"Moskvanın bu olaydan yararlanıb revanşistlər vasitəsilə sərhədlərdə gərginlik yaratmaq cəhdi mümkündür...”
03 Oct 2026, 14:44 28 baxış 8 dəq oxuma
“Hesab etmirəm ki, hansısa komandirimiz bu qədər texniki imkanları bir kənara buraxıb təhkimində olan təcrübəsiz bir əsgəri kəşfiyyata yollasın...”
“Bütün hallarda Sisyanda əsir düşən Azərbaycan əsgərinin kəşfiyyat məqsədilə düşmən evinə getmədiyi ortadadır. Ortada duyğusallıq halı varsa, bunu böyütməyin bir anlamı yoxdur və...”
Xəbər verildiyi kimi, Laçın rayonundan bir əsgərimiz Ermənistan ərazisinə keçib və oktyabrın 1-də Zəngəzur mahalının Sisyan bölgəsindəki Şəki kəndində saxlanılıb. Ermənistan tərəfi əsgərin guya Şəki kəndində bir evə daxil olduğunu və ev sahibəsini ayağından yaraladığını iddia edir. Hadisənin bu hissəsi Azərbaycan dövlət qurumları tərəfindən hələlik təsdiqlənməyib. Ermənistan məhkəməsi hərbçi barəsində həbs qətimkan tədbiri seçib. Ermənistanın revanşist dairələri bu olaydan əhalidə Azərbaycana qarşı kütləvi etiraz dalğası oyatmaq üçün əllərində olan bütün KİV-də təbliğata başlayıblar.
Görəsən, Rusiyanın hakim dairələri də bu olaydan istifadə edərək öz agenturası vasitəsilə və İrəvandakı ruspərəst revanşistlərin dəstəyi ilə Sülh Sazişinin qarşısını almaq üçün Azərbaycan-Ermənistan sərhədində gərginlik yarada bilərmi?..
Mövzu ilə bağlı Moderator.az-a danışan siyasi şərhçi Heydər Oğuz Azərbaycan əsgərinin Sisyanda əsir düşməsini şəbəblərinə aydınlıq gətirərək bildirib ki, Ordu mənsubları tərəfindən bəzi müəmmalara aydınlıq gətirilmədən bu mövzu barədə mülahizələr yürütmək doğru deyil:
“Bununla belə, bəzi ehtimallardan danışmaq mümkündür. Erməni tərəfi, sözsüz ki, bu hadisəni Azərbaycan tərəfinin kəşfiyyat əməliyyatı kimi təqdim etməyə çalışacaqlar. Amma onların hadisə barədə irəli sürdüyü bəzi faktlar və arqumentlər bu mülahizəni təkzib edir. Məsələn, bildirilir ki, əsgərimiz Sisyanda bir yaşayış evinə daxil olub və orada ev sahibini ayağından bıçaqlayıb. Mənim bildiyimə görə, kəşfiyyatçılar təhlükə hesab etdikləri bir şəxsi ayağından yaralamazlar. Onu birdəfəlik susdurmaq yolunu seçərlər. Ayaqdan xəsarət yetirmək o zaman baş verər ki, tərəflər bir-biriylə hansısa məsələlərdə mübahisə edərlər və onlardan biri digərini öldürməmək, sadəcə özünə tabe etdirmək məqsədilə ayağından yaralayar. Hər halda Azərbaycan əsgəri Laçından qalxıb sadəcə hansısa məişət məsələsini mübahisələndirmək üçün Sisyana getməz və daxil olduğu düşmən evində yaşayan bir xanımı ayağından bıçaqlamaz. Bu şəxslər arasında duyğusal nələrsə olubsa, hesab edirəm ki, buna erməni tərəfi aydınlıq gətirməlidir. Bütün hallarda Sisyanda əsir düşən Azərbaycan əsgərinin kəşfiyyat məqsədilə düşmən evinə getmədiyi ortadadır. Ortada duyğusallıq halı varsa, bunu böyütməyin bir anlamı yoxdur və erməni tərəfi bizim əsgəri cəzalandırmaqdansa, öz xanımlarına sahib çıxmağı bacarmalıdırlar...”
Həmsöhbətimiz qeyd edir ki, irəli sürdüyü iddialar sadəcə versiyalardan biridir:
“Özü də ən inandırıcı versiyadır. Mən sadəcə bu versiyanı ona görə dilə gətirirəm ki, erməni iddialarının nə qədər cəfəngiyyat olduğunu nəzərə çatdırmaq istəyirəm. Mənə qalsa, Azərbaycan əsgəri yolunu azdığı üçün Ermənistan torpağına ayaq basmış ola bilər. Bilirsiniz ki, bu aylar Laçın, Kəlbəcər, o cümlədən Naxçıvanın Ermənistanla sərhədlərində dumanlı hava şəraiti mövcud olur. Təcrübəsiz əsgərlərimiz bu hava şəraitində yollarını azmış ola bilərlər. Təsadüfi deyil ki, bundan əvvəl də Naxçıvandan və Azərbaycanın digər rayonlarından əsgərlərimiz yollarını azaraq Ermənistana gedib çıxmışdılar. 2023-cü ilin aprel ayında Naxçıvanın Şahbuz rayonunda dumanlı və kəskin hava şəraitində yolu azan iki əsgərimiz Sisyanda ermənilər tərəfindən saxlanılmışdı. Sonradan aparılan incələmələr nəticəsində bu əsgərlərin həqiqətən yolunu azdıqları təsdiqlənmiş və onlar Azərbaycana qaytarılmışdılar. Eyni talesizliyin indi əsir düşən əsgərimizin də başına gəlməsi ehtimalı istisna deyil”.
Heydər Oğuz daha bir arqumentlə əsgərimizim Sisyan ərazisinə kəşfiyyat məqsədilə getməsi iddialarını rədd edir:
“Üstəlik, əsgərimizin Sisyanın Şəki kəndində əsir götürüldüyü bildirilir. Və o da vurğulanır ki, bu əsgər Laçındakı hərbi hissələrdən birində xidmət edir. Sisyanın Şəki kəndi Laçından xeyli aralıdır. Şahbuzun Biçənək aşırımının isə tam altındadır. Məntiqlə oraya kəşfiyyatçı göndərmək niyyətimiz olsaydı, biz onu Laçından yox, Şahbuzdan göndərərdik. O başqa məsələdir ki, Sisyana və ya onun kəndlərinə kəşfiyyatçı göndərməyə belə, ehtiyac yoxdur. Azərbaycan ordusu ən müasir kəşfiyyat məlumat toplama cihazları ilə təchiz olunub. Hətta kosmosda peykimiz var. Yəqin ki, kəşfiyyat orqanlarımız Sisyan-Gorus istiqamətində istənilən məlumatı bu texnikalar vasitəsilə alırlar. Sisyana və üstəlik, onun hansısa bir kəndinə kəşfiyyatçı yollamağa da ehtiyacımız yoxdur. Hesab etmirəm ki, hansısa komandirimiz bu qədər texniki imkanları bir kənara buraxıb təhkimində olan təcrübəsiz bir əsgəri kəşfiyyata yollasın”.
O ki qaldı Rusiyanın bu fürsətdən istifadə edib Azərbaycanla Ermənistan arasında onsuz da kövrək vəziyyətdə olan sülh təşəbbüslərini pozmaq ehtimalına, Heydər Oğuz Moskvanın İrəvandakı revanşist müxalif qüvvələrdən də istifadə edərək bu imkandan maksimum yararlanmağa, yəni sərhədlərdə gərginlik yaratmağa çalışacağına inanır:
“Ona görə də ermənilər sülh naminə regionumuzun ortaq düşmənlərinə təxribatlar törətmək imkanı verməməlidir. Unutmamalıdırlar ki, onların da çox əsgəri yollarını azaraq bizim tərəfə keçir və biz onları qısa müddətdə qarşı tərəfə veririk. Bənzər hadisələr sabah yenidən baş verə bilər”.
Siyasi şərhçinin fikrincə, Azərbaycan əsgərinin əsir düşdüyü məkan da olduqca həssas ərazilərdir:
“Plana əsasən, Zəngəzur dəhlizinin əsas marşrutlarından biri Gorus-Sisyan ərazisində salınacaq magistral yollardan keçəcək. Və bu, təkcə Azərbaycana və onun tərkib hissəsi olan Naxçıvana yox, həm də Ermənistana böyük gəlirlər gətirəcək. Xırda problemləri böyüdüb Cənubi Qafqazın bu potensialını yelə vermək heç İrəvana da heç nə qazandırmaya bilər”.
Bununla belə, Heydər Oğuz Azərbaycan əsgərinin Sisyana niyə getdiyini, orada hansısa erməni qadının evinə girdiyini və onun ayağına nə üçün xəsarət yetirdiyinin altında yatan müəmmaların araşdırılmasının vacibliyini də istisna etmir:
“Mümkündür ki, müxtəlif şirnikləşdirmə yolları ilə Azərbaycan əsgərləri qəsdən ermənilərin toruna salınır...”