“34 ildir ki, bambuk bağını salmışam. Amma bu bağ belə böyük deyildi. İldən-ilə böyütdüm. Bizdə o vaxt çayçılıq savxozları var idi. Bambukların kökü də 1959-cu ildə Batumidən gətirilib, orada basdırılıb. Bambukun vətəni Çindir. Görünür ki, Çinin iqlimi Lənkəran iqlimi ilə eynidir”.


Bunu Moderator.az-a açıqlamasında Lənkəran rayonu, Haftoni qəsəbəsi, Talışlı kənd sakini Eynulla Calalov deyib.






O daha sonra əlavə edib:


“Azərbaycanda bambuk ağacından əşyalar hazırlayan yeganə sənətkaram. Bambuk o vaxt bahalı qiymətə satılırdı. Mən də ağaclardan müxtəlif əşyalar hazırlayırdım. Sənətkar olduğuma görə sonra düşündüm ki, niyə bambukdan əşyalar hazırlamayım ki?! Birinci dəfə iki kreslo, bir stul hazırladım və sərgiyə çıxartdım. Çoxlarının marağına səbəb oldu. Sonra başladılar maraqlanmağa.. Sonradan mebel sifarişləri də alırdım” deyə o bildirib.


Eynulla Calalov bambuk ağacının özəlliyindən də danışıb:


“Bitkinin toxumu 5 ildən sonra cücərir. 27 metr hündürlüyə qədər qalxır, 45 il sonra toxum verir. Çinlilər bu ağacı “Həyat ağacı” adlandırır. Kənardan gəlib baxırlar, istəyirlər belə bir bağ salsınlar. Amma əlbəttə ki, çətindir. Çünki bambuk ağacı ona qulluğu xoşlayır. Bu bağ istər yerli, istərsə də əcnəbi turistlərin də diqqətini cəlb edir. Hər dəfə Lənkərana gələndə mütləq gəlib bağa baş çəkirlər” deyə o bildirib.


Eynulla Calalov deyir ki, iki oğlu var və bağı onlara miras qoyacaq:


“İki oğlum var, mənimlə yaşayırlar. Sabah mən həyatda olmasam bu bağ onlara qalacaq. Övladlarım da gözəl əşyalar düzəldirlər. Məndən də yaxşı hazırlayırlar” deyə o bildirib.