“Gün keçdi” filmi ilə bağlı maraqlı məqam ortaya çıxıb. Belə ki, filmdə Oqtay rolunu oynayan Həsən Məmmədovun istifadə etdiyi eynək xüsusilə tamaşaçının yaddaşında qalıb. Bu eynək tanınmış kinorejissor Nicat Feyzullayevin olub. Eynək kiçik detal olsa da etiraf edək ki, Həsən Məmmədovun obrazına əlavə xarizma qatıb.
Nicat Feyzullayevin oğlu Aqşin Mirfeyzullazadə bildirib ki, atası həmin filmdə rejissor köməkçisi işləyib:
“ “Gün keçdi” filmini görkəmli rejissorumuz Arif Babayev lentə alıb. O da, atam da İçərişəhərli olublar və bir-birlərinin xətrini çox istəyiblər. Atam Arif müəllimin sənətinin vurğunu olub. Atam da o dövr üçün həm yaxşı geyinib-keçinib, həm də müxtəlif aksesuarlardan istifadə edib. O belə əşyaların həvəskarı idi. O eynək də həmin illərdə dəbdə idi. Çəkiliş məkanına da elə həmin eynəklə gəlib-gedib. Arif müəllim görüb bəyənib və fikirləşib ki, Həsən Məmmədov memar rolundadırsa, bu eynək ona çox yaraşacaq. Həqiqətən də bu eynək onun simasına da, obrazına da xüsusi xarakter verib” deyə o bildirib.
Qeyd edək ki, “Gün keçdi” filminin senarisini Anar yazıb. Filmdə Əsmər rolunu isə aktrisa Leyla Şıxlinskaya canlandırıb.