"Keçmiş əmək və sosial müdafiə naziri Səlim Müslümov tələbələrə CM-nin korrupsiya ilə bağlı 4 maddəsi üzrə dərs keçəcək?.."
- 7 CÜMLƏDƏ 7 DƏRD...-
Engels adına qalxozun ferma müdiri Fətiş kişi deyir ki, bu deputat Vüqar Bayramov o biri deputat Musa Quliyevlə bir yerdə 44 günlük müharibədən sonra müharibə veteranlarının 80 manatlıq təqaüdünün artırılacağıya bağlı düz 5 il yalan danışdığından onun maaş və pensiya artımı haqda danışdıqlarına da inanmır..
*** *** ***
Elm və Təhsil naziri bir müddət əvvəl keçirilən tədbirdə sertifikasiya imtahanlarında tələb olunan keçid balını toplaya bilməyən 10 minə yaxın müəllimlə əmək müqaviləsinə xitam verilməsindən sanki son 25 ilin “təhsil islahatları”nın ən böyük uğuru kimi qürurla danışdı...
*** *** ***
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Allahın haram buyurduğu araqdan 72 saxtasını Şamaxıda “Şirvangöl”də üzə çıxarıb- indi maraqlıdır, Şeyxülislamla “bozbaş” mollalarının qəzəbi içkiyə olacaq, yoxsa onu saxtalaşdırıb satanlara?..
*** *** ***
Fermerlər hələ 2024–2025-ci illərdə pambığı əkdi, becərdi, təhvil verdi, amma pulunu ala bilmədilər — “pambıqla baş kəsmək” belə bir şeydirsə, Salyanda pambığın başı çoxdan kəsilib, fermerin də ümidləri...
*** *** ***
Kürdəmir toyunda 23 uşaq daxil 92 nəfər, Sumqayıt məktəbində isə 21 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya üz tutub – deyəsən, Azərbaycanda “qida təhlükəsizliyi” deyəndə təhlükəsiz olan yalnız qidanın adı qalıb.
*** *** ***
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov özü şəxsən Saatlı rayonunun Fətəlikənd kəndində kombaynın sükanı arxasına keçərək pambıq yığıb - yəqin, Kapitalist Əməyi Qəhrəmanı adını almaq istəyir...
*** *** ***
Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başladığı deyilən, əsasən korrupsiya cinayətlərinə görə 13 ay + 5 illik sınaq müddəti keçmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru Səlim Müslümov, yəqin, bu dəfə həbs yox, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələri üzrə xəbərdən iti sürətlə zindana “uçmaq”la bağlı özünün 5 ildən çox keçdiyi dərsi keçəcək:
-Xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə – Maddə 179.4
-Ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – Maddə 308.2
- Təkrar rüşvət alma – Maddə 311.3.2
-Külli miqdarda rüşvət alma – Maddə 311.3.3
Sultan Laçın