Artıq bəzi məktəblər qızları hicabla məktəbə buraxmırlar. Tutaq ki, söhbət 14 yaşlı qızdan gedir. Həmin qız da hicabsız məktəbə getməməkdə israrlıdır. Nə baş verəcək?
İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsinə əsasən təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Bu maddə valideynə tətbiq edilə bilərmi? O halda edilə bilər ki, qızını hicabsız halda məktəbə məhz valideyn buraxmır.
Amma ola bilər ki, valideyn qızına deyir ki, hicabını çıxar və məktəbə get, lakin qız etiraz edir. Bu halda nə baş verəcək? Valideynin məsuliyyətindən söhbət gedə bilməz artıq. Çünki onun təqsiri yoxdur. Nə etməlidir ki: hicabı zorla çıxarıb qızını döyə-döyə məktəbə gətirməlidir? Olmaz! Buna görə valideyn hətta cinayət məsuliyyətinə də cəlb oluna bilər.
Bəs dövlət nə edə bilər bu halda? Ya qızın məktəbə hicablı getməsinə razılıq verməlidir, ya da qızın təhsilsiz qalması ilə barışmalıdır.
Belə çıxır ki, bu halda inanclı qızlarımız təhsilsiz qalacaq. Əsas problem də məhz budur. Bundan doğan problem isə həmin qızların bundan sonra dövlətə olacaq münasibətləridir...
Hardasa ibtidai sinif şagirdlərinə münasibətdə bu cür qadağaları əsaslandırmaq olar: balacadır, hicabı könüllü deyil, valideynin təsiri ilə bağlayıb və s. Lakin 10 yaşınadək uşağın müəyyən dünyagörüşü formalaşır. Təsadüfi deyil ki, qanunvericiliyimizə görə 10 yaşlı uşaq valideynləri boşanarkən hansının yanında qalmaq istədiyinə dair fikrini məhkəməyə bildirə bilər. 14 yaşından isə uşaq cinayət məsuliyyətinə cəlb olunur.
1990-cı ildə 20 yanvar faciəsi baş verəndə heç 13 yaşım tamam olmamışdı. Pioner qalstukumu çıxarmışdım, dərsləri (hətta riyaziyyat dərslərimi də) siyasi meydana çevirərək SSRİ-nin əleyhinə çıxışlar edirdim (rus bölməsində oxuyurdum, müəllimlərimin də çoxu rus idi), inşalarımda belə fürsət tapıb SSRİ-ni və ordusunu yıxıb-sürüyürdüm. Valideynlərimi çağırıb tələb edirdilər ki, buna son qoyum. Amma valideynlərim də öhdəmdən gələ bilmirdilər – davam edirdim. Bir sözlə, dünyaya baxışlarım var idi. Yeri gəlmişkən, həmin dövrdə ateist idim və çağdaş ateistlərimiz kimi problemlərimizin kökünü İslamda, ərəblərdə və s. görürdüm. Bəzi ateistlər uşağın ateist olmasına təəccüblənirlər, sanki ateist olmaq hansısa istedad tələb edir, ateizm də bir inancdır, vəssalam. Alimlər arasında da inanclılar var, savadsızlar arasında isə ateistlər var. Yəni bu, təhsil, elm məsələsi deyil.
Müasir uşaqlar isə bizdən də gözüaçıqdırlar. Ən azı ona görə ki, onlar üçün informasiya daha əlçatandır. Bəs onda niyə kimsə düşünür ki, uşaq könüllü olaraq özünü müsəlman hesab edərək hicab bağlaya bilməz? Bilər və bu onun üçün çox prinsipial məsələ ola bilər. Hicab müsəlman xanımın mütləq geyim formasıdır. Bunun da təhsilin dünyəvliyinə heç bir zərəri yoxdur. Dünyəvilik ateizm demək deyil. Yox, əgər sözügedən qadağanın tərəfdarları bunu dünyəvilik deyil, islamofobiya və ateizm niyyəti ilə edirlərsə, bunu açıq desinlər. Necə olur ki, ABŞ-da, Avropada (bəyənmədiyimiz Fransa istisna olmaqla), İsraildə və s. hicabı dünyəviliyə təhlükə görmürlər, amma biz görürük?..
P.S. Azərbaycan üçün bu gün bir nömrəli problem demoqrafiyadır. Boşanmalar kəskin artır, doğum göstəricisi sürətlə azalır. Bu minvalla əsrin sonunadək o qədər azala bilərik ki, yurdumuz başqalarına qismət ola bilər. Ailə institutunun qorunması üçün dini dəyərlər olduqca vacibdir. Təsadüfi deyil ki, Qərbdə sağçı qüvvələr güclənir və onlar ailə dəyərlərinə qayıtmağa çağırışlar edirlər.
Əkrəm Həsənov
Hüquqşünas, vəkil