“Hədəfdə vicdanlılardır – seçim vaxtı: Zülmün içində vicdanlı yaşamaq necə mümkün olur?..” – IV
01 Oct 2026, 11:31 25 baxış 20 dəq oxuma
“Vicdan insandan düşüncəsiz fədakarlıq yox, məsuliyyətli dürüstlük tələb edir...”
“Zülm sistemlərinin ən böyük uğuru yalnız insanları qorxutması deyil. Ən böyük uğur insanları özlərinə bənzətməsidir...”
“Və ən təhlükəlisi budur: İnsan bir müddət sonra artıq vicdansızlığını vicdansızlıq kimi görmür. Ona “həyat”, “reallıq”, “sistem”, “məcburiyyət”, “hamı belə edir” adı verir…”
"Vicdanlı insan görür ki, onun yanında yalan danışan, rüşvət verən, adam aldadan, vəzifədən sui-istifadə edən adam daha rahat yaşayır..."
"Demokratiya vicdanın avtomatik zəmanəti deyil. Amma düzgün qurulmuş demokratik institutların üstünlüklərindən biri budur ki, insanın vicdanına uyğun yaşamaq imkanını qoruyan mexanizmlər yarada bilər..."
“Çox vaxt insanın əlində zülmü dərhal dayandıracaq güc olmur. Amma demək olar ki, həmişə əlində bir seçim olur: Zülm edənlərdən biri olmaq, yoxsa zülm edənlərdən biri olmamaq…Və bəlkə də vicdanın ən son, ən mühüm müdafiə xətti məhz budur…”
“Vicdanını qoruyan insan bəlkə də dünyanı dərhal xilas etmir. Amma heç olmasa öz ruhunu hər iki aləmdəki zülmdən xilas edir...”
-FİKİR SAVAŞI...-
(Əvvəli burada:)
Yazımızın ötən hissəsində təcavüzə məruz qalan, mütəmadi raket, dron və bomba zərbələri altında yaşayan bir ölkənin vətəndaşı üçün vicdanın hansı tərəfdə dayanmalı olduğu barədə düşünməyə çalışdıq. Sualımız sadə, cavabı isə heç də asan deyildi: İnsan bombanın, ölümün, qorxunun içində belə haqqı nahaqdan necə ayırmalıdır?..
İndi isə məsələnin daha ağır tərəfinə keçək.
Bəs insan hansısa avtoritar, totalitar və ya diktatura sistemli, vətəndaşın rifahının qətiyyən düşünülmədiyi bir ölkədə yaşayırsa? Bəs dürüst, halal və vicdanlı yaşamaq onun maddi vəziyyətinə ciddi zərbə vurursa? Bəs cəmiyyətdəki haqsızlıqlara etiraz etmək onu şərlənmək, günahsız yerə həbs olunmaq, işini, evini, azadlığını, hətta həyatını itirmək təhlükəsi ilə üz-üzə qoyursa?..
Belə durumla üzləşmiş insan nə etməlidir?..
Əksəriyyət kimi düşünməli və deməlidirmi ki, “Hamı belə edir, mən də belə edim”? Oğurluqla, saxtakarlıqla, dələduzluqla, rüşvətlə, korrupsiya ilə, yaltaqlıq və məddahlıqla özünə karyera, vəzifə, var-dövlət, ev-eşik, maşın qazanmalıdırmı? Bununla da haqsızlıq sisteminin adi iştirakçısına çevrilməlidirmi?..
Yoxsa bütün çətinliklərə baxmayaraq, bacardığı qədər halal yaşamalı, ailəsini halal zəhmətlə dolandırmalı, haqsızlığa imkan daxilində etiraz etməli, haqqı müdafiə etməli, bunu açıq şəkildə etmək mümkün olmadıqda isə heç olmasa haqsızın yalanına, zülmün təbliğinə, günahsızın şərlənməsinə öz səsi ilə dəstək verməməlidir?..
Əslində, vicdanın ən böyük imtahanı məhz burada başlayır…
Vicdan rahat yaşayışın deyil, düzgün seçimlərin adıdır…
İnsan yalnız rahat şəraitdə vicdanlıdırsa, onun vicdanının nə qədər möhkəm olduğunu müəyyən etmək çətindir. Əsl sınaq odur ki, dürüstlük sənə qazanc yox, itki gətirsin; haqqı demək sənə alqış yox, təhlükə gətirsin; yalan danışmaq sənə rahatlıq, həqiqəti söyləmək isə əziyyət gətirsin…
Səmavi dinlərin ortaq əxlaq xəttinə baxanda çox mühüm bir həqiqət görünür: insanın mənəvi məsuliyyəti şəraitdən tamamilə asılı deyil...
İslamda ədalət hətta insanın özünün, valideyninin və yaxınlarının əleyhinə olsa belə, qorunmalı prinsip kimi təqdim edilir. Qurani-Kərimin “Nisa” surəsinin 135-ci ayəsində möminlər ədalət uğrunda möhkəm dayanmağa və şahidliyi Allah üçün yerinə yetirməyə çağırılır. Ayə insanın öz marağının, qohumluğunun, var-dövlətinin və şəxsi meyllərinin ədaləti əyməsinə imkan verməməyi tələb edir.
“Əgər hamı belə edir” – İslam baxımından bu, günahı halal edən arqument deyil…
Çünki “Maidə” surəsinin 8-ci ayəsində insanın xoşlamadığı və ya düşmən hesab etdiyi şəxslərə qarşı belə, ədalətsizliyə yol verməməsi əmr edilir: ədalətli olmaq təqvaya daha yaxın göstərilir.
Deməli, insanın qarşısında duran əsas məsələ “Mən bu sistemdən nə qazana bilərəm?” sualı deyil.
Əsas sual budur:
“Mən bu sistemin zülmünə şərik olmadan necə yaşaya bilərəm?..”
Zülm edənə qoşulmamaq da bir mövqedir…
Bəzən insanın qarşısında iki seçim varmış kimi görünür: ya qəhrəman kimi meydana çıxmaq, ya da sistemin adamına çevrilmək…
Əslində isə üçüncü yol da var.
İnsan hər zaman küçəyə çıxıb şüar səsləndirməyə, hər haqsızlığa qarşı açıq mübarizə aparmağa fiziki imkan tapmaya bilər. Xüsusilə də bunun nəticəsi ailəsinin, uşaqlarının və özünün həyatı üçün real təhlükəyə çevrilirsə, məsələyə romantik qəhrəmanlıq prizmasından yanaşmaq düzgün olmaz. Çünki vicdanlı olmaq özünü mənasız şəkildə ölümə atmaq demək deyil…
Quranda “öz əllərinizlə özünüzü təhlükəyə atmayın” prinsipi də yer alır. Bu ayənin ilkin konteksti ilə bağlı klassik təfsirlərdə müxtəlif izahlar mövcuddur və onu hər vəziyyətə avtomatik tətbiq etmək doğru olmaz. Amma ümumi əxlaq prinsipi baxımından insanın həyatı və məsuliyyəti arasında ölçü-biçi aparmasının əhəmiyyəti aydındır…
Deməli, vicdan insandan düşüncəsiz fədakarlıq yox, məsuliyyətli dürüstlük tələb edir. Bəzən zülmə qarşı ən mühüm müqavimət onun təklif etdiyi çirkli oyuna qoşulmamaqdır:
-Rüşvət almamaq…
-Haqqı olmayan vəzifəni yaltaqlıqla əldə etməmək…
-Günahsız adam haqqında yalan ifadə verməmək…
-Oğurluğa göz yummamaq…
-Saxta sənədə imza atmamaq…
-Zəifin haqqını tapdalayaraq özünə üstünlük qazanmamaq…
-Qatilin, korrupsionerin, oğrunun və zalımın uğurunu “ağıllı, fərasətli adam belə yaşayar” adı ilə normallaşdırmamaq…
Bunların hər biri kiçik görünə bilər. Amma böyük zülm sistemləri məhz milyonlarla insanın belə “kiçik” güzəştlərindən qidalanır…
Zülm yalnız silahla törədilmir…
Zülm deyəndə çox vaxt gözümüzün qarşısına müharibə, güllə, bomba və həbsxana gəlir. Halbuki zülmün daha səssiz formaları da var:
-Bir məmurun haqqı olmayan pulu alması…
-Bir işə qəbulda layiq olan, elmli, savadlı, namuslu, zəhmətkeş bir kadrın deyil, savadsız, haramxor bir tanışın seçilməsi...
-Bir jurnalistin həqiqəti yazdığı üçün sıxışdırılması...
-Bir müəllimin vicdanlı olduğu üçün cəzalandırılması...
-Bir həkimin xəstənin haqqını pul qarşılığında satması...
-Bir sahibkarın rəqibini saxta ittihamlarla sıradan çıxarması…
-Bir insanın başqasının əmlakına göz dikməsi…
-Bir cəmiyyətin isə bütün bunları görüb “Mənə toxunmursa, problem deyil” deməsi...
Bunların hər biri vicdanın sınağıdır.
Quranda “Hud” surəsinin 113-cü ayəsində zalımlara meyl etməkdən, onlara söykənməkdən çəkindirilir. Klassik təfsirlərdə də bu ifadə zalımın əməllərini dəstəkləmək və onun tərəfinə keçmək kimi izahlarla əlaqələndirilir.
Bu baxımdan insanın zalım olmaması kifayət etmir. Zalımın zülmünü öz əməlin, sözün, pulun və nüfuzunla gücləndirməmək də vacibdir…
Bəs xristianlıq və yəhudilik nə deyir?..
Bu məsələdə səmavi dinlərin əxlaq xəttində ciddi bir ortaq nöqtə görünür: ədalət, mərhəmət, zəifin müdafiəsi və zülmə qarşı dayanmaq…
“Əhdi-Ətiq”də “Yeşaya kitabı”nın 1:17-ci ayəsində yaxşılıq etməyi öyrənmək, ədaləti axtarmaq və məzlumun müdafiəsinə qalxmaq çağırışı var.
“Mika” kitabının 6:8-ci ayəsində isə insanın qarşısına qoyulan əsas tələblər ədalətlə davranmaq, mərhəməti sevmək və Allah qarşısında təvazökar olmaq kimi ifadə edilir.
Yəhudi ənənəsində də məhkəmə və ədalət məsələsində tərəfkeşlikdən çəkinmək, varlıya və ya kasıba görə hökmü dəyişməmək prinsipi Tövrat mətnlərində açıq şəkildə ifadə olunur. “Levililər” 19:15-də ədalətsiz hökm verməmək və tərəfkeş olmamaq əmr edilir.
Xristianlıqda isə İsa Məsihin təlimində ədalət, mərhəmət və insan sevgisi mühüm yer tutur. “Matta” 23:23-də “ədalət, mərhəmət və sədaqət” daha ağır, daha mühüm məsələlər kimi vurğulanır.
Beləliklə, səmavi dinlərin müxtəlif mətn və ənənələrində fərqli ifadələrlə də olsa, ortaq bir fikir qarşımıza çıxır:
“İnsan öz mənfəətini ədalətin yerinə qoya bilməz…”
“Halal yaşasam, kasıb qalacağam” – bəs sonra?..
Ən ağır suallardan biri də budur. Vicdanlı insan görür ki, onun yanında yalan danışan, rüşvət verən, adam aldadan, vəzifədən sui-istifadə edən adam daha rahat yaşayır:
-Biri ev alır…
-Biri maşın alır…
-Biri vəzifə qazanır…
-Biri xaricdə övlad oxudur…
-Biri hər yerdə hörmət görür…
Vicdanlı isə bəzən on illərlə kirayə evdən, yataqxanadan, ən yaxşı halda yarıuçuq daxmadan çıxa bilmir…
O zaman insanın içində çox təhlükəli bir sual yaranır:
“Mən niyə dürüst olmalıyam?”
Bu sualın maddi cavabı bəzən yoxdur. Amma mənəvi cavabı var. Çünki insanın bütün qazancı sahib olduğu ev, maşın, pul və vəzifədən ibarət deyil.
-İnsanın bir də özünə, öz qəlbinə, öz məninə, şəxsiyyətinə baxa bilməsi var…
-Övladının gözünün içinə utanmadan baxa bilməsi var…
-Başqasının haqqını yemədən yaşaması var…
-Gecə başını yastığa qoyanda “Mən bu insanın həyatını dağıtmadım” deyə bilməsi var...
-Və inanclı insan üçün bundan da üstün bir ölçü var: Allah qarşısında hesab…
Oğurlanmış milyonların ömrü uzun görünə bilər. Amma insanın vicdanı ilə hesablaşması bir ömür boyu davam edir…
Bəs ailəmin çörəyi necə olsun?..
Burada da məsələyə sadə və romantik yanaşmaq olmaz. Heç kim kasıb insanı ailəsini ac qoymağa çağırmır.
İslamda halal ruzi qazanmaq, ailənin ehtiyaclarını təmin etmək məsuliyyəti ilə vicdanı qorumaq bir-birinə zidd deyil. Əksinə, məqsəd məhz halal yolları mümkün qədər genişləndirməkdir…
İnsan bəzən çox imkanlı ola bilməz. Amma vicdanını satmadan yaşaya bilər…
Bəzən vəzifəsi olmaz. Amma ləyaqəti olar…
Bəzən böyük sərvəti olmaz. Amma halal qazancı olar…
Bəzən yüksək məqamı olmaz. Amma insanların etibar etdiyi adam olar…
Bəzən hətta açıq etiraz etmək imkanı olmaz. Amma heç olmasa zalımın yalanını təkrarlamaz…
Bu da bir mövqedir.
Haqsızlıq önündə susmaq həmişə günahdırmı?..
Burada ən incə məsələ budur. Əgər insan haqsızlığı görəndə danışa bilirsə və danışmamaqla zülmün davamına ciddi şəkildə yardım edirsə, onun məsuliyyəti artır. Amma danışmağın nəticəsi onun özünün və ailəsinin məhv edilməsi təhlükəsini yaradırsa, hər kəsdən eyni qəhrəmanlıq ölçüsünü tələb etmək doğru deyil…
İnsan bacardığı qədər haqqı müdafiə etməlidir:
-Bəzən açıq danışmaqla…
-Bəzən yazmaqla…
-Bəzən zərərçəkənin yanında dayanmaqla...
-Bəzən onun haqqını hüquqi yolla müdafiə etməklə…
-Bəzən bir uşağın təhsilinə kömək etməklə…
-Bəzən işdən qovulmuş dürüst, halal, vicdanlı bir adama iş tapmaqla…
-Bəzən isə sadəcə yalan danışmaqdan imtina etməklə…
Əsas məsələ odur ki, insanın susması zülmün təbliğinə çevrilməsin…
Ən təhlükəli mərhələ: insanın zalımı özünə nümunə seçməsi…
Zülm sistemlərinin ən böyük uğuru yalnız insanları qorxutması deyil. Ən böyük uğur insanları özlərinə bənzətməsidir…
Əvvəl insan qorxur.
Sonra susur...
Sonra öyrəşir…
Sonra bəraət qazandırır…
Daha sonra müdafiə edir…
Axırda isə özü həmin sistemin kiçik bir zalımına çevrilir…
Bu mərhələdə artıq məsələ yalnız siyasi sistem deyil. İnsanın daxilindəki sərhəd dağılıb. Dünən oğurluğu pisləyən adam bu gün oğurluq edir. Dünən rüşvətə nifrət edən adam bu gün rüşvət verir və alır. Dünən günahsızın həbsinə etiraz edən adam bu gün “deməli, nəsə edib” deyir. Hətta pul və ya vəzifə qazanmaqda üçün özü də başqa birini şərləyib, üzünə durub onun haqsız həbsinə şərait yaradır…
Dünən yaltaqlığı alçaldıcı hesab edən adam bu gün vəzifə sahibinin qarşısında məddahlıq edir və bu addımını “reallıq”, “sistem”, “məcburiyyət” və “hamı belə edir” kimi sözlərlə özünə haqq qazandıraraq izah edir…
Və ən təhlükəlisi budur:
İnsan bir müddət sonra artıq vicdansızlığını vicdansızlıq kimi görmür. Ona “həyat”, “reallıq”, “sistem”, “məcburiyyət”, “hamı belə edir” adı verir…
Vicdanın son müdafiə xətti…
Bəlkə də buna görə ən böyük savaş insanın öz daxilində gedir. İnsanın qarşısında hər gün seçim var:
-Haqq, yoxsa mənfəət?..
-Halal, yoxsa asan qazanc?..
-Ədalət, yoxsa tərəfkeşlik?..
-Həqiqət, yoxsa rahat yalan?..
-Ləyaqət, yoxsa vəzifə?..
-Vicdan, yoxsa var-dövlət?..
Bu seçimlərin heç də hamısı böyük tribunaların qarşısında edilmir. Əksəriyyəti kiçik otaqlarda, iş yerlərində, ailədə, bazarda, idarədə, dost məclisində, bir sənədin qarşısında, bir telefon danışığında, bir imza atılarkən edilir...
Və insanın kim olduğunu məhz həmin kiçik seçimlər müəyyən edir...
Səmavi dinlərin ortaq mesajı: insan zalimə çevrilməməlidir…
İslamın ədalət prinsipi, Tövratdakı ədalətli hökm tələbi, İncil və Əhdi-Ətiqdə məzlumun müdafiəsinə çağırış bir mühüm həqiqəti xatırladır: din yalnız ibadət mərasimlərindən ibarət deyil.
İbadətin yanında insan münasibəti var…
Ədalət var…
Halallıq var...
Mərhəmət var...
Yetimin, kasıbın, məzlumun haqqı var...
Zəifin yanında dayanmaq var…
Zülm edənə qoşulmamaq var…
Qurandakı bir başqa mühüm prinsip də budur ki, insan hətta nifrət etdiyi adama qarşı belə, ədalətdən çıxmamalıdır…
Bu, əslində, vicdanın ən yüksək mərhələlərindən biridir. Çünki insan dostuna yaxşılıq etməyi bacara bilər. Amma düşməninə qarşı da ədaləti qoruya bilirsə, deməli, onun əxlaqı şəxsi mənfəətdən daha yuxarı bir prinsipə bağlanıb…
Bəs yekun cavab nədir?..
Onda əvvəldə verdiyimiz suala qayıdaq:
-Avtoritar və ya diktatura şəraitində yaşayan vicdanlı insan nə etməlidir. O, mütləq özünü ölümə atmalıdırmı?..
-Xeyr.
-O, hər şeyə göz yumub sistemin bir parçasına çevrilməlidirmi?
-Xeyr.
-O, ailəsinin çörəyini düşünmədən özünü və yaxınlarını təhlükəyə atmalıdırmı?
-Xeyr.
-Bəs nə etməlidir?
-Bacardığı qədər halal yaşamalı…
-Haqqı nahaqdan ayırmalıdır…
-Başqasının haqqını yeməməlidir...
-Zülmə bilə-bilə şərik olmamalıdır...
-Yalan şahidlik etməməlidir…
-Günahsızın şərlənməsinə imkan daxilində qarşı çıxmalıdır...
-Zalımın təbliğatçısına çevrilməməlidir…
-Mümkün olduğu qədər məzlumun yanında dayanmalıdır…Amma bunu edərkən öz həyatını və himayəsində olan insanların həyatını düşünülməmiş şəkildə təhlükəyə atmamalıdır.
-Ən azı bir şeyi bacarmalıdır:
Zalımın ona təklif etdiyi “sən də bizdən ol” müqabilində vicdanını satmamalıdır…
Çünki çox vaxt insanın əlində zülmü dərhal dayandıracaq güc olmur. Amma demək olar ki, həmişə əlində bir seçim olur:
Zülm edənlərdən biri olmaq, yoxsa zülm edənlərdən biri olmamaq…
Və bəlkə də vicdanın ən son, ən mühüm müdafiə xətti məhz budur…
Deməli, səmavi dinlərin ümumi məntiqindən belə bir nəticə çıxarmaq olar:
Dünya məhkəməsindən yayınmaq mümkündür; mənəvi məsuliyyətdən və Allahın Mühakiməsindən yayınmaq isə mümkün deyil...
Bəs dünyəvi düşüncə nə deyir?..
Dünyəvi humanizm üçün də məsələ çox fərqli deyil. Burada Axirət anlayışının yerini insan ləyaqəti, hüquq, azadlıq, bərabərlik, sosial məsuliyyət və gələcək nəsillər qarşısında məsuliyyət tutur.
Dünyəvi düşünən insan belə soruşur:
“Əgər hamı yalnız öz xeyrini düşünürsə, cəmiyyət necə yaşaya bilər?”
Cavab aydındır:
Yaşaya bilməz...
Çünki hüquq vicdanla tamamlanmayanda yalnız cəza qorxusu yaranır. Qanun olmadığı yerdə vicdan insanı saxlamalıdır. Vicdan olmadığı yerdə isə ən yaxşı qanun belə, manipulyasiya edilə bilər.
Bəs demokratiya?..
Demokratiya vicdanın avtomatik zəmanəti deyil. Amma düzgün qurulmuş demokratik institutların üstünlüklərindən biri budur ki, insanın vicdanına uyğun yaşamaq imkanını qoruyan mexanizmlər yarada bilər:
-hakimiyyətin bölünməsi;
-müstəqil məhkəmə;
-azad və məsuliyyətli media;
-sərbəst vətəndaş cəmiyyəti;
-qanun qarşısında bərabərlik;
-hakimiyyətin seçki yolu ilə dəyişdirilə bilməsi;
-azlıqların hüquqlarının qorunması;
-dövlət qərarlarına ictimai nəzarət.
Diktatura və totalitar sistemlərdə isə bu mexanizmlər zəiflədikcə insanın təhlükəsizliyi daha çox hakimiyyət sahibinin iradəsindən asılı olur. Lakin yenə də əsas məsələ sistemin adına deyil, insanın ləyaqətini qoruyan real mexanizmlərin mövcudluğuna baxmaqdır...
Son söz əvəzi..
Bu silsilənin əvvəlindən bəri “kim haqlıdır?”, “kimin tərəfində dayanmalıyıq?”, “vicdanlı siyasətçi kimdir?”, “vicdan nə vaxt təhlükə altına düşür?”, “ Vicdanlı insan ünyadakı son böyük savaşlarda kimlərin tərəfində olmalıdır?” və s. suallarının ətrafında dolaşırıq.
Bəlkə də bütün sualların altında bircə böyük sual dayanır:
İnsan öz mənfəətini itirməmək üçün insanlığını itirə bilərmi?
Cavabı hər kəs özü verməlidir.
Amma səmavi dinlərin əsas əxlaq xəttinə, insanlığın minilliklər ərzində formalaşdırdığı ədalət və ləyaqət prinsiplərinə baxanda bir həqiqət dəyişmir:
İnsan haqsızlıq edə bilər deyə haqsızlıq haqq olmur…
Çoxları yalan danışır deyə yalan həqiqətə çevrilmir...
Çoxları rüşvət alır deyə rüşvət halal olmur…
Zalım güclüdür deyə onun zülmü ədalətə çevrilmir...
Və insan təkbaşına dünyanı dəyişdirə bilməsə belə, öz içindəki sərhədi qoruya bilər.
Bəlkə də bütün böyük dəyişikliklər elə buradan başlayır.
Çünki tarix boyu imperiyalar dağılıb, diktatorlar gəlib-gedib, sərvətlər əldən-ələ keçib, dövlətlər yaranıb və süqut edib…
Fəqət bir insanın vicdanı qarşısında verdiyi qərar həmin an üçün kiçik görünsə də, insanlığın yaddaşında bəzən ən böyük hadisələrdən daha uzun yaşayır...
Vicdanını qoruyan insan bəlkə də dünyanı dərhal xilas etmir.
Amma heç olmasa öz ruhunu hər iki aləmdəki zülmdən xilas edir.