Moderator.az xəbər verir ki, 9 oktyabr tarixində Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasında Azərbaycan Rəssamlar İttifaqının və UNESCO Beynəlxalq İncəsənət Assosiasiyasının üzvü Mehriban Alışovanın əsərlərindən ibarət "Azərbaycan: təbiətin palitrası" adlı sərginin açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyi, Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu və Meksika Deputatlar Palatasının Mədəniyyət və Kinematoqrafiya Komissiyasının birgə təşkilatçılığı ilə keçirilmiş sərgidə M.Alışovanın Azərbaycanın zəngin flora və faunasını təsvir edən əsərləri nümayiş olunub.





Tədbirdə çıxış edən Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev mədəniyyətin xalqları bir-birinə yaxınlaşdıran mühüm vasitələrdən biri olduğunu, bu baxımdan, belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, iki ölkə arasında təsviri incəsənət sahəsində əlaqələr, vaxtilə Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin Meksikanın dünya şöhrətli rəssamı David Alfaro Sikeyros ilə dostluq əlaqələrinin mövcudluğu, Meksika rəssamlıq ənənələrinin onun yaradıcılığına təsiri, habelə ölkəmizdə Meksikanın tanınmış rəssamları Frida Kalo və Dieqo Riveranın yaradıcılığına göstərilən maraq barədə məlumat verib. Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ilə Səfirlik arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi mədəniyyət sahəsində tədbirlərin təşkili yüksək qiymətləndirilib.

Daha sonra çıxış edən Dostluq Qrupunun sədri deputat Dulse Mariya Korina Viyyeqas Azərbaycanla Dostluq Qrupunun Deputatlar Palatasında ən fəal qruplardan biri kimi tanındığını xüsusi qeyd edib. Mədəniyyətin xalqların irs və dəyərlərini qarşılıqlı şəkildə tanımağa imkan yaratdığını, bu sahədə tədbirlərin əhəmiyyətini vurğulayıb:

“Bu gün dünyagörüşünü bölüşən rəssam Mehriban Alışovanın varlığını, istedadını, təcrübəsini və peşəkar yolunu yüksək qiymətləndiririk və ona yerinə yetirdiyi o möhtəşəm işi bizə göstərdiyinə görə təşəkkür edirik”.

Xanım deputat Azərbaycanın Meksikadakı səfiri haqda da danışıb:
 
“Azərbaycan Respublikasının Meksikadakı səfiri Seymur Fətəliyev ölkəmizə qədəm qoyduğu andan parlament diplomatiyasının inkişafına heç kim etmədiyi qədər böyük töhfə vermişdir”.

Açılış mərasimində sərginin kuratoru qismində çıxış edən meksikalı rəssam Karol Qoddard M.Alışovanın yaradıcılığını yüksək qiymətləndirib, rəsmlərdə istifadə olunan rəng çalarlarının rəssamın daxili dünyasının zənginliyini əks etdirdiyini bildirib:
 
“Bu əsərlərin keyfiyyətinə, zəngin rəngarəngliyinə və rənglərdən bacarıqlı istifadəyə, yaxşı düşünülmüş və tarzalaşdırılmış kompozisiyalara, sərbəst ştrixlərə, rəsm ustalığına, hərəkətə, aydın estetik elementlərə və sənət yoluna nəzər salarkən, onların bəxş etdiyi sevinci, təravəti, ahəngdarlığı və  əhval-ruhiyyəni hiss etməmək mümkün deyil” deyə o bildirib.

M.Alışova öz çıxışında Meksikada Azərbaycan mədəniyyətini təmsil etməkdən qürur duyduğunu bildirib. Bu sərginin təkcə sənət əsərlərinin nümayişi olmadığını, həm də iki xalq arasında mədəni əlaqələrin inkişafına töhfə verən və onları birləşdirən körpü rolunu oynadığını vurğulayıb:

“Meksika ilə Azərbaycan arasında rəssamlıq sahəsində ilk mədəni körpünü hələ 1959-cu ildə Xalq rəssamı Elbəy Rzaquliyev qurub. O məşhur meksikalı rəssam və muralist David Alfaro Sikeyros ilə tanış olmuş və dostluq etmişdir. Meksika Parlamentinin, Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin, Meksika-Azərbaycan Dostluq Qrupunun, Mədəniyyət və Kinematoqrafiya Komissiyasının təşkilatçılığı ilə keçirilən bu möhtəşəm sərgidə iştirak etmək, Azərbaycan incəsənətini Meksikada təmsil etmək mənim üçün böyük şərəf və qürurverici bir hadisədir. Bilirsiniz ki, Meksikanın Deputatlar Palatasında mənim əsərlərimdən ibarət “Azərbaycan: Təbiətin palitrası” adlı sərgimin açılışı oldu. Azərbaycan incəsənəti üçün olduqca əlamətdar olan bu mədəni hadisəyə həqiqətən də ürəkdən sevinirəm və bütün təşkilatçılara öz təşəkkürümü bildirirəm. Yaşasın və var olsun Meksika ilə Azərbaycan dostluğu! Tədbirdə Meksika Deputatlar Palatasının üzvləri, ölkədə akkreditə olunmuş səfirlər və diplomatik korpusun təmsilçiləri, yerli mətbuat nümayəndələri iştirak edirdi. Meksika parlamentinin xanım deputatı Dulse Mariya Korina Viyeqqas əsərlərim haqda deyirdi ki, “O qədər qayğılarımız olur ki, ətrafımızdakı gözəllikləri görə bilmirik, amma Mehriban xanımın əsərlərindən təbiətin ətri gəlir”. Meksika parlamentində sərginin açılışı Azərbaycan qadınının uğurudur. Bu bir növ qadınlarımıza motivasiyadır ki, onlar ruhdan düşməsinlər” deyə Mehriban Alışova bildirib.