Masallıda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Mollaoba kəndində qeydə alınıb.
Belə ki, Masallı sakini Eminağa Həşimov idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.
Qəza nəticəsində sürücü, 1983-cü il təvəllüdlü Eminağa Həşimov və avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Elvin Həşimov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.