Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezident İlham Əliyev bu gün YAP-ın VIII qurultayında çıxış edib, dövlətimizin inkişafı üçün görülən və görülməsi nəzərdə tutulan tədbirlər haqqında qurultay iştirkçılarına ətraflı məlumat verib. Azərbaycanın öz hərbi gücünü bundan sonra da artırmaqda davam edəcəyini bildirən dövlət başçısı, müasir ideoloji işin aparılmasının önəmini də qeyd edib. Dövlət başçısı bildirib ki, bu məsələdə şablonlardan, formal xarakterli tədbirlərdən əl çəkmək, ideoloji işin yeni, daha optimal formada təşkil etmək vacibdir.


Bəs müasir ideoloji iş nədir? Bu işin effektivliyi hansı amillərdən asılıdır?






İdeoloji təbliğatın ən optimal forması vətənin müdafiəsində iştirak edən, bayrağı qanı, canı bahasına qoruyan, dövlətin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşlərdə həyatını qurban verən şəhidlərə sonsuz ehtiramın göstərilməsi, onların ailə üzvlərinin mütəmadi şəkildə diqqət mərkəzində saxlanılması, hər cür qayğı ilə əhatə olunmasıdır. Necə ki, Azərbaycan dövləti bu məsələdə bütün dünyaya nümunə sayıla bilər.



Ölkəmizdə şəhid ailələrinin dövlətin bilavasitə himayəsi altında olduğu, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğu məlum və qürurverici həqiqətlərdən biridir. Lakin şəhid ailələrinə qayğı, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yeniyetmə və gənclər arasında ideoloji işin təşkili yalnız dövlətin vəzifəsi deyil. Bu, hər bir azərbaycanlının milli-mənəvi borcudur. Ona görə də bu məsələdə hər bir azərbaycanlı fəal iştirak etməli, öz imkanı daxilində milli ideologiyamızın təbliğinə fayda verməlidir.


Sevindiricidir ki, hər ötən il bu məsələdə əhəmiyyətli irəliləyişlər müşahidə edilməkdədir. Buna nümunə olaraq cəmi bir neçə gün bundan öncə 27 Sentyabr – Anım Günü ilə bağlı respublikamıızn bir çox bölgəsində iş adamları tərəfindən müxtəlif tədbirlərin keçirilməsini, ehsan süfrələrinin verilməsini qeyd etmək olar. Cari ilin 27 sentyabr tarixində Novxanı məscidində ( https://moderator.az/az/ekskluziv/1025548/novxanida-27-sentyabr-anim-gunu-ile-elaqedar-sehid-mezarlari-ziyaret-olunub-ehsan-sufresi-verilib/?fbclid=IwY2xjawUspbJleHRuA2FlbQIxMQBwZG9mAXNydGMGYXBwX2lkEDIyMjAzOTE3ODgyMDA4OTIAAR5jlf9RFu2_Ze8piSjEROA8uW6c0Ta6ci07Te7Vg5qBZe314jSJ6xCfbZ7s8A_aem_oKN0WSvlcufDT4yGya_O1g), Binəqədi “Gənclər şəhərciyində” (https://moderator.az/az/ekskluziv/1025784/bineqedide-27-sentyabr-anim-gunu-ile-bali-ehsan-sufresi-verilib/?fbclid=IwY2xjawUsnn9leHRuA2FlbQIxMQBwZG9mAXNydGMGYXBwX2lkEDIyMjAzOTE3ODgyMDA4OTIAAR7OhN0AjCYgOpeRBePc_G83wI989NALwZ7c9CTn8BqZOrS1_r_jifWqBxcOxA_aem_NIcshcvGRmMTKz8P3pKH-g ) müxtəlif iş adamlarının təşəbbüsü ilə ehsan süfrələrinin təşkil edilməsi, bu tədbirlərdə yüzlərlə şəhid ailə üzvlərinin, veteranların, həssas kateqoriyadan olan digər insanların iştirakı buna nümunədir. Şəhid ailələrinə göstərilən bu qayğıkeş münasibət həmin tədbirlərdə iştirak edən, bu tədbirlərə şahidlik edən hər kəsdə - uşaq, yeniyetmə və gənclərdə şəhid anlayışının müqəddəsliyinə, vətən amilinin önəminə sevgini artırır, onları şüurunda özünə dərindən yer edir. Şəhid ailələrinə olan bu münasibəti müşahidə edən hər bir yeniyetmə və gənc başa düşür ki, nə dövlət, nə də xalq onun müdafiəsinə qalxan, öz həyatını vətənin təhlükəsizliyinə qurban verən insanları unutmur, şəhidləri yad etməklə yanaşı, onların ailələrinə də sahib çıxır, bu ailələrin bütün problemlərinin həllinə xüsusi həssaslıqla yanaşır.



Şəhid ailələrinə qayğı ideoloji işi mücərrəd anlayış olmaqdan çıxarır, bu məfhuma görünürlük, konkretlik qazandırır. Habelə, ideoloji işi hər kəs üçün əlçatan edir.


Prezidentin Qurultaydakı çıxışından sonra əminliklə demək olar ki, yaxın gələcəkdə ölkəmizdə ideoloji işin müasir və daha praktik formada təşkilinə şahid olacaq, bu məsələdə daha çox vətəndaşımızın aktivliyini müşahidə edəcəyik.


Seymur ƏLİYEV