Moderator.az-ın Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi” rubrikasının növbəti müsahibəsini təqdim edirik. Bu dəfə Milli Məclisin deputatı Tural Gəncəliyevlə regionun dəyişən siyasi gündəmini müzakirə etdik.


Söhbətimizdə Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı mərhələsi, beynəlxalq mediada proseslə bağlı səsləndirilən fərqli yanaşmalar, Azərbaycanın 30 illik işğal dövründən sonra beynəlxalq münasibətlərdə dəyişən mövqeyi və BMT Baş Assambleyasının 81-ci sessiyasının ortaya qoyduğu mənzərə diqqət mərkəzində oldu.






Eyni zamanda, İsrail-Türkiyə münasibətlərindəki gərginliyin Türkiyə sosial mediasında Azərbaycanla bağlı müzakirələrə mümkün təsiri və bunun Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı baxımından mümkün nəticələri barədə deputatın mövqeyini öyrəndik.


Həmin müsahibəni təqdim edirik.



— Tural müəllim, “Novaya qazeta” Azərbaycan-Ermənistan münasibətlərinə həsr etdiyi son təhlildə sülh prosesinin ümumi çərçivəsinin formalaşdığını, lakin onun məzmununu müəyyən edən bir sıra məsələlərin hələ də açıq qaldığını yazır. Nəşr bunu “sülh sənədinin üz qabığı var, amma səhifələri boşdur” ifadəsi ilə təqdim edir. Sizcə, hazırda Azərbaycan-Ermənistan sülh prosesində hansı əsas məsələlər açıq qalır?


— Hazırda Azərbaycan-Ermənistan arasında sülh prosesi normal məcrada davam edir. Diplomatlarımız, xarici işlər nazirlərimiz, eləcə də Azərbaycan Prezidenti və Ermənistan hökumətinin baş naziri müxtəlif təşkilatların tədbirlərində görüşürlər. Sülh prosesi, xüsusilə Azərbaycanın təşəbbüsü ilə, inkişaf edir. Sülh prosesinin başa çatması üçün yeganə formal məsələ sülh müqaviləsinin imzalanmasıdır.


Əminəm ki, yaxın gələcəkdə sülh müqaviləsi imzalanacaq. Bununla yanaşı, prosesin sürətləndirilməsi baxımından Ermənistan Konstitusiyasına dəyişiklik məsələsi də gündəmdədir. Hazırda bizim əsas tələbimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasıdır. Ermənistan tərəfindən zaman-zaman belə fikirlər səsləndirilir ki, Konstitusiyadakı müvafiq müddəa Azərbaycana qarşı ərazi iddiası deyil və bu məsələyə hətta sülh müqaviləsi imzalandıqdan sonra da baxmaq olar. Mən hesab edirəm ki, Ermənistan Konstitusiyası birmənalı şəkildə dəyişdirilməlidir.


Bu, Ermənistanın daxili məsələsidir və bunun hansı formada həyata keçiriləcəyi onların seçimidir. Eşitdiyimə görə, Ermənistanda yeni Konstitusiya layihəsi hazırlanır və bununla bağlı müxtəlif məlumatlar yayılır. Beynəlxalq hüquq və qonşuluq münasibətləri baxımından, xüsusilə də bir-biri ilə müharibə aparmış iki ölkə arasındakı münasibətlərdə bu məsələlər nəzərə alınmalıdır.


Ermənistanın Azərbaycana qarşı təcavüzü 30 il ərzində davam edib və bu təcavüzü əsaslandıran amillərdən biri Ermənistan Konstitusiyasında əks olunan ərazi iddiası olub. Bu ərazi iddiası Konstitusiyadan çıxarılmasa, heç kim zəmanət verə bilməz ki, gələcəkdə Ermənistanda revanşist qüvvələr yenidən güc qazanaraq hakimiyyətə gəlməyəcək.


Hazırkı Paşinyan hökumətinin mövqeyinə də bu kontekstdə yanaşmaq lazımdır. Bəzən elə düşünülür ki, Paşinyan və ya hazırkı Ermənistan iqtidarı öz istəyi və xoş niyyəti ilə sülh prosesində iştirak edir. Lakin Azərbaycanın gücünü görməsəydilər, Azərbaycanın “Dəmir yumruğu”nu hiss etməsəydilər, istər Paşinyan, istərsə də ondan əvvəlki hakimiyyətlər Ermənistanın işğalına son qoymayacaqdılar. Ona görə də Ermənistan Konstitusiyası birmənalı şəkildə dəyişdirilməlidir.


Bəzi rusdilli, regiondakı, Rusiya və Ermənistan mətbuatında sülh müqaviləsi sənədinin guya yalnız üz qabığının olduğu, səhifələrinin isə boş qaldığı barədə iddialara gəldikdə, sülh müqaviləsinin layihəsi mövcuddur. Layihəni biz Ermənistana təklif etmişik və Ermənistan məhz Azərbaycanın təqdim etdiyi layihə əsasında öz cavab təkliflərini təqdim edib. Nəhayət, bu istiqamətdə proses başlayıb.


Bu gün sülh prosesindən irəli gələn digər məsələlər də var. Zəngəzur dəhlizi məsələsi, Ermənistan ərazisindən keçməsi planlaşdırılan TRIPP marşrutu və digər məsələlər. Hazırda bu məsələlərdə ABŞ və Ermənistanın rolu ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Ancaq biz torpaqlarımızı işğaldan azad etməsəydik, müharibə başa çatmasaydı, bu gün Zəngəzur dəhlizi məsələsini nə ABŞ-Ermənistan münasibətləri, nə də Azərbaycan-Ermənistan-ABŞ münasibətləri kontekstində müzakirə edə bilərdik.


Bütün bu proseslərin əsasını müharibənin başa çatması təşkil edir. Müharibə başa çatmasaydı, Ermənistanın işğalına son qoyulmasaydı, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş üçtərəfli görüş də baş tutmayacaqdı. Bütün bu proseslər Azərbaycan Prezidentinin və xalqımızın iradəsindən qaynaqlanır. Müharibə başa çatdıqdan sonra yeni reallıq yaranıb. Bu gün Ermənistanla sülh prosesindən, sərhədlərin açılmasından danışırıq. 


Əminəm ki, diplomatik münasibətlər də bərpa olunacaq. Eyni zamanda Türkiyə-Ermənistan münasibətləri də bərpa olunacaq. Əsas məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ərazi iddiasının aradan qaldırılması və bununla da sülh müqaviləsinin imzalanmasıdır. Bundan sonra, hesab edirəm ki, heç bir problem olmayacaq.


Bununla yanaşı, Ermənistandakı revanşist ideyalar daim diqqətdə saxlanılmalıdır. Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin Qarabağa səfərindən sonra Ermənistanda bu səfərlərlə bağlı etirazlar səsləndirildi.


Azərbaycan ərazisində akkreditə olunmuş diplomatların Azərbaycanın müxtəlif şəhərlərinə, o cümlədən Qarabağa, Xankəndiyə və Şuşaya səfər etməsi Azərbaycanın daxili məsələsidir. Bu səfərlərin Ermənistana aidiyyəti yoxdur. Biz məgər deyirik ki, Ermənistanda akkreditə olunmuş Fransa səfiri nə üçün İrəvandan başqa regionlara gedir? 


Hətta bəzən Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazilərə Avropa İttifaqının missiyası çərçivəsində səfərlər edilir, fotolar paylaşılır və müəyyən təxribatlara yol verilməsinə cəhd göstərilir. Ona görə də revanşizm xüsusi diqqətdə saxlanılmalı və revanşist meyllərin qarşısının alınması təmin edilməlidir.

Bu revanşist qüvvələrin fəaliyyəti bəzən erməni kilsəsi, erməni diasporu və dünya erməniliyi ilə əlaqələndirilir.


Bununla yanaşı, Ermənistanın daxilində, o cümlədən Ermənistan dövlətinə və hakimiyyətinə yaxın QHT-lər və jurnalistlər arasında da zaman-zaman revanşist ideyalar səsləndirilir. Ona görə də Ermənistan dövlətinin bu proseslərdən tamamilə kənarda dayandığını düşünmək doğru deyil. Erməni kilsəsi, Rusiyadakı və Los-Ancelesdəki erməni diasporu, eləcə də Fransanın Marsel şəhərində yaşayan ermənilərlə bağlı məsələlər vahid kontekstdə qiymətləndirilməlidir.


— BMT-nin 81-ci sessiyasında Azərbaycanın 30 illik işğal dövründə üzləşdiyi münasibətlərlə bu gün nümayiş etdirilən mövqelər arasında ciddi fərqlər olduğu görünür. Sizcə, bu yanaşma beynəlxalq münasibətlərdə hansı problemdən xəbər verir və Azərbaycan yaranmış yeni reallıqdan öz maraqları üçün necə istifadə edə bilər?


— BMT-nin 81-ci sessiyasında Azərbaycanın 30 illik işğal dövründə üzləşdiyi münasibətlərlə bu gün nümayiş etdirilən mövqelər arasında ciddi fərqlər olduğu görünür. BMT-nin 81-ci sessiyası çərçivəsində Azərbaycanın yeni bir güc kimi formalaşdığı və onun mövqeyinin nəzərə alındığı görünür. Azərbaycanla BMT-dəki müxtəlif güclər və qüvvələr hesablaşır.


Azərbaycan 2012–2013-cü illərdə tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bu, Azərbaycan diplomatiyası üçün həmin dövrdə bir ilk və yeni mərhələnin başlanğıcı idi. Daha sonra biz BMT çərçivəsində keçirilən tədbirlərə ev sahibliyi etdik. BMT çərçivəsində Qoşulmama Hərəkatı var və biz ona sədrlik etdik.


Daha sonra BMT-nin nəzdində keçirilən müxtəlif iqlim tədbirləri, COP29 və digər tədbirlər oldu. BMT ilə əlaqəli Şəhərsalma Forumu və digər tədbirlər də keçirildi.


Ona görə də bu gün BMT-də gündəmin formalaşmasında Azərbaycanın rolu və mövqeyi nəzərə alınır.


— İsrail-Türkiyə münasibətlərindəki gərginlik fonunda Türkiyə sosial mediasında Azərbaycanla bağlı müxtəlif fikirlər səsləndirilir. Sizcə, bu yanaşmaların arxasında hansı amillər dayanır və belə müzakirələr Azərbaycan-Türkiyə münasibətlərində formalaşmış strateji tərəfdaşlıq baxımından necə qiymətləndirilməlidir?


— Son hadisələrlə bağlı prosesə gəldikdə, Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq və dostluq münasibətləridir. Şuşa Bəyannaməsi bu münasibətlərin strateji çərçivəsini müəyyən edir və bu münasibətlərə heç kim xələl gətirməməlidir.

Azərbaycan-Türkiyə münasibətləri yaxın və qardaşlıq münasibətləridir. 


Bu münasibətlərə qarşı yönələn fəaliyyətlərin qarşısı alınmalıdır. İki qardaş ölkə arasında təxribatların yayılmasına və davam etdirilməsinə yol vermək olmaz. Biz həm müharibə dövründə, həm də müharibədən əvvəl bu qardaşlıq münasibətlərimizin tarixi sınaqlardan uğurla keçdiyinin şahidi olmuşuq.


Azərbaycanın Türk dünyası və Türk Dövlətləri Təşkilatı ilə yaxın münasibətləri var. Biz öz gücümüzə, öz iradəmizə, Azərbaycan Prezidentinin siyasi iradəsinə, ordumuzun və xalqımızın gücünə inanaraq torpaqlarımızı azad etmişik. Türk dünyası bizə diplomatik və siyasi dəstək verib.


Amma Azərbaycanın öz gücü, öz inamı, öz ordusu, öz Prezidenti və onun uzaqgörən strategiyası əsas amillərdir. Xarici siyasət, xüsusilə də hazırkı dövrdə, olduqca mürəkkəb prosesdir. Şimal sərhədlərimizdə iki qardaş xalq, dinləri və dilləri yaxın olan slavyan xalqları bir-birinə qarşı müharibə aparır və bu münaqişə milyonlarla insanın taleyinə ağır təsir göstərir.


Cənubumuzda, sərhədlərimizin bir neçə kilometrliyində də müharibə gedir. Ona görə də bu müharibə alovunun Cənubi Qafqaza keçməməsi və yayılmaması mühüm əhəmiyyət daşıyır. Biz bunun qarşısını yaxın dostlarımız və qardaşlarımızla birlikdə almağa çalışmalıyıq ki, regional və qlobal xaos Qafqaza yayılmasın.


Pərvin Şakirqızı

Moderator.az, redaktor-aparıcı

Parlament müxbiri


Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.