Azərbaycanın siyasi həyatında Yeni Azərbaycan Partiyasının keçdiyi yol ölkənin müstəqillik tarixinin mühüm siyasi prosesləri ilə sıx bağlıdır. Bu baxımdan partiyanın hər bir qurultayı yalnız təşkilati məsələlərin müzakirəsi ilə məhdudlaşmır, həm də həmin dövrün siyasi reallıqlarına münasibətin ortaya qoyulduğu mühüm platforma kimi diqqət çəkir. 


Keçirilən VIII Qurultay isə Azərbaycanın son illərdə qazandığı tarixi nəticələrdən sonra baş tutması ilə əvvəlki qurultaylardan fərqlənən siyasi mənzərə yaradıb. Prezident İlham Əliyevin qurultaydakı çıxışı da ölkənin qarşıdakı dövrünə dair geniş baxışın ortaya qoyulduğu mühüm siyasi mesajlar sırasında yer alıb.






Bəs, VIII Qurultayın mesajlarını Azərbaycanın qarşıdakı inkişaf mərhələsi və dövlətçilik gündəliyi baxımından necə qiymətləndirmək olar?


Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Rövşən Muradov açıqlama verib. 



Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın son illərdə keçdiyi siyasi və dövlətçilik yolunun nəticələrinin, eyni zamanda qarşıdakı mərhələnin əsas vəzifələrinin sistemli şəkildə müzakirə edildiyi mühüm ictimai-siyasi hadisə oldu:


"Qurultayın başlıca xüsusiyyəti onun Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra formalaşmış yeni tarixi şəraitdə keçirilməsi ilə bağlıdır. Bu baxımdan Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər yalnız cari siyasi gündəliyin ayrı-ayrı məsələlərini deyil, təhlükəsizlikdən iqtisadi inkişafa, sosial siyasətdən beynəlxalq münasibətlərə qədər geniş istiqamətləri əhatə edən növbəti mərhələnin ümumi çərçivəsini müəyyənləşdirdi.


Yeni Azərbaycan Partiyasının keçdiyi yol müstəqil Azərbaycan dövlətinin son otuz ildən artıq tarixinin mühüm siyasi prosesləri ilə paralel inkişaf edib. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayı ölkənin dərin siyasi, iqtisadi və idarəçilik böhranı yaşadığı mürəkkəb şəraitə təsadüf etmişdi. 


Heydər Əliyevin siyasi fəaliyyətinin sonrakı mərhələsində dövlət institutlarının möhkəmləndirilməsi, daxili sabitliyin təmin olunması, iqtisadiyyatın bərpası, xarici sərmayənin cəlb edilməsi və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi.


Müstəqilliyin qorunması, iqtisadi imkanların artırılması, müdafiə potensialının gücləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasət həmin dövrdə müəyyənləşən strateji xəttin əsas elementləri sırasında yer aldı. VIII Qurultayda təhlükəsizlik məsələlərinin xüsusi yer tutması da müasir beynəlxalq şəraitlə birbaşa bağlıdır.


Ərazi bütövlüyünün bərpası Azərbaycan qarşısında yeni inkişaf imkanları açsa da, regionda və daha geniş coğrafiyada davam edən müharibələr, geosiyasi qarşıdurmalar, informasiya və kiber risklər təhlükəsizlik anlayışına daha kompleks yanaşmanı zəruri edir".


Rövşən Muradov vurğulayıb ki, bu səbəbdən müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə yanaşı, sərhədlərin müasir texnologiyalar vasitəsilə qorunması, informasiya məkanında dayanıqlığın artırılması, təhsilin keyfiyyəti və cəmiyyətin maarifləndirilməsi də dövlət təhlükəsizliyinin mühüm istiqamətləri kimi diqqətə çatdırıldı:


"Qurultayın mühüm istiqamətlərindən biri sosial-iqtisadi gündəliklə bağlı idi. Prezident İlham Əliyevin minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı açıqlaması sosial müdafiə siyasətinin qarşıdakı dövrdə də gündəlikdə qalacağını göstərir.


Bununla paralel olaraq investisiyaların genişləndirilməsi, qeyri-neft-qaz sektorunun inkişafı, enerji potensialının artırılması və Azərbaycanın tranzit imkanlarının böyüdülməsi uzunmüddətli iqtisadi dayanıqlılığın əsas istiqamətləri sırasında təqdim edildi. Ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı həm əlavə iqtisadi imkanların, həm də yeni məşğulluq potensialının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.


Xarici siyasətlə bağlı səsləndirilən tezislər Azərbaycanın müxtəlif siyasi və iqtisadi mərkəzlərlə münasibətlərini paralel şəkildə inkişaf etdirmək xəttini əks etdirirdi. Çin və ABŞ ilə qurulan strateji tərəfdaşlıq formatları, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişlənməsi, D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallığın artırılması Azərbaycanın çoxtərəfli diplomatik əlaqələrinin geniş coğrafiyasını göstərən nümunələr kimi təqdim olundu.


Qarabağ və Şərqi Zəngəzurun bərpası isə növbəti mərhələnin həm iqtisadi, həm sosial, həm də demoqrafik baxımdan xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biridir. Qurultayda verilən məlumata əsasən, bu ərazilərdə 96 min nəfər yaşayır, çalışır və təhsil alır, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib.


“Böyük Qayıdış”ın sürətləndirilməsi azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi və sosial sisteminə tam inteqrasiyası baxımından uzunmüddətli prosesdir. VIII Qurultayda müəyyənləşdirilən istiqamətlərin əsas siyasi mahiyyəti suverenliyin bərpasından sonra dövlətin qarşısında duran yeni vəzifələrin vahid inkişaf gündəliyində birləşdirilməsindədir.


Qarşıdakı dövrdə təhlükəsizliyin qorunması, iqtisadi imkanların genişləndirilməsi, sosial rifahın yüksəldilməsi, azad edilmiş ərazilərin dirçəldilməsi və beynəlxalq əlaqələrin daha da şaxələndirilməsi dövlət siyasətinin bir-birini tamamlayan istiqamətləri kimi xüsusi əhəmiyyət daşıyacaq.


Parlamentin üzərinə düşən əsas məsuliyyət isə bu proseslərin qanunvericilik təminatına, qəbul olunan qərarların səmərəli icrasına və onların vətəndaşların gündəlik həyatında real nəticələrinin formalaşmasına ardıcıl töhfə verməkdir".


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor