“Təhsil bir nömrəli prioritetdir, bəs niyə “Ali təhsil haqqında qanun” 10 ildən çoxdur ki, qəbul edilmir...”
“...Problem “Ali təhsil haqqında” qanunun gecikməsində deyil, problem prioritetin idarəetmə mexanizminə çevrilməməsindədir. Çünki dövlət siyasətində prioritetlik sözlə müəyyənləşmir...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, dosent İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsildə təşkilati və dövlət maraqları niyə toqquşur?..” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
"Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov mediaya açıqlamasında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasına V çağırışda başlanıldığını, prosesin müxtəlif tərəflərin maraqları səbəbindən mürəkkəb olduğunu, son nöqtənin nə vaxt qoyulacağının bəlli olmadığını bildirib. O, konkret olaraq Elm və Təhsil Nazirliyini, universitetləri və Nazirlər Kabinetinin tənzimlədiyi məsələləri tərəflər arasında fərqli maraqlar kimi qeyd edib.
Məlum olduğu kimi, Prezident İlham Əliyev 26 sentyabr 2026-cı ildə “ təhsil bir nömrəli prioritetdir” deyib. Daha sonra isə “hazırlıqlı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə nail olmağın mümkün deyil” söyləyib.
Bu iki faktı müqayisə edəndə ortalığa yeni bir sual çıxır.
Təhsil bir nömrəli prioritetdirsə, niyə ali təhsil haqqında qanun illərlə qəbul edilmir?
Dövlətin prioriteti ilə ayrı-ayrı qurumların maraqları toqquşanda hansı üstün gəlməlidir?
MM Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı son açıqlamasının ciddi müzakirəsinə ehtiyacı var. Onun sözlərinə görə, layihənin hazırlanmasına V çağırışda başlanılıb, indi isə VII çağırışdır və bu iş hələ də davam edir. Komitə sədri gecikmənin səbəblərindən biri kimi müxtəlif tərəflərin fərqli maraqlarının olmasını göstərir: ETN, universitetlər və digər dövlət qurumlarının layihə ilə bağlı fərqli mövqeləri var. Burada problem qanunun niyə gec hazırlanmasında deyil.
Təhsil dövlət üçün “bir nömrəli prioritetdir”sə, onda bu prioriteti həyata keçirməli olan qurumların maraqları niyə bu prioritetin reallaşmasını 10 il ləngidir?..
Bu, artıq hüquqi-texniki məsələ deyil, daha ciddi problemdir.
“Müxtəlif maraqlar”ın olması mümkündür, problem bu maraqların niyə uzlaşdırılmamasındadır. Problem hansı marağın üstün hüquqi prinsipə çevrilməsidir.
Əgər dövlətin strateji marağı “insan kapitalının inkişafı və rəqabətqabiliyyətli ali təhsil sistemi”dirsə, qanun bu strateji məqsədə xidmət edən təşkilarti balans yaratmalıdır.
Dövlət marağı nədir? Bu sualın cavabı dəqiq müəyyənləşdirilməsə, “milli maraq”, “dövlət marağı”, “qurumun marağı” və “menecerlərin marağı” bir-birinə qarışa bilər.
Ali təhsil baxımından dövlət marağı ən azı bunları əhatə etməlidir: rəqabətqabiliyyətli insan kapitalı, keyfiyyətli ali təhsil, güclü elm- tədqiqat, innovasiya, əmək bazarına uyğun kadr hazırlığı, akademik və maliyyə səmərəliliyi, beynəlxalq rəqabət qabiliyyəti, sosial ədalət, dövlət vəsaitlərinin səmərəli istifadəsi, milli təhlükəsizlik və uzunmüddətli inkişaf...
2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da insan kapitalının inkişafı, nəticələrə görə cavabdeh və şəffaf idarəetmə, dövlət-biznes tərəfdaşlığı, ali təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, ali təhsil müəssisələrinə daha geniş akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi kimi məqsədlər müəyyən edilmişdi. Deməli, strateji istiqamət əslində xeyli əvvəldən müəyyənləşdirilib.
Bəs niyə bu strategiyanın ali təhsil sahəsində hüquqi arxitekturasının yaradılması bu qədər ləngidi?
Məmurun təşkilati marağı dövlət marağından fərqlənə bilərmi? Bəli, təşkilati səviyyədə belə risk mümkündür. Təşkilati maraqla dövlətin uzunmüddətli strateji marağı arasında uyğunsuzluq yarana bilər. Məsələn: bir qurum daha çox səlahiyyət istəyir, digər qurum isə bu səlahiyyəti vermək istəmir. Universitet daha çox muxtariyyət istəyir, tənzimləyici qurum nəzarətin zəifləməsindən ehtiyat edir. Bir tərəf çevik idarəetmə istəyir, digər tərəf mərkəzləşdirilmiş nəzarəti üstün tutur. Bir tərəf maliyyə azadlığı istəyir, digər tərəf hesabatlılığın necə təmin ediləcəyini soruşur. Bütün bunlar real müzakirələrdir. Lakin dövlət idarəçiliyinin əsas funksiyası məhz müxtəlif maraqları dövlətin strateji məqsədi ətrafında uzlaşdırmaq. Əgər bu uzlaşdırma mexanizmi işləmirsə, qərarvermə prosesi sonsuz müzakirəyə çevrilə bilər, necə ki, “Təhsil haqqında qanun”, “Ali təhsil haqqında qanun”un hər biri 12-13 il müzakirə edildi. Ölkədə təhsil islahatları getdiyi dönəmdə, onun hüquqi bazası olan müvafiq qanunların on illərlərlə parlamentdə müzakirəsi nonsesdir...
“Hamının marağı var” arqumentinin qərarsızlığa çevrilməsi...
“Müxtəlif tərəflərin maraqları var” izahdır. Amma bu izah, yekun qərarın niyə illərlə uzadılmasının cavabı deyil. Çünki qanunvericilik prosesinin mahiyyəti məhz müxtəlif maraqlar arasında balans yaratmaqdır. Əgər maraqlar eyni olsaydı, qanun hazırlamaq asan olardı. Qanunvericiliyə ehtiyac da məhz ona görə yaranır ki, cəmiyyətdə müxtəlif maraqlar mövcuddur. Deməli maraqların müxtəlifliyi qanunun gecikməsinin səbəbi deyil. Problem bu maraqları uzlaşdıracaq qərarvermə mexanizminin zəifliyindədir. Bu fərqi görməliyik.
“Təhsil bir nömrəli prioritetdir” fikrinin idarəetmə mənası...
Əgər təhsil həqiqətən bir nömrəli prioritetdirsə, bu yalnız siyasi bəyanat kimi qalmamalıdır. “Prioritet” sözünün idarəetmə dilində konkret nəticələri olmalıdır. Prioritetlik daha sürətli qərarvermə, daha aydın məsuliyyət, daha çox təşkilati koordinasiya, daha ölçülə bilən nəticələr, həm də gecikməyə görə hesabatlılıq deməkdir. Əks halda “prioritet” sadəcə yüksək səviyyəli siyasi ifadə olaraq qalır...
Əgər qanun 10 il hazırlanırsa, sistem nə itirir? Ən böyük itki vaxtdır, amma təkcə vaxt deyil…
Ali təhsil sürətlə dəyişir. Süni intellekt universitet modelini dəyişir. Rəqəmsal transformasiya idarəetməni dəyişir. Əmək bazarı yeni səriştələr tələb edir. Universitetlərin beynəlxalq rəqabəti artır. Tədqiqat və innovasiyanın rolu yüksəlir. Akademik mobillik genişlənir. Yeni universitet modelləri yaranır. Belə bir dövrdə hüquqi çərçivənin uzun müddət qeyri-müəyyən qalması sistemin çevikliyinə təsir edə bilər.
Bu gün hazırlanmış qanun da beş il sonra yenidən nəzərdən keçirilə bilər. Ona görə “elə qanun hazırlayaq ki, sonra dəyişməsin” fikri real deyil. Komitə sədri layihənin mümkün qədər uzunömürlü və keyfiyyətli olması zərurətini vurğulayıb, lakin XXI əsrdə yaxşı qanunun xüsusiyyəti onun heç vaxt dəyişməməsində deyil. Əslində yaxşı qanun dəyişən şəraitə uyğunlaşa bilən hüquqi çərçivə yaratmalıdır…
Əsas məsələ heç qanunun qəbul edilməməsi də deyil. Burada daha köklü problemlər var. Tutaq ki, “Ali təhsil haqqında” qanun sabah qəbul edildi. Bəs sonra nə olacaq? Nə dəyişəcək. Bu qanunun təsdiqi təhsili avtiomatik olaraq prioritet edəcəkmi?..
“Ali təhsil haqqında” qanun sanki, yol hərəkət qanunudur. Yol hərəkət qanunu olmasa, yollarda qəza halları çoxalar, tıxaclar yaranar v.s. Eyni ilə də “Ali təhsil haqqında” qanunu tətbiq etmək üçün də “yol” lazımdır, bizim halda bu “yol” ali təhsilin inkişafı üçün strateji yol xəritəsidir. Varmı bizdə ali təhsilə dair Strateji Yol Xəritəsi (SYX) və ya hər hansı strategiya, inkişaf proqamı, dövlət proqramı?..
Əgər “Ali təhsil haqqında” qanunun icrası üçün keyfiyyətli strategiya, SYX yoxdursa, inkişaf proqramları hazırlanmayıbsa, konkret məsul qurumlar, müddətlər, maliyyə mexanizmləri, KPI-lər, monitorinq, təşkilati və ictimai hesabatlılıq, universitetlərin məsuliyyəti, tənzimləyicinin məsuliyyəti konkret müəyyən edilməyibsə, yeni qanun da əvvəlki normativ sənədlər kimi elə kağız üzərində qala bilər…
Yeri gəlmişkən, “Təhsil Qanunu” da yarımçıq icra edilir (ən azından təhsilin distant forması haqqında bənd 2009-cu ildə qanuna daxil edilsə də, bu sahədə əlavə hüquqi normativ baza yaradılmayıb, ETN tərəfindən real heç bir iş görülməyib), 2013-cü ildə qəbul edilən təhsil strategiyası, 2022-2026-cı illər üzrə icra edilən inkişaf strategiyasının təhsilə dair bəndləri də yarımçıq icra edilib.
Deməli, məsələ heç də bu qanun nə vaxt qəbul ediləcəyi deyil, problem həm də qəbul edilən qanunun sabah necə işləməsi, müvafiq icra hakimiyyətinin səmərəli fəaliyyəti ilə əlaqədardır...
Dövlət marağı ilə qurumların təşkilati marağının sərhədi harada çəkilməlidir?..
Qurum öz marağını müdafiə edə bilər, amma həmin marağın dövlətin strateji məqsədinə uyğunluğunu düzgün əsaslandırmalıdır. Məsələn, universitet muxtariyyət istəyirsə, izah etməlidir ki, bu muxtariyyət hansı nəticəni yaxşılaşdıracaq? ETN nəzarət istəyirsə, izah etməlidir ki, bu nəzarət hansı keyfiyyət problemini həll edəcəkdir? Nazirlər Kabineti müəyyən səlahiyyəti özündə saxlamaq istəyirsə, əsaslandırmalıdır ki, mərkəzləşdirilmiş qərarvermə hansı ictimai nəticəni yaxşılaşdırır? Parlament hansısa normanı qəbul edirsə, izah etməlidir ki, bu norma Azərbaycan ali təhsili 2035-ci hansı hədəfə çatdıracaq? Bu yanaşmada mübahisə “kim nə istəyir?” səviyyəsindən çıxır…
Kim nə istəyir və bunun dövlətə, tələbəyə, universitetə və cəmiyyətə ölçülə bilən faydası nədir?
Təhsil prioritetdirsə, təhsil idarəsində fərqli prinsip lazımdır: təhsildə heç bir təşkilati maraq ölkənin uzunmüddətli insan kapitalı marağından üstün ola bilməz.
Bu prinsip nə ETN-ə, nə universitetə, nə parlamentə yönəli deyil. Əksinə, bütün qurumların üzərinə eyni məsuliyyət qoyur. Universitetin, nazirliyin, parlamentin və digər dövlət qurumlarının fəaliyyətinin səmərəsi bu suala verilən cavabla təyin edilə bilər: Azərbaycanın insan kapitalını daha sürətli, keyfiyyətli və rəqabətqabiliyyətli edə bildikmi?..
Əgər yüksək səviyyədə “təhsil bir nömrəli prioritetdir” deyilirsə, parlamentin komitə sədrinin “müxtəlif tərəflərin müxtəlif maraqları var” və “qanun layihəsinin son nöqtəsinin nə vaxt qoyulacağı bəlli deyil” deməsi anlaşılan deyil.
Əgər dövlətin strateji prioriteti məlumdursa, müxtəlif təşkilati və korporativ maraqlar həmin prioritetə tabe etdirilməlidir. Əgər hansısa təşkilati maraq dövlətin uzunmüddətli məqsədinə mane olursa, onda məsələ “kimin marağı daha güclüdür” kimi olmamalıdır. Məsələ bu marağın dövlətin insan kapitalı strategiyasına xidmət edib-etməməsindədir…
Digər problem budur ki, təhsil bir nömrəli prioritet olduğu halda, bu prioriteti həyata keçirən qurumlar, öz maraqları ilə dövlət maraqları arasında yarana bilən konfliktlərin həll mexanizmləri varmı? Əgər bu mexanizmlər yoxdursa, ya da işlək deyilsə, onda problem “Ali təhsil haqqında” qanunun gecikməsində deyil, problem prioritetin idarəetmə mexanizminə çevrilməməsindədir. Çünki dövlət siyasətində prioritetlik sözlə müəyyənləşmir. Prioritetlik zəruri resurs, səlahiyyət, vaxt, məsuliyyət və nəticə ilə müəyyənləşir. Ona görə də Azərbaycan ali təhsilinin qarşısında duran mühüm məsələ bu qanunun nə vaxt qəbul ediləcəyi deyil, təhsilin bir nömrəli prioritet olması üçün dövlətin ilk növbədə bu prioriteti müxtəlif təşkilati maraqlardan üstün tutacaq səmərəli qərarvermə və hesabatlılıq sistemi qurmasıdır. Məhz bu sistemin vaxtında və düzgün qurulması, ali təhsildə növbəti onilliyin taleyini müəyyən edəcəkdir, əks halda, “hazırlıqlı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün deyil” (Prezident İlham Əliyev)...
Müəllif:
Dosent İlham Əhmədov