"“Putin yolu” layihəsi absurddur...- Buna nə Gürcüstan, nə Ermənistan razılıq verər...”
03 Oct 2026, 17:37 28 baxış 3 dəq oxuma
“Bütün bunlar sadəcə, sadəlöhv adamların başını qatmaq üçün uydurulmuş bir şeydir və bu oyunlar Kremlin öz başında da çatlayacaq...”
Xəbər verildiyi kimi, Moskvada Rusiya, Gürcüstan və Ermənistanı Qara dəniz sahili boyunca birləşdirəcək dəmir yolu və avtomobil nəqliyyatı layihəsi təqdim olunub. İlkin olaraq layihəyə “Putinin yolu” adı verilib.
Layihə sentyabrın 28-də Moskvada keçirilən “Cənubi Qafqazda nəqliyyat və logistika şəbəkələrinin inkişaf perspektivləri” adlı beynəlxalq konfransda təqdim edilib. Təşəbbüsün müəllifi Rusiyanın Kommunikasiyaların İnkişafı üzrə Milli Tədqiqat İnstitutunun (NIIRC) direktoru Vladislav Qasumyanovdur.
Konfrans Rusiya Dəmir Yolu Nəqliyyatı Elmi-Tədqiqat İnstitutu, İrəvan Dövlət Universitetinin Rusşünaslıq Mərkəzi və Şərqşünaslıq İnstitutunun Rusiya-Ermənistan münasibətlərinin öyrənilməsi mərkəzinin birgə təşəbbüsü ilə keçirilib.
Qafqaz analitiklərinin fikrincə, “Putin yolu” təşəbbüsü Moskvanın Cənubi Qafqazda təsir imkanlarını qorumağa yönəlmiş siyasi və geo-siyasi addımlarından biri kimi qiymətləndirilə bilər.
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli aşağıdakıları dilə gətirib:
“Hesab edirəm ki, bu layihənin heç bir dəyəri və perspektivi yoxdur. İkincisi, artıq Putinin özü də, ölkəsi də tükənib. Rusiyada milli məsələlərlə bağlı ixtişaşlar, əhalinin yoxsulluq ucbatından ayağa qalxması və s. və i. gözlənilir. Belə bir durumda, bundan sonra hansı layihə qurmaq olar, hansı yol çəkmək olar?
Bütün bunlar sadəcə, sadəlöhv adamların başını qatmaq üçün uydurulmuş bir şeydir və bu oyunlar Kremlin öz başında da çatlayacaq.
Üçüncüsü də, sözsüz ki, bu layihəyə istər Gürcüstan, istərsə də Ermənistan razılıq verməyəcək. Artıq hər kəs müstəqil siyasət yürütmək istəyir. Kremlin, Putinin dalınca heç kəs getmək istəmir. Artıq onların qatarı çoxdan gedib. Və tarixin yaşanmış, keçilmiş fazasını heç kəs geri qaytara bilməz. Bu, heç cür mümkün deyil...
Bu gün hansısa “Putin yolu” layihəsi uydurmaq və onun dalınca getmək ağılsızlıqdır. Çünki Putin yolu imperiya yoludur, işğalçılıq yoludur, diktatura yoludur.
Bilirsiz, belə məsələlər o qədər absurddur ki, onlar haqda danışmaq, mülahizə yürütməyə vaxt da sərf etmək istəmirsən...”