Supermarketlərdə gündəlik istifadə olunan bəzi əşyalar bakteriya və mikrobların yayılması üçün əlverişli mühit yarada bilər. Alış-veriş arabaları, soyuducu tutacaqları, təkrar istifadə olunan çantalar və zədələnmiş qida qablaşdırmaları xüsusilə diqqət tələb edir.


Moderator.az “ScienceDaily” nəşrinə istinadla xəbər verir ki, alış-veriş arabalarının tutacaqları çoxsaylı insanların təması səbəbindən mikroblarla çirklənə bilər. Araşdırmalara əsasən, bu səthlərdə bağırsaq, sidik yolları və tənəffüs sistemi infeksiyaları ilə əlaqəli bakteriyalar aşkar edilib. Buna görə də tutacaqları dezinfeksiyaedici salfetlərlə təmizləmək tövsiyə olunur.






Soyuducu və dondurucu qapılarının tutacaqları da tez-tez toxunulan səthlər sırasındadır. Onları mütəmadi təmizləmək, alış-veriş zamanı isə gigiyena qaydalarına riayət etmək vacibdir.


Təkrar istifadə olunan parça çantalar da unudulmamalıdır. Bu çantalar, xüsusilə çiy ət və tez xarab olan məhsullar daşındıqda, çirklənə bilər. Onların müntəzəm yuyulması və təmiz saxlanılması tövsiyə edilir.


Dondurulmuş qidaların qablaşdırılmasına da diqqət yetirmək lazımdır. Qablaşdırma cırılıbsa və ya möhürü zədələnibsə, məhsulu almaqdan çəkinmək daha məqsədəuyğundur. Zədələnmiş qablaşdırma qidanın çirklənməsi riskini artıra bilər.