Müsahibimiz Ədalət partiyasının sədri Mütəllim Rəhimlidir. O həm də Bakı Avrasiya Universitetinin dosenti və fakultə dekanıdır. Onunla son günlər geniş müzakirə mövzusuna çevrilən məktəbli forması və hicabın yeri haqqında danışdıq.
 




- Mütəllim müəllim, hazırda orta təhsil müəssisələrində məktəbli forması məsələsi geniş müzakirə olunur. Bir çoxları vahid məktəbli formasının tətbiqinin hicaba qarşı yönəlmədiyini bildirir. Siz Ədalət partiyasının sədri və ali məktəb müəllimi kimi bu məsələyə necə baxırsınız?
 
- Vahid məktəbli forması heç bir dini dəyərə, heç bir baş örtüyünə qarşı yönəlmir. Məqsəd sadəcə uşaqların məktəbdə bərabər, eyni geyimdə, sosial fərqlər və ayrı-seçkilik olmadan böyüməsidir. Məktəb uşaqların bir-birinə hörmət, dostluq və qardaşlıq öyrəndiyi yerdir. Geyim fərqləri bu mühiti pozmamalıdır. Məktəbdən kənarda isə hər kəs öz inancına və ənənəsinə uyğun geyinə bilər. Bu, dini etiqad azadlığına toxunmur.
 
- Bəzi valideynlər məktəbli qızlarının hicab taxmasını tələb edir. Siz 6-10 yaşlı qızlara zorla hicab geyindirilməsini necə qiymətləndirirsiniz?
 
- Təkcə 6-10 yaşlı uşaqlar deyil, 15-16 yaşadək olanlar hələ çox kiçikdirlər. Onlar hələ özlərini dərk etmirlər, həyat və inanc yollarının lap başlanğıcındadırlar. Belə yaşda qızlara zorla hicab geyindirmək doğru deyil. Valideynlər nəyə görə öz inanclarını məcburi şəkildə uşaqların üzərində tətbiq etməlidirlər, onları dar çərçivəyə salmalıdırlar. Bu azad, müstəqil düşüncəli insanın yetişməsinə bəri başdan qoyulmuş qadağadır. Dinimizdə də bu yaşda uşaqlara hicab taxmağa dair heç bir tələb yoxdur. İslamda hicab müəyyən yaşa çatmış, özünü dərk edən şəxslərə aiddir. Uşaqları kiçik yaşda bu cür məcburiyyətə məruz qoymaq onların psixoloji rahatlığını poza, onları qorxu və təzyiq altında böyüdə bilər. Məktəbdə isə əsas odur ki, bütün uşaqlar eyni formada, bərabər şəraitdə təhsil alsınlar.
 
- Bəs ümumilikdə məktəblərdə vahid forma ilə bağlı sizin tövsiyəniz nədir?
 
- Məktəbin öz qaydaları olmalıdır. Uşaqlar məktəbdə vahid formada geyinməlidirlər ki, heç kim zənginlik və ya yoxsulluq durumunu göstərə bilməsin, heç kim dini geyimlə digərini narahat etməsin. Bu, uşaqların psixoloji rahatlığını qoruyar, aralarında qısqanclığı və ayrı-seçkiliyi azaldar. Məktəbdən çıxandan sonra isə hər kəs öz inancını, ənənəsini, geyimini sərbəst davam etdirə bilər. Bizim arzumuz odur ki, Azərbaycanın bütün uşaqları məktəbdə bir-birinə hörmətlə, sevgi və səmimiyyətlə, heç bir ayrı-seçkilik olmadan böyüsünlər.
 
- Məktəblərdə vahid forma və qaydaların tətbiqini yalnız nizam-intizam və təhsil mühiti ilə məhdudlaşdırmaq nə dərəcədə doğrudur? Məktəblərin siyasi və dini ideoloji təsirlərdən kənarda qalması üçün vahid qaydaların tətbiqinin əhəmiyyətini necə qiymətləndirirsiniz?
 
- Orta məktəblər bəzən siyasi və ideoloji maraqların alətinə çevrilir. FETÖ-nun Türkiyədə yaratdığı məktəblər şəbəkəsi bunun ən parlaq nümunəsidir. Onlar uşaqları və gəncləri öz ideologiyasına uyğun yetişdirib, dövlət içində dövlətə qarşı bir toplum formalaşdırdılar. Nəticədə iş çevriliş təşəbbüsünə qədər gəldi, xalq və dövlət ağır zərbələr aldı, insanlar öldürüldü, iqtisadiyyat zəiflədi, cəmiyyət daxildən bölündü.
 
Bənzər nümunələri başqa yerlərdə də görmək mümkündür. Məsələn, Əfqanıstanda Talibanın nəzarətində mədrəsə şəbəkəsi gəncləri radikal ideologiyaya cəlb edib, cəmiyyətdə parçalanma və zorakılıq yaradıb. İndoneziyada isə Cəmaah İslamiyyə təşkilatı ilə bağlı radikal məktəblər zorakı əməllərin iştirakçılarını yetişdirib. Post-sovet məkanında da Hizb ut-Təhrir kimi ideoloji təşkilatlar gizli şəbəkələr vasitəsilə gənclərə təsir etməyə çalışıblar.
 
Məktəb uşaqların təhsil aldığı, vətənpərvərlik və birlik ruhunun aşılandığı yerdir. Burada siyasi və ya dini nümayişə yer olmamalıdır. İnanc və ibadət insanla Allah arasında olan şəxsi məsələdir. Əgər bu, məktəbdə nümayiş etdirilirsə, deməli, artıq başqa məqsədlər ortaya çıxır. Buraya ideoloji təsir, cəmiyyəti parçalamaq və ya dövlətə qarşı şəbəkə yaratmaq aid edilə bilər. Ona görə də məktəbdə vahid forma və qaydalar təkcə bərabərlik üçün deyil, həm də ölkənin daxili təhlükəsizliyi və uşaqların sağlam ruhda böyüməsi üçün vacibdir.