"Müasir demokratik Azərbaycan dövlətinin ideoloji əsasları XIX əsrdə formalaşmağa başlayan maarifçilik ideyaları ilə sıx bağlıdır.
Bu ideyalar XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, demokratik idarəçilik ənənələrinin təşəkkülü və 1919-cu ildə Parlamentin qərarı ilə Bakı Dövlət Universitetinin təsis edilməsi ilə yeni mərhələyə qədəm qoydu.
Bu tarixi irsin əsasını dünyəvilik, demokratiklik, sivil inkişaf və milli özünüdərk təşkil edirdi. Bu gün də həmin prinsiplərin qorunması müasir Azərbaycan dövlətçiliyinin və təhsil sisteminin mühüm şərtlərindəndir".
Bu fikirləri Moderator.az-a açıqlamasında Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev qeyd edib.
Hikmət Quliyev əlavə edib ki, məktəbin vəzifəsi yalnız bilik vermək deyil, həm də şəxsiyyət yetişdirməkdir:
"Təhsilalanlarda müstəqil düşüncə, hüquqa hörmət, ictimai məsuliyyət və fərqli baxışlara dözümlü münasibət formalaşdırmaq dünyəvi təhsilin əsas məqsədlərindəndir. Milli-mənəvi dəyərlərə bağlılıqla müasir dünyagörüşü bir-birini tamamlamalıdır.
Milli mədəni yaddaşımız da bu yanaşmanı dəstəkləyən mənalarla zəngindir. “Kitabi-Dədə Qorqud” dastanında Dirsə xanın xatunu müdrikliyi, Banuçiçək iradəsi və fəallığı ilə seçilir.
“Koroğlu” dastanında Nigar xanım mənəvi nüfuzu və mühakimə qabiliyyəti ilə diqqəti cəlb edir. Bu obrazlar qadının dəyərinin yalnız zahiri görünüşlə deyil, onun düşüncəsi, iradəsi və mənəvi keyfiyyətləri ilə ölçüldüyünü göstərir. Dini etiqada hörmət də insanları geyimlərinə görə mühakimə etməmək, onların ləyaqətini qorumaqla uzlaşmalıdır.
Vahid məktəbli geyimi məsələsi də dünyəvi təhsil və ümumi məktəb qaydaları kontekstində dəyərləndirilməlidir. Qanunla müəyyən edilmiş geyim qaydalarına riayət etmək, təhsil sisteminin dünyəvi xarakterini qorumaq və məktəbdə bütün şagirdlərə bərabər yanaşmaq vacibdir.
Belə həssas məsələlərin ictimai müzakirəsində manipulyativ çağırışlara, dini duyğulardan siyasi məqsədlərlə istifadəyə və cəmiyyətdə süni qarşıdurma yaratmaq cəhdlərinə qarşı ayıq olmaq lazımdır. Məlumatları yoxlamadan yaymaq, emosional çağırışların təsiri altına düşmək ictimai etimada zərər verə bilər.
Xarici dövlətlərin və onların təsir dairəsində fəaliyyət göstərən informasiya strukturlarının mümkün təsir cəhdlərinə münasibətdə də tənqidi düşüncə və informasiya sayıqlığı nümayiş etdirilməlidir:
İnanıram ki, Azərbaycanın gələcəyi milli-mənəvi dəyərlərini qoruyan, dünyəvi təhsil prinsiplərinə hörmət edən, müstəqil düşünən və dövlətçilik məsuliyyətini dərk edən şəxsiyyətlərin yetişdirilməsindən asılıdır".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor
Parlament müxbiri