“Sevə-sevə verilişlərə gedirəm. Özümə heç bir qadağa qoymamışam. Düzdü, bəzən səhhətimdə problemlər olur, amma yenə də sevdiyim verilişlərdən imtina edə bilmirəm. Bugünlərdə İctimai televiziyanın efirində “Ötən günlər” verilişinə çəkildim. Əslində ötən il razılıq vermişdim. Verilişin aparıcısı Saleh Bağırov dedi ki, “Kübra xanım, gəlmək istəmirdin, gör nə gözəl veriliş alındı?”. Elgiz Əkbərin yutubda açılan verilişinə xeyir-dua verdim. Onun da verilişi, studiyası çox gözəldir. Onsuz da hər kəs verilişlərə yutub üzərindən baxır. “Xəzər axşamı” verilişində qonaq oldum. Nə qədər canımda can var mən xalqımla görüşə gedəcəm. Çünki canlı yayım açmağı bacarmıram. Bəs tamaşaçılar məni harada görməlidirlər?! Ona görə də efirlərə gedirəm”.
 




Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, tanınmış aktrisa Kübra Əliyeva deyib.

O daha sonra plastik əməliyyatlarla bağlı suala belə cavab verib:
 
“Plastik əməliyyat hər bir qadının öz şəxsi seçimidir. Onlar da cavanlaşmaq, gözəlləşmək istəyirlər. Görünür eyni həkim onları əməliyyat edir ki, bir-birinə bənzəyirlər. Bilmirsən hansı hansıdır?! Bu şəxsi istəkdir və buna qarışmaq düzgün deyil, etik sayılmır. Hər kəs necə istəyir qoy elə də yaşasın. İş orasındadır ki, bu əməliyyatları cavanlar etdirir. Cavanlar onsuz da gözəldirlər. Cavanlığın özü elə gözəllikdir. Mən düşünürəm ki, plastik əməliyyatı yaşlı insanlar etdirməlidirlər ki, bir az qırışlarını götürsünlər, üzünə əl gəzdirsinlər. Amma ümumilikdə götürəndə qadın gözəl görünməlidir”.