Qətərin paytaxtı Doha şəhərində “Müqəddəs və bəşəri elm: yetkin bəşəri elmə doğru” mövzusunda ikinci beynəlxalq elmi konfrans öz işinə başlayıb. Dünyanın 9 fərqli ölkəsindən olan tanınmış alim və ekspertləri bir araya gətirən tədbirdə Qurani-Kərimin elmi biliklərin təşviqində və bəşəriyyətin tərəqqisindəki fundamental rolu geniş şəkildə müzakirə olunur.
 




Moderator.az beynəlxalq İslam və Türkiyə media qaynaqlarına istinadən xəbər verir ki, konfrans çərçivəsində paralel olaraq Qətər Universiteti ilə İslam İşləri və Vəqflər Nazirliyinin birgə təşkilatçılığı ilə “Ümmətin Kitabları” (Kitab Al Ummah) forumu da fəaliyyət göstərir.

"Quran İslam sivilizasiyasının sarsılmaz bünövrəsidir..."
 
Tədbirin rəsmi açılışında çıxış edən Qətər Universitetinin Şəriət və İslam Elmləri Kollecinin dekanı İbrahim ibn Abdulla əl-Ensari bu irəliləyişi elm sahəsində uğurlu bir əməkdaşlıq nümunəsi kimi qiymətləndirib. Dekan öz çıxışında müqəddəs kitabın tarixi missiyasına toxunub:
 
"Quran tarix boyu İslam sivilizasiyasının əsas bünövrəsi, elm adamları üçün tükənməz ilham mənbəyi rolunu oynamış və bir çox elm sahələrinin inkişafına birbaşa töhfə vermişdir. Bu gün müsəlmanların elmə olan marağını yenidən canlandırmaq və ümmətin qlobal elm sahəsindəki payını artırmaq üçün ilahi vəhylərlə müasir elmlər arasındakı əlaqələri daha da möhkəmləndirməliyik."
 
2000 araşdırma işindən yalnız 17-si seçilib...

Humanitar və Sosial Elmlər Mərkəzinin direktoru Bədran Benlahsen isə konfransın əsas hədəflərindən birinin müxtəlif elm sahələrini öz mənəvi, etik və humanitar məqsədləri ilə yenidən bağlamaq olduğunu bildirib.
 
Təşkilat komitəsinə fəlsəfə, dilçilik, hüquq və politologiya istiqamətləri üzrə 2000-ə yaxın elmi araşdırma işi təqdim edilib. Lakin çox ciddi elmi süzgəcdən və qiymətləndirmədən sonra onlardan yalnız 17 ən uğurlu tədqiqat işi konfransın panellərində təqdim olunmaq üçün seçilib.
 
Türkiyə və Qətər elmi dairələrinin ortaq rəyinə görə, bu beynəlxalq konfrans müasir dövrün çağırışları fonunda İslam dünyasında elmi intibahın yenidən canlanması və gənc nəslin elmə yönəlməsi baxımından mühüm qlobal platformadır.
 
Sultan Laçın