"...İnquri çayı boyunca faktiki sərhəddən tranzit nəqliyyatın bərpası ideyasına dair Gürcüstan hakimiyyətinin prinsipial mövqeyi dəyişməz və güzəştsiz olaraq qalır. Tbilisi bəyan edib ki, Moskva işğal olunmuş ərazilərdən öz hərbi bazalarını çıxarmayana qədər dəmir yolunun Abxaziya hissəsi ilə bağlı Rusiya ilə hər hansı danışıqlar aparmayacaq və ya əlaqə saxlamayacaq..."
Moskvada Rusiya, Gürcüstan və Ermənistanı Qara dəniz sahili boyunca birləşdirəcək dəmir yolu və avtomobil nəqliyyatı layihəsi təqdim olunub. İlkin olaraq layihəyə “Putinin yolu” adı verilib.
Moderator.az xəbər verir ki, Bu barədə erməni və regional mənbələrə istinadla “Vektor Kavkaza” nəşri məlumat yayıb.
Layihə sentyabrın 28-də Moskvada keçirilən “Cənubi Qafqazda nəqliyyat və logistika şəbəkələrinin inkişaf perspektivləri” adlı beynəlxalq konfransda təqdim edilib. Təşəbbüsün müəllifi Rusiyanın Kommunikasiyaların İnkişafı üzrə Milli Tədqiqat İnstitutunun (NIIRC) direktoru Vladislav Qasumyanovdur.
Konfransda çıxış edən bəzi erməni ekspertlər layihəni regionun nəqliyyat kommunikasiyalarının “blokadadan çıxarılması” üçün mümkün vasitə kimi təqdim ediblər. Onlar Rusiyanın təşəbbüsünün Ermənistan hökumətinin irəli sürdüyü “Sülhün kəsişməsi” konsepsiyasına inteqrasiya olunması imkanlarının araşdırılmasını və “siyasi olmayan, yeni həllər” axtarılmasını təklif ediblər.
Bununla yanaşı, müstəqil Qafqaz analitikləri layihəyə fərqli yanaşırlar. Onların fikrincə, təşəbbüs Moskvanın Cənubi Qafqazda təsir imkanlarını qorumağa yönəlmiş siyasi və geo-siyasi addımlarından biri kimi qiymətləndirilə bilər.
Konfrans Rusiya Dəmir Yolu Nəqliyyatı Elmi-Tədqiqat İnstitutu, İrəvan Dövlət Universitetinin Rusşünaslıq Mərkəzi və Şərqşünaslıq İnstitutunun Rusiya-Ermənistan münasibətlərinin öyrənilməsi mərkəzinin birgə təşəbbüsü ilə keçirilib.
"Armtimes" nəşrinin yazdığına görə, Moskva forumunda çıxış edən Rusiya-Ermənistan münasibətləri üzrə mərkəzin direktoru Aram Safaryan bildirib ki, Cənubi Qafqazda siyasi və geo-siyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişib və bu fonda regionda dəmir yolu əlaqələrinin bərpası məsələsi yenidən gündəmə gəlib.
Safaryan xatırladıb ki, Moskva-Tbilisi dəmir yolu xəttinin bərpası ilə bağlı müzakirələr hələ 2016-cı ildə başlanıb, lakin proses dayanıb.
Onun sözlərinə görə, “Putinin yolu” digər nəqliyyat təşəbbüsləri ilə rəqabət aparan layihə kimi deyil, Cənubi Qafqazın vahid nəqliyyat-logistika sisteminə inteqrasiya oluna biləcək marşrut kimi nəzərdən keçirilməlidir.
“Alternativ” tədqiqat mərkəzinin rəhbəri Tatul Manaseryan da dəmir yolu əlaqələrinin bərpasının regionun iqtisadi inkişafına töhfə verə biləcəyini bildirib. O, son illərdə Rusiya-Gürcüstan münasibətlərində müəyyən dəyişikliklərin müşahidə edildiyini və Tbilisinin əvvəlki yanaşmalarına yenidən baxdığını qeyd edib.
Manaseryanın fikrincə, Gürcüstanın siyasi elitası yaranmış vəziyyəti təhlil edərək, dəmir yolunun bərpasını siyasi ssenaridən asılı olmayaraq region üçün faydalı amil kimi qiymətləndirə bilər.
Lakin “Vektor Kavkaza”nın yazdığına görə, Ermənistanın bəzi müstəqil ekspertləri layihənin hazırkı Rusiya şərtləri daxilində reallaşdırılmasını real hesab etmirlər.
“Erməni Araşdırmaları Mərkəzi”nin direktoru Hrant Mikaelyan bildirib ki, Cənubi Qafqazdakı nəqliyyat layihələri yalnız iqtisadi deyil, həm də geosiyasi aspektdən qiymətləndirilməlidir.
Onun fikrincə, regionda qüvvələr balansı dəyişsə də, bu dəyişiklik Rusiyanın mövqelərinin güclənməsi istiqamətində getmir. Mikaelyan Türkiyənin Cənubi Qafqazdakı təsirinin artdığını, Ankaranın Azərbaycanla möhkəm əlaqələr saxladığını və Gürcüstanla strateji münasibətlərini inkişaf etdirdiyini vurğulayıb. Eyni zamanda ekspert Rusiyanın regiondakı mövcudluğunun zəiflədiyini bildirib.
Nəşr xatırladır ki, Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ilin fevralında 30 illik konsessiya əsasında, əlavə 10 il uzadılma imkanı ilə “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları”na (CQDY) verilib. Uzun müddət bu vəziyyət Ermənistanda iri tranzit layihələrinin Rusiyanın iştirakı olmadan həyata keçirilməsinə maneə kimi qiymətləndirilib.
Lakin 2025-ci ilin avqustunda TRIPP sazişinin imzalanmasından sonra regiondakı vəziyyətin dəyişdiyi qeyd olunur.
“Vektor Kavkaza”nın qənaətinə görə, bundan sonra Moskva Cənubi Qafqazda kommunikasiyaların açılması prosesindən kənarda qalmamaq üçün alternativ marşrutlar axtarmağa başlayıb.
Hazırda Gürcüstandan “Putinin yolu” layihəsi ilə bağlı rəsmi və ya ekspert səviyyəsində açıqlama verilməyib.
“Vektor Kavkaza” qeyd edir ki, Moskva konfransı və orada rusiyalı və erməni ekspertlərin səsləndirdiyi lobbi xarakterli bəyanatlar Gürcüstan tərəfi tərəfindən indiyədək tamamilə diqqətdən kənarda qoyulub.
Eyni zamanda, İnquri çayı boyunca faktiki sərhəddən tranzit nəqliyyatın bərpası ideyasına dair Gürcüstan hakimiyyətinin prinsipial mövqeyi dəyişməz və güzəştsiz olaraq qalır. Tbilisi bəyan edib ki, Moskva işğal olunmuş ərazilərdən öz hərbi bazalarını çıxarmayana qədər dəmir yolunun Abxaziya hissəsi ilə bağlı Rusiya ilə hər hansı danışıqlar aparmayacaq və ya əlaqə saxlamayacaq.
Gürcüstanlı təhlükəsizlik analitikləri vurğulayırlar ki, “İşğal olunmuş ərazilər haqqında” qanunun pozulması ilə həyata keçiriləcək nəqliyyatın açılması, Psou çayı üzərində Gürcüstanın tam gömrük və sərhəd nəzarətinin bərpası olmadan hüquqi baxımdan mümkün deyil.
Tbilisi Kremlin şərtləri ilə dəmir yolu əlaqələrinin bərpasına yönəlmiş istənilən cəhdi suverenliyə birbaşa təhdid hesab edir. Analitiklərin fikrincə, belə bir addım ölkə daxilində ciddi siyasi böhrana səbəb ola bilər.
“Beləliklə, “Putinin yolu” layihəsi indiyədək Moskvanın regionun beynəlxalq hüquqi reallıqlarından qopmuş, sırf deklarativ və təbliğat xarakterli manevri olaraq qalır”, – deyə “Vektor Kavkaza” nəşri nəticəyə gəlib.
S.Laçın