ-ın ən böyük komandanlıq, idarəetmə və logistika mərkəzi rolunu oynayıb. Bazanın ərazisində bir neçə qərargah, kəşfiyyat obyektləri və hava daşımaları üçün infrastruktur mövcud idi. Hazırda obyekt İraqın antiterror komandanlığına təhvil verilib.
ABŞ hərbçiləri həmçinin Anbar əyalətindəki “Ayn əl-Əsəd” aviasiya bazasını da tərk ediblər. Bu baza hava kəşfiyyatı, zərbələrin endirilməsi və radiolokasiya sistemlərinin işi üçün istifadə olunurdu. Bundan əlavə, Bağdadın “yaşıl zona”sındakı “Yunian-3” düşərgəsindən və İraq Kürdüstanının Ərbil şəhərindəki “Harir” bazasından da qüvvələr çıxarılıb. Sonuncu baza kəşfiyyat məlumatlarının toplanması və pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi üçün mühüm mərkəz idi.
İllər ərzində ABŞ-ın İraqdakı mövcudluğunun miqyası kəskin şəkildə dəyişib. Hərbi əməliyyatların pik nöqtəsində – 2007-ci ildə ABŞ bu ölkədə 505 bazada təxminən 170 min hərbçi yerləşdirmişdi. Sonradan qoşunların irimiqyaslı çıxarılması prosesi başlandı. Lakin 2014-cü ildə "İslam Dövləti" (İŞİD) terror təşkilatının ortaya çıxmasından sonra ABŞ Mərkəzi Komandanlığı İraqa yenidən böyük qüvvələr göndərdi.
Son illərdə Amerika kontingenti təxminən 2500 hərbçidən ibarət idi. Bundan əlavə, ölkədə koalisiya və NATO-nun təqribən 1000 əməkdaşı var idi. Onların əsas vəzifəsi təlim keçmək, məsləhət vermək və kəşfiyyat sahəsində kömək göstərməkdən ibarət olub.
Hazırda əsas diqqət ABŞ-ın İraqda qurduğu çoxsəviyyəli hava hücumundan müdafiə sisteminin sökülməsinə yönəlib. İran və şiə silahlı qruplaşmaları tərəfindən həyata keçirilən raket və PUA hücumlarından sonra ABŞ Mərkəzi Komandanlığı “Ayn əl-Əsəd” və Ərbildəki bazalarda “Patriot” batareyaları yerləşdirmişdi. Bu sistemlər xüsusilə İran ərazisindən atılan ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuşdu.
“Patriot”larla yanaşı, Amerika hərbçiləri “Kemp-Viktori”, Bağdad və Ərbildə “Vulkan” topları ilə təchiz olunmuş "C-RAM" sistemlərindən istifadə edirdilər. Onlar zərbə PUA-larını və yaxın mənzilli raketləri vurmaq üçün tətbiq edilirdi. Bazalarda həmçinin təyyarələri və alçaq hündürlükdə uçan qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulan “Stinger” raketləri ilə təchiz edilmiş “Avenger” sistemləri də var idi. Amerika bölmələrinin İraqdan çıxarılması ilə bərabər, bu sistemlərin istismarına məsul olan hərbçilər də ölkəni tərk edirlər.
İsrail ABŞ qüvvələrinin İraqdan çıxarılmasını diqqətlə izləyir. Təl-Əviv hesab edir ki, ABŞ Mərkəzi Komandanlığı bölmələrinin gedişi İranı bu ölkədə cilovlayan mühüm amillərdən birini sıradan çıxarır. İraqdakı İranpərəst silahlı qruplaşmalar artıq amerikalıların gedişini öz qələbələri kimi təqdim edirlər. Həmçinin gələcəkdə İraq ordusunun İranla əlaqəli könüllü dəstələrə təkbaşına müqavimət göstərə bilməyəcəyi ilə bağlı narahatlıqlar var.
Digər bir narahatlıq isə İraq Kürdüstanı ilə bağlıdır. Regionun lideri ABŞ qoşunlarının çıxarılmasını müttəfiqlərin taleyin ümidinə buraxılması adlandırıb və xəbərdarlıq edib ki, Amerikanın müdafiə sistemlərinin olmaması kürdləri mümkün hücumlar qarşısında daha müdafiəsiz qoyur.
Eyni zamanda, İraqda qorxurlar ki, Amerika qüvvələrinin gedişindən sonra yaranan təhlükəsizlik vakuumu "İslam Dövləti" hüceyrələrinin yenidən bərpa olunmasına və yenidən hücumlar təşkil etməsinə şərait yarada bilər. Materialda qeyd edildiyi kimi, bu durum regionda yeni qeyri-sabillik dalğasına yol aça bilər...